AZ

Dünyanı silkələyən çağırış: 5 ölkə təşvişdə Azərbaycan da var

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəzər dənizi ilə bağlı artan SOS siqnalları beynəlxalq tribunaları da silkələməyə başlayıb. Belə ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı dənizin sürətlə kiçildiyini vurğulayıb və səbəbin təkcə iqlim dəyişikliyi olmadığını deyib. Qazaxıstan lideri Kasım-Jomart Tokayev də “ŞƏT Plus” sammitində eyni mövzuya toxunaraq dənizin ekoloji taleyi ilə bağlı çağırış edib. Ekspertlərin diqqət çəkdiyi başqa bir məqam isə Rusiya faktorudur. Bildirilir ki, Xəzərə axan əsas çayların qarşısının alınması prosesin daha da dərinləşməsinə səbəb olur.

Əsas maneə Rusiyadırmı? Ardıcıl SOS siqnalları 5 ölkəni hansı tədbirlər görməyə vadar etməlidir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, son bir neçə ildə Xəzər dənizinin səviyyəsi təxminən 1,5 metr enib:

“Bu isə su həcminin azalmasına, sahillərin geri çəkilməsinə və dayazlaşmaya səbəb olaraq ciddi ekoloji problem yaradıb. Proses belə davam etsə, yaxın 10 ildə böyük ekoloji fəlakətlə üzləşə bilərik. Bundan başqa, vəziyyət dəniz nəqliyyatına da ciddi zərər vurur. Xəzərdə tarixən qabarma-çəkilmə prosesləri müşahidə olunsa da, hazırkı vəziyyət yalnız bununla bağlı deyil. Burada əsas iki səbəb önə çıxır: iqlim dəyişiklikləri nəticəsində Xəzərə axan çaylarda sululuğun azalması və bu çayların sularının anbarlarda toplanması. Xəzəri qidalandıran əsas çaylar Volqa və Uraldır. Kür, Terek və digər çaylar isə su həcminə görə onlardan geri qalır. Xüsusilə də Rusiya ərazisində son illər tikilən su anbarları Volqadan Xəzərə axan suyun həcmini xeyli azaldıb. Bu isə vəziyyəti daha da ağırlaşdırır”.

Oqtay Qasımov

Politoloq bildirib ki, məsələ artıq dövlətlərarası səviyyədə müzakirə olunur:

“Ötən il Bakıda Azərbaycan və Rusiya prezidentləri bu barədə danışıb, lakin vəziyyət artıq BMT səviyyəsinə çıxarılıb. Problemin həlli üçün Xəzəryanı ölkələrin ciddi koordinasiyası zəruridir. Əsas diqqət dənizə axan çayların sularından istifadəyə və onların həcminin qorunmasına yönəlməlidir. Əgər insan faktorundan qaynaqlanan problemlər aradan qaldırılarsa, təbii proseslərin mənfi təsirini də müəyyən qədər azaltmaq mümkün olar”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr