AZ

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

Birləşmiş Millətlər Təşkilatının ali tribunası bir daha müasir dünyanın taleyini müəyyən edən həqiqətlərin carçısı oldu. Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın keçdiyi mürəkkəb və şərəfli yolun xronologiyası deyil, həm də beynəlxalq sistemin bugünkü durumuna, sabaha yönəlmiş baxışına, ədalətə əsaslanan yeni dünya düzəninə çağırış idi. Bu çıxış son illər Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurların, diplomatik və hərbi nailiyyətlərin, eyni zamanda postmünaqişə dövrünün vizionunun yüksək tribunadan təqdimatı kimi tarixə yazıldı. Üç onillik ərzində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı aparılan işğalçılıq siyasəti nəinki regionda sabitliyi pozmuş, eyni zamanda beynəlxalq hüquq prinsiplərinin açıq şəkildə tapdanmasına səbəb olmuşdu. Prezident Əliyev çıxışında bu dövrü təkcə işğal kimi deyil, həm də etnik təmizləmə, mədəni soyqırımı və insan haqlarının kütləvi şəkildə pozulması kimi xarakterizə etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə beynəlxalq hüququn rəsmi sənədləri kimi qalmaqda davam edirdi. Lakin bu sənədlərin illərlə kağız üzərində qalması, dünya birliyinin ikili standartlara əsaslanan passiv münasibəti Ermənistanın cəzasızlıq sindromunu daha da dərinləşdirmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan beynəlxalq hüququn 51-ci maddəsinə - özünümüdafiə hüququna əsaslanaraq suverenliyini bərpa etdi. Prezident Əliyev bunu nəinki hərbi qələbə, həm də hüquqi və mənəvi zəfər kimi təqdim etdi. Döyüş meydanında qazanılmış bu tarixi zəfər 10 noyabr 2020-ci il bəyanatı ilə rəsmiləşdi və Azərbaycanın ərazi bütövlüyü faktiki təmin olundu.

Postmünaqişə dövrü: sülh təşəbbüsləri və yeni regional reallıqlar

Qələbə ilə növbəti mərhələ başlandı - sülh quruculuğu. Prezident İlham Əliyev səmimi və prinsipial mövqe nümayiş etdirərək Ermənistanla münasibətlərin normallaşdırılması, qarşılıqlı ərazi bütövlüyünün tanınması və sülh müqaviləsinin imzalanması istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi. Azərbaycanın təqdim etdiyi 5 prinsip beynəlxalq hüquqa söykənən, suverenliyə hörmət edən və qarşılıqlı müdaxiləsiz əməkdaşlığı əsas götürən konseptual sənəd idi. Bu təşəbbüslər nəticəsində sülh danışıqları məhz ikitərəfli əsasda, xarici müdaxilə olmadan aparıldı. Nəhayət, 2025-ci ilin yayında bu proses konkret nəticələrə gətirib çıxardı. 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanın və Ermənistanın liderləri tərəfindən birgə bəyanat imzalandı və sülh sazişinin mətni paraflandı. Bu, təkcə iki dövlət arasında münasibətlərin normallaşması deyil, həm də regionda yeni geosiyasi konfiqurasiyanın əsasının qoyulması demək idi.

Vaşinqton Sammitinin ən mühüm nəticələrindən biri Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi oldu. Prezident İlham Əliyev və Prezident Donald Tramp tərəfindən imzalanmış Anlaşma Memorandumu bu yeni mərhələnin hüquqi və siyasi bazasını formalaşdırdı. Strateji Əməkdaşlıq Xartiyasının hazırlanması üçün yaradılan işçi qrup enerji təhlükəsizliyi, müdafiə, rəqəmsal infrastruktur, iqlim fəaliyyəti və regional kommunikasiya kimi sahələrdə əməkdaşlığın dərinləşməsini nəzərdə tutur. Eyni zamanda, ABŞ-ın 1992-ci ildən qüvvədə olan 907-ci düzəlişin icrasını dayandırması və Konqresin bu düzəlişi ləğv etməyə hazırlaşması, ikitərəfli münasibətlərdə ədalətsiz yanaşmalara son qoymaq üçün mühüm addımdır. Bu, həm də Azərbaycanın beynəlxalq təhlükəsizlik və enerji sabitliyinə töhfələrinin tanınması kimi qiymətləndirilə bilər.

