«Turan Tovuz» iki məşqçisinə töhmət verib. Saytımız bu barədə klubdan məlumat əldə edib.
Ehtiram Quliyevin başında dayandığı rəhbərlik yaydığımız xəbərdən sonra hərəkətə gəlib və addım atıb. Düşərgədən yaşanan qalmanqalın mətbuata çıxması üzündən olayın üstünü ört-basdır eləməyin mümkün olmadığını anlayan yönətim Nizami Ocaqverdiyevlə Ruslan Məmmədovu cəzalandırmaq məcburiyyətində qalıb.
Bir daha xatırladırıq ki, Əvəzedicilər Liqasında ev oyunlarını Gəncədə keçirən «dubl»un baş məşqçisi Nizami Ocaqverdiyev köməkçisi Ruslan Məmmədovla dalaşıb.
«Neftçi» ilə oyundan sonra ikilinin sözlü mübahisəsi təhqirə keçib. Tərəflər əməlli-başlı əlbəyaxa davaya qalxıb. Onları sakitləşdirmək və bir-birindən aralamaq çətinlik yaradıb.
Yaxınlıqda yerləşən binada yaşayan sakinlər və ətrafdan keçən şəxslər Ocaqverdiyevlə Məmmədovu güclə sakitləşdirib.
Klubda işləyənlərin bildirdiyinə görə, hadisə rəhbərliyi möhkəm narahat edib. İdman direktoru Səməd Nəsibov olayı araşdırıb.
«Turan Tovuz»da fəaliyyət göstərən azsaylı təcrübəli kadrlardan biri olan S.Nəsibov dava-dalaşın motivini aydınlaşdırıb və N.Ocaqverdiyevin haqlı olduğunu müəyyənləşdirib.
O, R.Məmmədovu danlayıb və iş yerini dəyişib. Sonuncu bundan sonra akademiyada çalışacaq.
Saytımız artıq olayın motivi ilə tanışdır. Redaksiyamıza məlum olub ki, hər şey R.Məmmədovun avtomobilinin stadionun ərazisinə buraxılmamasından başlayıb.
O, maşınının icarə keçirməsinə icazə alması üçün baş məşqçidən kömək istəyib. Ocaqverdiyev cavabında özünün də bəzən bu problemlə üzləşdiyini deyib.
Onun dedikləri köməkçisini qane etməyib. Məmmədov matçın gedişində bir neçə dəfə Ocaqverdiyevə atmaca atıb,
90 dəqiqənin bitməsini gözləyən çalışdırıcı final fitinin ardından «əl-qolunu çırmalayıb».
Bu olaya görə dalaşanların hər ikisi izahat yazmalı olub. Nəticədə baş məşqçi və yardımçısına töhmət elan edilib, onlara cərimələnəcəkləri barədə məlumat verilib.
Hadisə günlərdən bəridir mətbuatın diqqət mərkəzindədir. Biz rəsmi münasibət öyrənmək üçün dəfələrlə kluba müraciət etmişik. Mətbuat xidməti 3-4 gündür bizimlə «qaçdı-tutdu» oynayır. Hər dəfə bir bəhanəylə rəhbərliyin mövqeyi ilə saytımızı tanış etməkdən yayınır. Görünür, özləri də utanırlar və saytımızın sorğusunu cavablandırmağa üzləri yoxdur…
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta