Van Yüzüncü Yıl Universiteti Tibb Fakültəsi Dermatologiya şöbəsinin müdiri Prof. Dr. Hatice Uce Özkol, internet vasitəsilə satılan günəş kremləri və kosmetik məhsulların istifadəsinə qarşı ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, saxta və tərkibi bilinməyən kremlər dəridə ciddi yanıqlar, ləkələr və allergik reaksiyalar yarada bilər.
E-saglam.az xəbər verir ki,
Professor bildirib ki, son iki həftə ərzində internet və bitki dükanlarından alınan kremləri istifadə etdikdən sonra bədən və üzdə qızartı, yanma və şişkinlik şikayətləri ilə beş nəfər xəstəxanaya müraciət edib. Onlardan biri vəziyyətinin ağırlığı səbəbindən reanimasiya şöbəsində müalicə alıb.
“Bir krem bütün problemləri həll etmir”.
Prof. Özkol deyib ki, sosial mediada yayılan “möcüzəvi təsirli” krem reklamları insanları çaşdırır:
“İnsanlar başqalarının istifadə etdiyi kremi eyni nəticəni verəcəyini düşünərək alır, amma hər kəsin dərisi fərqlidir. Bəzən kiçik bir ləkəni aradan qaldırmaq istəyərkən daha böyük zədələr yaranır”.
Mütəxəssis qeyd edib ki, internetdə ucuz qiymətə satılan, tərkibi və təsiri elmi olaraq sübut edilməmiş kremlər çox təhlükəlidir. Bu məhsulların üzərində maddə tərkibi belə göstərilmir:
“İki həftə ərzində belə beş ciddi hadisə ilə qarşılaşdıq. Kremləri 250 lirəyə alıblar. Ləkəni aradan qaldırmaq istəyərkən vəziyyəti daha da pisləşdirirlər.”
“Məhsulları yalnız eczanələrdən alın”
Prof. Özkol vurğulayıb ki, dəri ləkələrinin müalicəsi fərdi yanaşma tələb edir və hər hansı kremi istifadə etməzdən əvvəl mütləq dermatoloqa müraciət olunmalıdır:
“Bir dostuna kömək edən krem sənə zərər verə bilər. Çünki hər kəsin dəri quruluşu fərqlidir. Kremləri yalnız eczanələrdən almaq lazımdır. Tanımadığınız məhsullar ciddi dəri xəstəliklərinə səbəb ola bilər”.
Saxta günəş kremlərinə diqqət:
Havaların istiləşməsi ilə günəş kremlərinə tələbatın artdığını xatırladan mütəxəssis, bazarda saxta və təqlid məhsulların çoxaldığını deyib:
“Bəziləri ‘günəş kremi’ adı altında sadəcə vazelin satır. İnsanlar dərini qoruduğunu düşünür, amma əksinə, dərinin yanmasına və qaralmasına səbəb olur. Məhsulun tərkibinə və son istifadə tarixinə mütləq diqqət yetirin”.
Prof. Özkolun sözlərinə görə, saxta kremlərin istifadəsi sadə bir dəri problemi ilə başlayıb, ağır allergik reaksiyalara və hətta nəfəs almaqda çətinliyə qədər gətirib çıxara bilər.
Kremləri yalnız etibarlı mənbələrdən, yəni eczanələrdən və rəsmi markalardan almaq, dermatoloqla məsləhətləşmədən heç bir kosmetik məhsulu istifadə etməmək lazımdır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az