Yaşıl keçid və COP29: qlobal liderlik

Prezident İlham Əliyevin çıxışında yer alan mühüm mövzulardan biri də Azərbaycanın COP29-a ev sahibliyi etməsi və bu tədbirdə əldə olunan nəticələr oldu. “Bakı Maliyyə Məqsədi” adlandırılan yeni kollektiv iqlim maliyyələşdirmə hədəfi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər ildə minimum 300 milyard ABŞ dolları həcmində vəsaitin ayrılmasını nəzərdə tutur. Bu sənəd Azərbaycanın qlobal miqyasda liderlik təşəbbüslərinin bariz nümunəsi kimi çıxış edir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün yeni çərçivə prinsipləri formalaşdırılıb. Bu, qlobal iqlim mexanizmlərinin effektivliyini artıracaq və inkişaf etməkdə olan ölkələrin iştirakını gücləndirəcək.

Azərbaycanın enerji sahəsində rolu da qlobal əhəmiyyət daşıyır. Təbii qaz ixracatında lider ölkə olan Azərbaycan bu gün 14 ölkəyə boru kəmərləri ilə təbii qaz tədarük edir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracı qitənin enerji təhlükəsizliyində strateji əhəmiyyət daşıyır. Yeni başlanmış Azərbaycan - Suriya enerji əməkdaşlığı, Suriyaya qaz tədarükü və orada bərpa işlərində iştirak da Azərbaycanın regional oyunçu kimi mövqeyini möhkəmləndirir. Logistika sahəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və Xəzər dənizindəki ən böyük ticarət donanması Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib. Orta Dəhliz üzrə yükdaşımaların son iki ildə 90 faiz artması, tranzit müddətinin isə əhəmiyyətli dərəcədə azalması bu sahədə aparılan uğurlu siyasətin göstəricisidir.

Prezident Əliyev çıxışında Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərini də xüsusi vurğuladı. COVID-19 pandemiyası zamanı 80-dən çox ölkəyə tibbi və maliyyə yardımı göstərilmiş, münaqişə və təbii fəlakətlərdən əziyyət çəkən ölkələrə humanitar dəstək verilib. Bu, Azərbaycanın təkcə regional deyil, həm də qlobal məsuliyyət daşıyan dövlət kimi çıxış etdiyini təsdiq edir.

Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın postmünaqişə dövrünə keçidinin siyasi manifesti, beynəlxalq hüquq və ədalət əsasında formalaşmış inkişaf modelinin təqdimatı idi. Bu, qalib dövlətin, öz suverenliyini təmin etmiş, düşmənin dağıtdığı torpaqlarda yenidən həyat quran, sülhə və bərpaya fokuslanan bir dövlətin güclü səsi idi.

“Böyük Qayıdış” - qələbədən quruculuğa

Prezident Əliyevin çıxışında xüsusi yer tutan və ölkənin yeni prioritetlərini əks etdirən məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri oldu. Ermənistanın 30 illik işğal dövründə bu torpaqlarda həyata keçirdiyi vandallıq və məqsədyönlü dağıdıcılıq siyasəti nəticəsində yüzlərlə şəhər və kənd yerlə-yeksan olunmuş, 65 məscid viran edilmişdi. Lakin müasir Azərbaycan bu dağıntılardan dirçəlmə modelini təqdim edir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox soydaşımız öz ata-baba yurdlarına dönüb, yaşayır, işləyir və təhsil alır. Bu, təkcə fiziki yenidənqurma deyil, milli-mənəvi dirçəlişin, tarixə, kimliyə və ədalətə sədaqətin göstəricisidir. Ağalı, Talış, Laçın, Füzuli, Zəngilan kimi rayonlarda ağıllı kənd və şəhər layihələri, müasir infrastruktur, məktəblər və xəstəxanalar bu torpaqlara yenidən nəfəs verir. Lakin bərpa prosesi təkcə maddi sərmayə ilə deyil, təhlükəsizlik tədbirləri ilə də bağlıdır. Prezident İlham Əliyev Ermənistanın işğal dövründə geniş miqyasda minalar basdırdığını və bunun nəticəsində 2020-ci ildən bu günə qədər 400-dən çox vətəndaşın və hərbçinin mina partlayışlarında həlak olduğunu və ya ağır yaralandığını qeyd etdi. Bu, beynəlxalq ictimaiyyətin diqqətini tələb edən humanitar böhrandır və Azərbaycanın mina təmizləmə sahəsində gördüyü işlər nümunəvi səviyyədədir.

