AZ

Elektron siqaret beyin inkişafını ləngidir - Uzaq durun

Gələcəyin və sağlamlığın ən böyük təhlükələrindən biri sayılan elektron siqaretlərin istifadəsi sürətlə yayılmağa davam edir. Xüsusilə gənclər arasında populyarlaşan bu məhsullar ciddi sağlamlıq riski yaradır.

E-saglam.az xəbər verir ki, Ankara Universiteti Göğüs Xəstəlikləri kafedrasının müəllimi, professor Fatma Arslan, elektron siqaretin az tanınan zərərli təsirlərini belə açıqlayıb:

“Bu gün elektron siqaret adi siqaretin yerini alıb. Gənclər artıq qoxu yayan və tüstü çıxaran köhnə tip siqaretlərdənsə, şık dizayna malik, aromalı və zərəri azaldılmış kimi təqdim olunan bu məhsullara üstünlük verirlər".

Nikotin tərkibi və asılılıq riski:

Professorun sözlərinə görə, bəzi məhsullarda “nikotinsiz” olduğu iddia olunsa da, aparılan araşdırmalar nəticəsində onların tərkibində nikotin aşkar edilib.

“Siqareti tərgitmək məqsədilə alınan bu məhsullar əksinə, asılılıq yaradır və insanı yenidən siqaretə yönəldir. Gənclərdə isə nikotin, beyin inkişafını mənfi təsirə məruz qoyur,” – deyə o bildirib.

Ağciyərlərə ciddi zərər vurur:

Elektron siqaretin içindəki maye buxarı çox sürətlə qana keçərək orqanizmə yayılır. Bu vəziyyət, EVALI (elektron siqaret istifadəsinə bağlı ağciyər zədələnməsi) adlanan ciddi bir xəstəliyə səbəb olur.

“Bu xəstəliklərlə bağlı bir çox pasiyent reanimasiya şöbəsində müalicə olunur. Gənclər daha çox istifadə etdikləri üçün bu hallara əsasən onlarda rast gəlirik. Onlarda qəfil nəfəs darlığı, öskürək, ağciyər qanaması və tənəffüs çatışmazlığı ilə müşayiət olunan ağciyər zədələnmələri baş verir. Dünyada bu səbəbdən ölüm hallarına da rast gəlinib. Xüsusi bir müalicə üsulu yoxdur; sadəcə oksigen dəstəyi və antibiotiklər tətbiq olunur,” – deyə Arslan vurğulayıb.

Ətrafdakılar üçün də təhlükə mənbəyidir:

Professor Arslan əlavə edib ki, elektron siqaretlər qapalı məkanlarda, hətta körpələrin yanında belə istifadə olunur:

“Bu cihazların çıxardığı buxar havada uzun müddət qalır, sabunla təmizlənmir və ətrafdakılara zərər verəcək səviyyədə kimyəvi maddələrin yayılmasına səbəb olur".

Mütəxəssislər bildirirlər ki, elektron siqaretin təhlükəsiz olduğu barədə yayılan fikirlər yanlışdır. Onlar həm asılılıq yaradır, həm də beyin və ağciyər kimi həyati vacib orqanlara geri dönməz zədələr vurur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
6
e-saglam.az

1Mənbələr