AZ

İran batır: Su ehtiyatlarının azalması qədim şəhərləri təhlükə altında qoyur

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Qədim Fars imperiyasının mərasim paytaxtı olan Persepolisdəki oyma daş pilləkənlər və sütunlar 2,500 ildir ki, möhkəm dayanıb, lakin indi Dünya İrs Siyahısına daxil edilmiş bu ərazinin ətrafındakı torpaq çökməyə başlayıb.

Terras bərk qaya üzərində inşa olunub. Onun bəzi hissələri cəmi bir neçə millimetr tərpənə bilər. Lakin bu kövrək qədim daş tikililəri əhatə edən yüngül meyilli düzənliklər vaxtilə axan suların gətirdiyi çöküntülərlə formalaşıb və indi hər il yüzlərlə millimetr batır.

Marvdasht düzənliyinin torpağı - Terrasdan cəmi yarım kilometr və başqa bir tarixi yer olan Naqş-e Rüstəmdən cəmi 10 metr məsafədə parçalanmağa başlayıb və bu çatlar getdikcə genişlənir.

Almaniyanın Leybnits universitetinin Fotoqrammetriya və Geoinformasiya İnstitutundan Dr. Mahmud Haqşənas Haqiqi deyir:

"Persepolis və Naqş-e Rüstəmin yaxınlığında torpaq çatları var və biz bunları torpaq çökmə fərqləri (yəni torpağın müxtəlif yerlərdə fərqli sürətlə batması) ilə əlaqələndirə bilərik".

"Persepolislə bağlı mediada çatlar və digər zədələnmə əlamətləri barədə xəbərlər görmüşəm, lakin əhatəli bir tədqiqat olmadan bunları birbaşa çökmə fərqləri ilə əlaqələndirmək mümkün deyil. Teras dağın ətəyində nisbətən sabit geoloji təbəqə üzərində yerləşir".

Möhtəşəm xarabalıqlar

UNESCO 1979-cu ildə Persepolisi Ümumdünya İrs Siyahısına daxil edib.

UNESCO bildirir ki, onun "möhtəşəm xarabalıqları" "dünyanın ən böyük arxeoloji abidələri" sırasındadır.

"Memarlıq, şəhərsalma, tikinti texnologiyası və incəsənət sahələrində Axameni (Fars) dövrünün incisi kimi tanınan Persepolis şahlıq şəhəri, bənzəri olmayan və qədim sivilizasiyaya unikal şahidlik edən arxeoloji abidələr sırasındadır".

Bu sivilizasiya sonradan Fars imperiyasına çevrilmiş və tez-tez dünyanın ilk supergücü kimi təsvir edilən bir dövlət olmuşdur.

Ən qüdrətli dövründə bu imperiya qərbdə Liviyada, şərqdə Hindistana qədər geniş bir ərazini idarə edirdi.

İranın Dünya İrs Siyahısına daxil olan 28 tarixi abidəsinin bir çoxu da torpağın batdığı ərazilərə yaxındır. Bunlara Pasargad - Fars imperiyasının ilk paytaxtı və Yəzd kimi tarixi şəhərlər daxildir.

Rəsmilər, həmçinin İsfahan şəhəri boyunca torpaq çökməsi risklərini vurğulayıblar. Burada Dünya İrs Siyahısına daxil edilmiş körpülər və məscidlər çökmə zonalarının kənarında yerləşir.

Bundan əlavə, 2021-ci ildə Dünya İrs Siyahısına daxil edilmiş 1,394 km-lik Transiran dəmir yolu bir neçə çökmə hövzəsindən keçir və bu da onu relslərin deformasiyasına qarşı həssas edir.

Zamanla yarış

Torpaq çökməsi yavaş baş verir və onu hiss etmək çətin ola bilər , ta ki, çatlar divarları və bünövrələri parçalayana qədər.

Tədqiqatçılar radar texnologiyasından istifadə edir və zamanla çəkilmiş görüntüləri müqayisə edirlər.