Prezident Əliyev çıxışında bir çox qlobal liderin toxunmaqdan çəkinə biləcəyi vacib və həssas bir məsələyə - Xəzər dənizinin sürətlə qurumasına da diqqət çəkdi. Məsələ təkcə ekoloji yox, həm də iqtisadi, sosial və strateji təhlükədir. Dövlət başçısı bu problemi təkcə iqlim dəyişikliyi ilə deyil, insan fəaliyyətinin nəticəsi kimi qiymətləndirərək, təcili regional əməkdaşlığa çağırdı. Azərbaycan BMT və region ölkələri ilə birgə bu problemi aradan qaldırmaq üçün konkret təşəbbüslərə açıqdır.

Azərbaycanın qlobal proseslərdə fəal iştirakı və iqtisadi siyasəti bir-biri ilə sıx bağlıdır. Prezidentin çıxışında vurğulandığı kimi, ölkənin iqtisadi dirçəlişi təkcə neft və qaz gəlirlərinə söykənmir. Şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı, şəffaf və açıq iqtisadi mühit, investisiya cəlbediciliyinin artırılması Azərbaycanın sabit inkişaf modelinin əsas sütunlarıdır. Moody’s və Fitch kimi nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini artırması, ölkənin maliyyə dayanıqlığını və sabit iqtisadi idarəetməsini təsdiqləyir. Xarici borcun ÜDM-ə nisbətinin cəmi 6,5 faiz olması, valyuta ehtiyatlarının borcdan 16 dəfə çox olması, ölkənin iqtisadi müstəqilliyini və böhranlara qarşı immunitetini göstərir. Bu amillər Azərbaycanın gələcəkdə həm regional, həm də qlobal investisiya axını üçün mühüm mərkəzə çevriləcəyini proqnozlaşdırmağa əsas verir.

Ədalətə söykənən gələcək

Prezident İlham Əliyevin BMT-dəki çıxışı yalnız bir dövlətin rəhbərinin hesabatı deyildi. Bu çıxış müstəqilliyini və ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq hüquq normalarına əsaslanaraq yeni reallıqlar yaradan, postmünaqişə dövründə dayanıqlı sülhə və əməkdaşlığa töhfə verən bir dövlətin, bir liderin siyasi manifesti idi. Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının sabitlik və inkişaf mərkəzidir. Azərbaycanın siyasi iradəsi, enerji və logistik imkanları, humanitar və iqlim təşəbbüsləri, sülh çağırışları onu XXI əsrin mühüm aktorlarından birinə çevirir.

Prezident İlham Əliyev çıxışının sonunda dünya birliyinə səmimi və dərin mənalı bir çağırış etdi: “Gəlin, ikili standartların aradan qaldırıldığı, ədalətin seçici xarakter daşımadığı, qanunun aliliyinə hörmət göstərildiyi bir dünya quraq. Sülh təkcə sözlərdə deyil, əməli addımlarda öz əksini tapsın”.

Bu, təkcə Azərbaycanın mövqeyi deyil, ədalətə susamış bütün xalqların səsidir. Azərbaycan BMT tribunasından bir daha göstərdi ki, qətiyyət, milli birliyə arxalanan siyasət və beynəlxalq hüquqa sadiqlik nəinki ərazi bütövlüyünü bərpa edə, həm də regionda dayanıqlı sülh və inkişaf üçün model yarada bilər. Dünya dəyişir. Bu dəyişikliklərin mərkəzində duran Azərbaycan artıq tarix yazan yox, tarixi istiqamətləndirən dövlətdir.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Seçilən
12
2
yeniazerbaycan.com

3Mənbələr