AZ

Kopenhagen görüşləri Azərbaycanın qlobal siyasətdə artan rolunun və ölkə Prezidentinin böyük nüfuzunun göstəricisidir - Vüqar Rəhimzadə

Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Təkcə son aylarda qarşılıqlı səfərlərin dinamikliyinə, dövlət başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin say tərkibinə diqqət yetirsək, ölkəmizin dünyada nüfuzunun daha da artdığını aydın şəkildə görərik. Açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirən Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini yeni prioritetlər üzrə inkişaf etdirməklə yanaşı, yeni dostlar qazanır, əməkdaşlığın coğrafiyasını daha da genişləndirir.

Bütün bunlar düşünülmüş və gələcəyə hesablanmış siyasətimizin uğurlarıdır. Azərbaycan hər zaman sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışları ilə diqqətdədir. Prezident İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması olan "Avropa Siyasi Birliyi"nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu çağırışların hər biri Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Hazırkı dövrdə yeni dünya nizamının formalaşdığını da nəzərə alsaq ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin, hadisələrə praqmatik yanaşmasının həm region, həm də dünya üçün nə qədər önəmli olduğunu görə bilərik. Dövlət başçısı İlham Əliyevin Zirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərdə də əsas diqqət göstərilən məsələ Azərbaycanın sülh gündəliyinin müəllifi kimi atdığı real addımlar, Vaşinqton razılaşmalarının əldə edilməsinə gedən yol, ən əsası dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ilə regionda, dünya siyasətində yeniliklər oldu. Ədalətli dünyanın formalaşması bütün dövrlər üçün Azərbaycanın əsas çağırışı olub. Bu gün ölkəmizin qlobal problemlərin həllinə davamlı töhfələri də özündə mühüm məqamları ehtiva edir.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan daim ölkələr, xalqlar arasında dostluq körpüsü yaratmağını şərtləndirir. Dövlətimizin xarici siyasətində Avropa təşkilatları, dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. 2022-ci ildən başlayaraq keçirilən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantılarının hər birinə dövlətimizin başçısı İlham Əliyevin dəvət edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerinin, qlobal siyasi proseslərdə artan rolunun və ölkə Prezidentinin böyük nüfuzunun, ona olan hörmət və ehtiramın göstəricisidir. Prezident İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış mərasimində, həmçinin plenar sessiyada iştirak etdi. "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının iştirakçılarının say tərkibi tədbirin əhəmiyyətini, burada müzakirə olunan məsələlərin aktuallığını təsdiqlədi. Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak etdilər. Plenar iclaslarda və ondan sonra keçirilən dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olundu. Dövlətimizin başçısı Zirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında Moldova Respublikasının Prezidenti Maya Sandu, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, görüşlərdə diqqət göstərilən məsələrdən biri də dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın verdiyi töhfələr oldu. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişdiyi, həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı iqtisadi inkişafına geniş imkanlar yaratdığı diqqətə çatdırıldı. Hazırda Azərbaycanın 14 ölkəyə qaz ixrac etməsi əməkdaşlığın coğrafiyasının genişlənməsində nə qədər maraqlı olduğunun göstəricisi kimi önə çəkildi. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazını alır. Bu, Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfədir. Dövlətimizin başçısı keçirilən görüşlərdə Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən də danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi. Azərbaycan- Avropa İttifaqı əlaqələrinin inkişafı üçün geniş imkanların mövcudluğu qeyd edildi.

Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin dünyada yüksək nüfuzu, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti, tam iqtisadi və siyasi müstəqilliyi, təkmil inkişaf modeli beynəlxalq aləmdə mövqeyinin günbəgün möhəmlənməsini şərtləndirir. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycanın dünyada söz sahibliyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin istər BMT Baş Assambleyasının 80-cı sessiyası, istərsə də "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində ABŞ-da və Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirdiyi çoxsaylı görüşlərdə səsləndirdiyi çağırışlar yeni dünya nizamı üçün böyük əhəmiyyət kəsb edir. Bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında qurulan əlaqələrin böyük gələcəyə malik olduğu həmin görüşlərin əsas hədəfi oldu.

Seçilən
18
7
day.az

8Mənbələr