AZ

HƏMAS Trampın planını qəbul etdi - Qəzzada döyüşlər dayanır

HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında müharibəni dayandırmaq təşəbbüsünə müsbət cavab verib.

Modern.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Bildirilir ki, HƏMAS vasitəçilərə rəsmi sənəd təqdim edib və Trampın sülh planını “ümumilikdə pozitiv” qiymətləndirib.

Qətərin “Al-Arabi” kanalı isə bildirib ki, sənəddə bəzi məqamlarla bağlı əlavə izah tələb olunur. Xüsusilə qeyd olunub ki, bütün israilli girovların, eləcə də həlak olanların cəsədlərinin 72 saat ərzində təhvil verilməsi real deyil. HƏMAS, həmçinin müdafiə xarakterli silahlardan imtina etməyə hazır olmadığını bildirib. “Bizim əsas məqsədimiz müharibəni və kütləvi qırğınları dayandırmaqdır”, – deyə HƏMAS-ın bəyanatında vurğulanıb.

HƏMAS-ın cavabından az sonra ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edərək İsraili dərhal bombardmanları dayandırmağa çağırıb. “İsrail dərhal Qəzzanı bombalamağı dayandırmalıdır ki, biz girovları təhlükəsiz və sürətlə azad edə bilək. Hazırda bunu etmək çox təhlükəlidir. Biz artıq detalları müzakirə edirik. Bu, yalnız Qəzza ilə bağlı deyil, Yaxın Şərqdə çoxdan gözlənilən sülhdən söhbət gedir”, – Tramp qeyd edib.

HƏMAS-ın siyasi bürosunun sədr müavini Musa Əbu-Mərzuk da çıxışında təşkilatın bütün canlı girovları azad etməyə, həlak olanların cəsədlərini təhvil verməyə və Qəzzanın idarəsini fələstinli komitəyə ötürməyə razılıq verdiyini bildirib. Onun sözlərinə görə, hərəkat Trampın təşəbbüsünü “insani və siyasi cəhətdən önəmli addım” kimi qiymətləndirir.

ABŞ-ın 29 sentyabrda təqdim etdiyi plan Qəzzada müvəqqəti xarici idarəetmənin tətbiqini, İsrail ordusunun mərhələli şəkildə çıxarılmasını, israilli girovların və fələstinli məhbusların azad edilməsini, eləcə də bölgədə yeni fələstinli komitənin formalaşmasını nəzərdə tutur. Plan İsrail və bir sıra Qərb ölkələri tərəfindən dərhal dəstəklənib. HƏMAS isə indiyədək planı müzakirə edirdi və Tramp hərəkata həftənin sonuna qədər qərar üçün son tarix təyin etmişdi.

Misirin “Al Qahera News” kanalı bildirir ki, artıq girovların və məhbusların mübadiləsi ilə bağlı ilkin hazırlıqlar başlayıb. Telekanalın məlumatına görə, misirli diplomatların vasitəçiliyi ilə fələstinli fraksiyalar arasında Qəzzanın gələcəyi barədə dialoqun keçirilməsi də gündəmdədir.

İsrail ordusunun radiosu “Qalei Tzahal” radiosu isə qeyd edir ki, İsrail hökuməti Qəzza şəhərinin nəzarətə götürülməsi əməliyyatını dayandırmağı və zolaqdakı fəaliyyətini minimuma endirməyi tapşırıb.

"Vəziyyətin qiymətləndirilməsindən və ABŞ nümayəndələri ilə müzakirələrdən sonra rəhbərlik İsrail Müdafiə Qüvvələrinə Qəzzadakı fəaliyyətini minimuma endirməyi və Zolaqda yalnız müdafiə əməliyyatları keçirməyi tapşırıb", - radiostansiya bildirib.

Elnur Əmirov

Seçilən
31
42
modern.az

10Mənbələr