Leybnits Universitetinin nəzdindəki GFZ Helmholtz Geologiya Mərkəzindən professor Mehdi Motagh deyir:

"Bu texnologiya Yer səthindəki çox incə dəyişiklikləri bir neçə millimetrə qədər ölçə bilir".

Onun komandası Persepolis və Naqş-e Rüstəm ətrafında torpaq çökməsinin dərinliyində narahatedici fərqlər müşahidə edir.

Naqş-e Rüstəmdə olduğu kimi birbaşa əhəngdaşına oyulmuş abidələr hələlik sabit qalsa da, yaxınlıqdakı düzənlik sürətlə batır.

Prof. Motagh bildirir:

"Qaya üzərindəki irs ərazisi ilə düzənlik arasındakı sərhəddə yer dəyişməsində iri çatlara və torpaq yarıqlarına səbəb olan böyük fərqlər müşahidə edirik".

"Bəzi yerlərdə artıq geri dönməz ziyan baş verib, biz [Naqş-e Rüstəmdəki] Zərdüştün Kəbəsinin içindən keçən bir çat gördük və bu, abidəyə zərər verib".

Prof. Motagh əlavə edir ki, digər ərazilərin nə vaxt zərər görəcəyini yalnız yerində ətraflı qiymətləndirmə göstərə bilər. Amma o xəbərdarlıq edir:

"Bu, mütləq bir gün baş verəcək".

Tükənmiş qrunt suları

"İranda torpaq çökməsinin əsas səbəbi yeraltı suların həddindən artıq istismarıdır. Bu, həm torpağın batmasına, həm də səhralaşmaya səbəb olur," deyə professor Mehdi Motagh bildirir.

Yeraltı su təbəqələri - akviferlərdən çoxlu miqdarda su çəkildikdə, torpaq sıxılır və səth batır. Bu proses çox vaxt geri dönməz olur.

Quraqlıq və daha isti hava şəraiti vəziyyəti daha da pisləşdirir, çünki yerə qayıdan suyun miqdarı azalır.

İran isə yeraltı su ehtiyatlarını ən sürətlə itirən ölkələrdən biridir.

Onilliklər ərzində İran təbiətin verdiyindən daha çox su istifadə edib: əvvəlcə çaylar və su anbarları tükənib, sonra isə yeraltı su ehtiyatlarına üz tutulub.

İranda yeraltı suların 1970-ci illərdən bəri həddindən artıq istismarı müşahidə olunur.

Bəzi hesablamalara görə, ehtiyatların 70 faizdən çoxu tükənib.

Beynəlxalq Yeraltı Su Ehtiyatlarının Qiymətləndirilməsi Mərkəzindən (IGRAC) Andrew Pearson deyir:

"Bir neçə elmi araşdırma göstərir ki, İran dünyada yeraltı su ehtiyatlarını ən çox tükədən ölkələr sırasındadır".

"İranda su istifadəsinin təxminən 90 faizi kənd təsərrüfatına gedir və quraqlıqla daha da ağırlaşan həddindən artıq istismar bu tükənmənin əsas səbəbidir".

Təsir yalnız tarixi abidələrlə məhdudlaşmır.

Son milli təhlil göstərib ki, İranın təxminən 56,000 kvadrat kilometrlik ərazisində - bu, ölkənin 3.5 faizini təşkil edir - ölçülə bilən torpaq çökməsi müşahidə olunur.

Son onilliklərdə Tehranın bəzi bölgələri hər il təxminən 25 sm batıb.

Nəhəng püstə bağları ilə tanınan Rafsancan şəhərində isə həddindən artıq istismar səbəbilə hər il təxminən 300 milyon kubmetr yeraltı su ehtiyatı itirilir.

Torpaq batdıqca yollar, kanallar və boru xətləri əyilir və deformasiyaya uğrayır, bu da bahalı infrastruktur problemlərinə səbəb olur.

Yalnız İranmı?

İranın vəziyyəti ifratdır, lakin tək deyil.

Meksika şəhəri, İndoneziyanın paytaxtı Cakarta və Kaliforniyanın Mərkəzi Vadisi kimi yerlərdə də bəzən ildə 100 mm-ə qədər torpaq çökməsi qeydə alınıb.

İranı fərqləndirən isə bu prosesin sürəti, miqyası və təhlükə altında olan qədim abidələrinin çoxluğudur.

Padova Universitetindən professor Pietro Teatini deyir:

"Geoloji quruluş səbəbilə, İranda torpaq çökməsi çox vaxt yer çatları ilə müşayiət olunur - bu çatlar kilometrlərlə uzana və bir neçə metr dərinliyə çata bilər, bu da tikililər və infrastruktur üçün ciddi nəticələr doğurur."

Yaxın Şərq və Şimali Afrikanın bir çox ölkəsi, xüsusilə Misir, Səudiyyə Ərəbistanı, İsrail və işğal altındakı Fələstin əraziləri oxşar problemlərlə üzləşir.

Bu region dünyada su qıtlığının ən yüksək olduğu bölgələrdən biridir.

UNESCO İndoneziya və Vyetnam kimi ölkələrdə texniki seminarlar və hökumət nümayəndələri ilə görüşlər təşkil edib və Filippində də bu cür tədbirlər keçirməyi planlaşdırır.

Lakin İranda siyasi şərait bu cür əməkdaşlıqları məhdudlaşdırıb.

Su resurslarının idarəolunması

UNESCO-nun sözçüsü BBC News-a bildirib ki, İspaniya, Meksika, Çin və İndoneziyadan alınan dərslər göstərir ki, torpaq çökməsi baş verdikdən sonra bu proses faktiki olaraq, geri dönməz olur. Bu səbəbdən İran kimi quraq bölgələrdə dayanıqlı yeraltı su idarəçiliyi həyati əhəmiyyət daşıyır.

Mütəxəssislər su ehtiyatlarının inteqrasiya olunmuş idarə olunmasının vacibliyi ilə razıdırlar.

Lakin onlar siyasi və sosial maneələr barədə xəbərdarlıq edirlər: kənd təsərrüfatından asılı olan bölgələrdə sürətli kəsintilər ciddi təsir göstərə bilər.

"Geologiya elmini mühəndislik təcrübəsi və irs qorunması ilə birləşdirmək lazımdır", - deyə professor Motagh bildirir.

"Lakin bu, asan deyil və İran institutları ilə əməkdaşlıq xüsusilə çətin olaraq qalır".

İran yeddi il ərzində illik 45 milyard kubmetr su istehlakını azaltmağı öhdəsinə götürüb.

Bu məqsədə suyun təkrar istifadəsi, damcı suvarma və çatdırılma sistemlərinin təkmilləşdirilməsi vasitəsilə nail olunması planlaşdırılır.

Lakin bu iddialı hədəflər beynəlxalq sanksiyalar, bürokratik maneələr və investisiya çatışmazlığı səbəbindən ləngiyir.

Avqust ayında BBC News İranın Xarici İşlər Nazirliyinə, Londondakı səfirliyinə və konsulluğuna ölkənin su ehtiyatlarının idarə olunması planları ilə bağlı şərh vermək üçün müraciət edib.

Lakin nə elektron məktublara, nə də səfirliyə şəxsən çatdırılmış məktuba cavab verilməyib.

Bununla belə, dünyanın digər bölgələrində torpaq çökməsi ilə mübarizə üçün görülən tədbirlər İran üçün həm su ehtiyatlarını, həm də mədəni irsini qorumağın yollarını göstərə bilər.

1980-ci illərdə Tailandın paytaxtı Banqkokun bəzi hissələri ildə 120 mm qədər çökürdü.

Lakin hökumət su çıxarılmasına limitlər, qiymət tənzimləmələri və monitorinq tətbiq etdikdən sonra yeraltı su səviyyəsi yüksəldi və 2000-ci illərdə bir çox ərazilərdə çökmə ildə 10–20 mm və ya daha az səviyyəyə düşdü.

"Bu, sehirli çubuq deyil, amma göstərir ki, siyasət işləyir", - deyə cənab Pearson bildirir.

Seçilən
149
bbc.com

1Mənbələr