AZ

“Vəziyyət dəyişib...” – Zərifdən Pezeşkiana və Bakıya dəstək, qırğılara SON xəbərdarlıq

"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün yeni imkanlar aça bilər".

"Azad İran"ın məlumatına görə, bunu ölkənin sabiq xarici işlər naziri (2013-2021) və keçmiş vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.

Sitat: "Bu gün vəziyyət dəyişib. Məsələn, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol bizim üçün bir fürsət ola bilər. Əgər keçmişdə ilişib qalsaydıq, bunu təhdid kimi görərdik. Halbuki biz təhdidləri fürsətə çevirməyi öyrənməliyik".

Onun fikrincə, İran keçmişin əsiri olmamalıdr, "çünki ölkənin bir çox problemləri məhz keçmişə yönəlmiş baxışdan qaynaqlanır". Zərif keçmiş təcrübələrin təkrarlanmasının yeni uğursuzluqlara gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq edib...

Yada salaq ki, Məhəmməd Zərif ötən il qısa müddətdə Məsud Pezeşkian hökumətində təmsil olunub - strateji məsələlər üzrə vitse-prezident vəzifəsini tutub. Lakin postundan könüllü imtina edərək, fəaliyyətini universitet davam etdirəcəyini söyləyib. Bununla belə, o, "həmişə əziz, humanist və cəsur insanı (Pezeşkianı - red.) və hökumətini dəstəkləyəcəyini" vurğulayıb.

Bu da faktdır ki, vaxtilə Qərblə nüvə anlaşması əldə olunmasında Zərif mühüm rol oynayıb. Onun Zəngəzur dəhlizi ilə bağlı yanaşması rəsmi Tehranın ənənəvi praqmatik mövqeyinə uyğundur. Təəssüf ki, İran dini liderinin ofisi, baş müşavir Əli Əkbər Vilayəti kimi qırğılar məsələdə hələ də radikal mövqedədir. Konkret olaraq, Vilayəti bunu bir neçə dəfə bəyan edib və hər dəfə də Bakıdan sərt təpki görüb...

Əslində regional mövzulara elə bu cür qeyri-rasional və təkəbbürlü ritorika nəticəsində ABŞ başda olmaqla Qərbin aparıcı ölkələri artıq İranın nüvə proqramına münasibətdə vahid və kompromissiz mövqeyə gəlib. Üstəlik, az öncə BMT Tehrana qarşı sanksiyaları bərpa edib.

Bu isə o deməkdir ki, yaxınlarda İran rejimi əleyhinə ən sərt tədbirlərə, o cümlədən hərbi üsula əl atıla bilər. Bu da sövq-təbii, qonşu kimi Azərbaycanı da narahat edir. Ən azından ona görə ki, bu ölkədə on milyonlarla soydaşımız yaşayır.

"Artıq vəziyyət dəyişib" deyən keçmiş XİN rəhbərinin xəbərdarlığı bu xüsusda zaman etibarilə yerinə düşməklə yanaşı, məxsusi diqqət çəkir və əlbəttə ki, təkcə Zəngəzur dəhlizi ilə bağlı dini rəhbərliyin yanlış mövqeyi ilə ilgili deyil. Xəbərdarlıq həmçinin "nüvə proqramı"na görə yaxınlaşan başqa qlobal təhlükə ilə bağlıdır, sonuncu SOS siqnalıdır.

Gözləyək görək bu qəbil praqmatik çağırışlar Vilayəti kimiləri, SEPAH-ın "göylə gedən" və Azərbaycana meydan oxumaqdan şər-böhtan atmaqdan yorulmayan radikallarını nəhayət, düşünməyə vadar edəcəkmi?..

Zəngəzur dəhlizinə (Tramp yolu) gəlincə, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, dəhliz yalnızca iki qonşu ölkənin yox, ümumən regionun inkişafına çox mühüm töhfə və təkan verəcək. Bölgə xalqlarının rifahına işləyəcək. Bu təkcə söz deyil, real coğrafiya, ciddi iqtisadi hesablamalar əsasında çıxarılan qənaətdir. Hansı ki, Zərif tərəfindən bir daha təsdiqlənir.

Hazırda o, rəsmi şəxs olmasa da, siyasi-ictimai rəyə təsir imkanı olan təcrübəli diplomat kimi sözünü açıq deyir, İranı mifik "qırmızı xətlər"dən imtinaya çağırır və ən önəmlisi, uzaqlaşmaqda olan "qatardan" ölkəsinin geri qala biləcəyi haqda xəbərdarlıq edir. Əlbəttə ki, ilk növbədə radikal-mühafizəkar çevrələrə və "müharibə partiyası"na...

Analitik xidmət,
Musavat.co

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
1
olaylar.az

2Mənbələr