AZ

44 günlük müharibənin ilk həftəsində İsrail... Sensasion iddia

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Suqovuşan qəsəbəsi və Talış kəndinin işğaldan azad edilməsinin 5 illiyində sosial şəbəkələrdə tirajlanan bir iddia diqqət çəkir. Bildirilir ki, 44 günlük müharibənin ilk həftəsi çox ağır keçib. Ermənistanın Rusiya və başqa havadarlarının köməyi ilə Qarabağda qurduğu çoxqatlı müdafiə xətlərini keçmək çətinləşib. Deyilənə görə, hətta “Bayraktar”lar da bəzi istiqamətlərdə effekt verməyib. İddia edilir ki, bu məqamda Azərbaycan İsraildən xüsusi sistemlər alıb və onlar vasitəsilə ermənilərin bütün radioelektron müdafiə, radar və HHM sistemlərinin yeri, tipi və xarakteristikası müəyyən edilərək sıradan çıxarılıb.

Bu iddialar nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, bu ərazilərin işğaldan azad olunması ən mürəkkəb əməliyyatlardan biri olub, çünki Qarabağda yeddiqat istehkamlar və minalanmış əraziləri var idi:

“Bəzi dairələr dezinformasiyalar yayırlar ki, guya Türkiyədən alınan “Bayraktar”lar işə yaramayıb. Təbii ki, biz Türkiyə və İsraildən müasir silahlar, pilotsuz uçuş aparatları (PUA), kamikadze tipli PUA-lar alırdıq. Amma döyüş cəbhəsində qazandığımız tarixi uğurlar ilk növbədə Azərbaycan əsgəri və zabitinin qəhrəmanlığı ilə mümkün oldu. Erməni əsgərinə də eyni silah verilsəydi, eyni qəhramanlığı göstərə bilməyəcəkdi. Çünki onlar öz torpaqlarında deyil, yad olan Azərbaycan ərazilərində döyüşürdülər.

Elman Nəsirov

Döyüş boyu heç bir Azərbaycan əsgəri erməni əhalisini və ya mülki obyektləri hədəf almadı; amma belə çirkin addımları Ermənistan silahlı qüvvələri həyata keçirdi. Gəncə və Bərdə şəhərində baş verənlər buna nümunədir.

Kimlərinsə Azərbaycan əsgərinin qəhrəmanlığına kölgə salmaq cəhdi xain niyyətdən irəli gəlir. Ölkəmizin uğurlarını gözü götürməməkdən qaynaqlanır. Tarixi zəfərlərimizin kökündə duran əsas səbəb yenilməz ordumuzun qəhrəmanlığıdır. Bu ordunun komandiri müzəffər Prezidentin sərkərdəlik qabiliyyəti ilə bağlıdır. Azərbaycan xalqının öz ordusunun və Prezidentinin yanında olması da mühüm rol oynayıb”.

Hərbi ekspert Səxavət Məmməd sözügedən döyüşlərin detalları ilə bağlı maraqlı məlumatları bölüşüb:

“Müharibənin ilk günlərində, xüsusilə Suqovuşan istiqamətində — şimal cəbhəsində vəziyyət çox ağır idi. Azərbaycanın xüsusi təyinatlılarının iki taboru məhz Murov istiqamətində döyüşlər aparırdı. Burada əməliyyat çox ağır keçdi. Ona görə də qoşunları buradan çəkərək cənub istiqamətinə göndərdilər. Suqovuşan istiqamətində Birinci Ordu Korpusu əməliyyatlar keçirdi. Suqovuşanın azad olunmasında aviasiya, dronlar və ya hansısa texniki vasitələrdən daha çox, Azərbaycan quru qoşunlarının əməyi rol oynadı. Təxminən 4 tabor 7 tabora qarşı döyüşdü. Orada manevrlər edirdilər. Azərbaycan Ordusu bu ərazini birbaşa, üzbəüz döyüşlə almayıb. Birinci Ordu Korpusu Suqovuşanı təxminən 15 km-dən artıq məsafə qət edərək düşmənin arxasından gələrək buraya gəlib.

Səxavət Məmməd

Burada dronların və digər vasitələrin elə də ciddi əhəmiyyəti olmayıb. Azərbaycan Ordusunda Türkiyənin “Bayraktar”ları, İsrailin “Hermes”, “Heron”, “Harop” tipli dronları vardı və müharibə vaxtı onlardan istifadə olunurdu. Suqovuşanın azad edilməsi prosesində “Bayraktar” və digər dronlardan yalnız məhdud sayda istifadə olundu; əsas güc quru qoşunlarının payına düşürdü.

Bu tip müzakirələr, yeni fantaziyalar uydurmaq və məsələyə yalnız texnologiyalar vasitəsilə izah vermək düzgün deyil. Bu əməliyyatı kifayət qədər araşdırmışam, müharibə vaxtı da elə bu istiqamətdə olmuşam. Suqovuşanın azad edilməsi prosesi Şuşanın azad edilməsi prosesi ilə oxşardır. Burada hansısa dronlar və ya hansısa ölkənin texnikası vasitəsilə azad edilmə baş verməyib. Bunu kim deyirsə, yanılır. Burada sırf Azərbaycan Ordusunun hücum taborları, kəşfiyyat bölmələri və bir neçə hərbi hissənin taborları əməliyyat aparıb. Nəticədə böyük uğur əldə edilib. Azərbaycanda ən az texnikanın istifadə olunduğu istiqamət şimal istiqaməti idi; əsas zərbə gücü və texnikadan istifadə isə cənub istiqamətində olub”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr