AZ

Rusiyada vəziyyət pisləşir, narazılıq başlayır - “Nezigar”

Rusiya federal hökuməti yaxın 3 ildə iqtisadi artımın ildə 1,3 faiz azalacağını proqnozlaşdırır. Bu, ekspertlərin fikrincə, cəmiyyətin geniş kütlələri üçün yüksək həyat keyfiyyətini təmin etməyə imkan verməyəcək. Həmçinin investisiyaların azalması, əmək haqqı artımının ləngiməsi, istehlak aktivliyinin azalması gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Nezigar” Teleqram kanalında dərc olunan məqalədə bildirilib.

“Aparılan araşdırmalara görə, ruslar Rusiya-Ukrayna münaqişəsinə ağır yük kimi baxmağa başlayıblar və hesab edirlər ki, dövlətin diqqətini daxili problemlərin, ilk növbədə, yığılmış sosial-iqtisadi problemlərin həllinə yönəldə bilməsi üçün müharibəyə mümkün qədər tez son qoymaq lazımdır. Ekspertlər isə optimist deyillər və hesab edirlər ki, münaqişə bitsə belə, büdcəni dərhal bu problemlərin həllinə yönəltmək mümkün olmayacaq”, - məqalədə vurğulanıb.

Qeyd edilib ki, son sorğulara görə, hazırda rusların 2/3-si müharibənin dayandırılmasının tərəfdarıdır, yalnız 20% müharibənin davam etdirilməsini istəyir:

“Bunlar, ilk növbədə, qısa müddətdə cəbhədə irəliləyiş əldə olunacağına ümid edən pensiyaçılardır. Qiymət artımı və əhali arasında real gəlirlərin azalması çox güman ki, 2026-cı ildə sülhə olan tələbatı artıracaq, lakin dövlət təbliğatı gücləndirməklə onu yatıra biləcək. Ruslar üçün demək olar ki, hər kəsi bezdirən əsas məsələ qiymət artımıdır. Əgər qiymət artımı ilə əhalinin real gəlirlərinin azalması davam edərsə, o zaman narazılıqlar artar”.

Məqalə müəllifləri qeyd edirlər ki, Rusiya ictimai rəyində hələ də Rusiya iqtisadiyyatının sanksiyalara uyğunlaşdığına və hətta inkişafa təkan verdiyinə inananlar çoxluq təşkil edir. Yaxın illərdə ciddi dəyişikliklər olmasa, bu baxış sarsıla bilər:

“Sanksiyaların təsiri tədricən özünü göstərir və əhalinin real gəlirlərinin azalması çox güman ki, ictimai əhval-ruhiyyənin dəyişməsində mühüm amilə çevrilməyə başlayacaq. Bütün bunlara baxmayaraq, Rusiyada ictimai rəy idarəolunan çərçivədə qalmaqda davam edəcək. Hakimiyyət hərbi xərclərin informasiya assosiasiyalarını gücləndirməyə davam edəcək və “dözmək və dözmək zərurəti” tezisini vurğulayacaq. Sosioloji araşdırmalara görə, böyük şəhərlərin sakinləri hakimiyyətə daha çox sədaqət nümayiş etdirirlər, halbuki narazılıq xüsusilə sosial cəhətdən əlverişsiz bölgələrdə artır. Artan yoxsulluq və gəlirlərin azalması fonunda ekspertlər, xüsusən də 2026-da gözlənilən parlament seçkiləri ərəfəsində etiraz əhval-ruhiyyəsinin artacağını proqnozlaşdırırlar. Bununla belə, onlar çox kiçik miqyasda olacaqlar, çünki senzura və repressiv maşın çox yaxşı işləyir. İctimai müzakirələrin əsas mövzuları iqtisadiyyatın tənəzzülü, istehlakçı fəallığının azalması, həyat keyfiyyətinin aşağı düşməsi olacaq”.

Seçilən
18
1
axar.az

2Mənbələr