AZ

Silahlıların hücumu nəticəsində minlərlə insan Nigeriyadan Kameruna qaçıb

Qahirə, 4 oktyabr, AZƏRTAC

“Boko Haram” silahlı qruplaşmasının Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatının Kirava şəhərinə hücumu nəticəsində minlərlə sakin qonşu Kameruna qaçıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu silahlı dəstələrə qarşı mübarizə aparan yerli qüvvələrin komandiri Ömər Ari oktyabrın 3-də açıqlamasında bildirib.

Qeyd olunub ki, onlarla “Boko Haram” silahlısı ötən gecə Kamerunla sərhəddə yerləşən Kirava şəhərinə hücum edib və məqsədləri şəhəri ələ keçirmək olub. Hücum nəticəsində sakinlərin evləri yandırılıb, təxminən beş min nəfər şəhəri tərk etmək məcburiyyətində qalıb.

“Kirava İnkişaf Cəmiyyəti”nin rəhbəri və yerli icra nümayəndəsi Yaqub Əli isə əlavə edib ki, şəhərdən qaçanların üç min nəfəri çayı keçərək Kameruna sığınıb, qalanları isə yaxın kəndlərə üz tutublar.

Borno ştatı və ümumilikdə Nigeriyanın şimal-şərqi vaxtaşırı “Boko Haram”ın hücumlarına məruz qalır. 2014-cü ildə qruplaşma Qouza şəhərini ələ keçirsə də, Nigeriya ordusu Çad ordusunun dəstəyi ilə şəhəri geri qaytara bilib.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
1
1
azertag.az

2Mənbələr