AZ

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Regionda siyasi münasibətlər kəskinləşib, buna görə İran hücum gözləyir. Bununla bağlı İsraildən də sərt açıqlamalar var. Bundan əvvəl bəzi Qərb ölkələri nüvə proqramını dayandırmayacağı təqdirdə ciddi sanksiyalarla üzləşəcəyi barədə İrana xəbərdarlıq etmişdilər. Bəllidir ki, Qərb ölkələri həmrəydirlər və ortaq məxrəcə gəliblər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

“Bir sıra Qərb ölkələrinin eyni vaxtda həm İsrailə Fələstinlə bağlı təzyiq etməsi, həm də birlikdə İrana çağırış edərək nüvə danışıqlarına qayıtmağa çağırması bölgədə məsləhətləşmələrin olduğunu göstərir. ABŞ İrana qarşı addım atılacağı barədə sərt xəbərdarlıq etdi. Bundan sonra ABŞ Qətərin təhlükəsizliyi ilə bağlı xüsusi sərəncam verdi. Bu sərəncama görə, Qətərə hücum ABŞ-a hücum sayılır. Bu, Qətəri gələcəkdə İranın mümkün hücumlarından qorumağa işarə də ola bilər”, - o bildirib.

Politoloqun sözlərinə görə, İrana qarşı əməliyyat gözləniləndir:

“İran bu hücumu qəbul etməyə hazırlaşır: Rusiyadan Su-35 qırıcıları, Çindən hərbi texnika alır, İsrailin nüvə obyektləri və Müdafiə Nazirliyinə dair bəzi sirləri ictimailəşdirib. Xarici ölkələrdə də İran özünü müdafiə etmək üçün diplomatik səyləri artırır. Bu yaxınlarda Rusiya və Çinlə təmasların, həmçinin Minskə və Türkiyəyə səfərlərin artması yeni toqquşma dövründə dəstək əldə etmək məqsədi daşıyır. İran üçün önəmlidir ki, Türkiyə Qərbin yanında yer almasın və ərazisinin İrana qarşı hücumlarda istifadə olunmasına imkan verməsin. Eyni zamanda İran istəyir ki, Türkiyə potensial qarşıdurmada diplomatik, hətta logistik dəstək versin. İran üçün ən vacib məsələ təhlükəsizlikdir. Minsk səfərini də nəzərə alsaq, Belarus Rusiya ilə ittifaq dövlətidir, bu səfər eyni zamanda Rusiyaya da ünvanlanmış addımdır”.

T.Rzayev İranda müharibənin Cənubi Qafqaza da təsir göstərəcəyini vurğulayıb:

“Əvvəlki 12 günlük əməliyyatdan daha uzunmüddətli əməliyyatlar ola bilər. Eyni zamanda potensial qaçqın axınları ehtimalı var”.

Seçilən
38
3
axar.az

4Mənbələr