"Bəzi insanlara qarşı hörmətimi itirmişəm, onlarla salamlaşmayacam da. Vəssalam. Məncə, bunu özləri də anlayırlar.
İlk 9 turda müntəzəm olaraq oynayırdım, startdan sona qədər. Amma sonra məşqçi heyəti dəyişdi və bununla birlikdə mənə qarşı münasibət də dəyişdi" bu fikirləri mətbuata açıqlamasında "Neftçi"dən ayrılığı barədə danışarkən Ramil Şeydayev səsləndirib.
Təbii ki, söhbətin baş məşqçi Samir Abasovdan getməsi sirr deyil.
Bəs Şeydayevin çalışdırıcıdan inciməyə haqqı varmı?
29 yaşlı hücumçu Roman Qriqorçukun təkidi ilə kluba transfer edilmişdi. İlk 9 turda sərasər meydanda olması bundan qaynaqlanırdı. O isə həmin 810 dəqiqədə yalnız 2 qolla yadda qalmışdı. Biri "Səbail"lə heç-heçə bitən (1:1) görüşə, digəri isə "Kəpəz" önündə məğlubiyyətin (3:4) qeydə alındığı matça təsadüf edirdi. Ramilin qolları ciddi bir işə yaramamışdı.
Komanda isə nəinki bu iki qarşılaşmada, hətta digər 7 oyunda da qələbə qazana bilməmişdi.
Deməli, ilk 9 turda əvəzedilməz rolunda qalması heç də əla performans göstərməsinə görə deyildi. Azarkeşlərin onun ünvanına kəskin etirazlar səsləndirməsi də boşuna deyildi. Çünki milyonluq futbolçunun meydandakı varlığı ilə yoxluğu bilinmirdi.
Məntiqli olaraq Abasov isə ilk oyunundaca Şeydayevi ehtiyatda saxladı.
O da "Səbail"ə qarşı təsadüf edən həmin görüşdə ehtiyatdan oyuna daxil olub, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı.
Yaxşı performansın mükafatı olaraq Abasov sonrakı 5 görüşdən 4-də onu 90 dəqiqə meydanda saxladı. Nəticə sıfır! Nə qol vura bildi, nə də məhsuldar ötürməsi oldu. İtirdiyi topların sayı isə nə qədər desəniz.
Şeydayevin ehtiyat oyunçuya çevrilməsi bundan sonra başladı.
Daha futbolçunun dediyi kimi, bir anda başvermədi.
Ramil ya olanları unudub, ya da ağ yalan danışır.
Bunu biz yox, yuxarıda sadaladığımız faktlar deyir.
XANOĞLN / SPORTİNFO.AZ