AZ

Trampın “misli görünməmiş cəhənnəm” xəbərdarlığına HƏMAS cavab verdi - Müharibə artıq sona çatdımı?

HƏMAS Trampın Qəzza planının bir hissəsini qəbul etdiyini, lakin əlavə danışıqlara ehtiyac olduğunu deyib.

 “Al Jazeera”nin yaydığı məlumata görə HƏMAS bəyan edib ki, ABŞ prezidenti Donald Trampın ultimatumundan sonra Qəzzada saxlanılan bütün israilli girovları azad etməyə hazırdır.

Həmçinin İsrailin Qəzzaya qarşı təxminən iki ildir davam edən müharibəsini dayandırmaq üçün Trampın irəli sürdüyü atəşkəs planının bir neçə hissəsini qəbul etdiyini, lakin bəzi məqamların əlavə müzakirələr tələb olunduğunu açıqlayıb.
Təşkilat əlavə edib ki, bu prosesin detalları ilə bağlı “vasitəçilər üzərindən dərhal danışıqlara başlamağa hazırdır”.

Məlumata görə, silahlı qrup cümə günü Trampın müharibəni dayandırmaq məqsədilə irəli sürdüyü 20 bəndlik plana yazılı cavab təqdim edib. Bu, Trampın HƏMAS-a bazar gününə qədər vaxt verməsindən bir neçə saat sonra baş verib.

Xatırladaq ki, Trampın 20 maddədən ibarət planında dərhal atəşkəsin elan olunması, Qəzzada saxlanılan bütün israilli girovların, hansı ki, onlardan 20 nəfərinin sağ olduğu ehtimal olunur – fələstinli məhbuslarla dəyişdirilməsi, beynəlxalq qurumun rəhbərliyi altında keçid hökumətinin yaradılması və HƏMAS-ın silahsızlaşdırılması tələbləri yer alıb.

Eyni zamanda, HƏMAS bəyan edib ki, planın “Qəzzanın gələcəyi və fələstin xalqının qanuni hüquqları” ilə bağlı müddəaları yalnız “milli həmrəylik və beynəlxalq hüquq normaları” əsasında həll edilə bilər.

Bu açıqlama, Trampın öz “Truth Social” platformasında yazdığı sərt mesajdan sonra gəlib. ABŞ prezidenti xəbərdarlıq edib ki, əgər bazar gününə qədər razılaşma əldə olunmazsa, onda “HƏMAS-ın üzərinə misli görünməmiş cəhənnəm odları yağacaq”.

Beləliklə, HƏMAS irəli sürülən şərtlərlə razılaşdığını açıqlayır.

Bəs bu, müharibənin artıq sona çatdığı deməkdirmi?

Jurnalist

Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə şərhçi Kənan Rövşənoğlu Musavat.com-a danışıb:

"Qısa belə demək olar ki, Həmas Tramplin planının ilk hissəsini qəbul elədi. Yəni girovlarıbazad etməyə hazır olduğunu, atəşkəs elan olunması və sülh prosesinə başlamaq hissəsi ilə razulaşıb. Bu da prezident Tramp üçün kifayət edir. İndi əsas məsələ İsrail hökumətini atəşkəsə vadar etmək və dərhal girovları azad etməyə başlamaqdır. Əlbəttə, burada açıq qalan hissələr var, onlar da yəqin ki, danışıqlar vasitəsilə həllini tapacaq".

Kənan Rövşənoğlunun fikrincə, burada prinsipial məsələ hər üç tərəfin planı qəbul etməsi və sülh prosesinin başlanması ilə bağlı iradə göstərməsidir:

"Bundan sonra əsas iş Trampın üzərinə düşür. O sülh planında olan maddələrinə icrası ilə bağlı İsrail hökumətinə təzyiq etməli və ümumilikdə planın işləməsini ABŞ hökuməti təmin etməlidir. Zahirən belə görünür ki, Qəzzanın idarəçiliyi kimi mövzular acıq qalsa da, ilkin atəşkəs razılığının olması müsbət məqamdır. Amma bir şeyi də unutmaq olmaz ki, bu hələ başlanğıcdır, qarşıda uzun proses var".

Xalidə GƏRAY
Musavat.com

Seçilən
27
50
musavat.com

10Mənbələr