AZ

“Neftçi”ni necə “döyürlər”?

Hakimlər ölkənin ən yaşlı klubuna qənim kəsilib.

Sanki əllərində isti və soyuq silahla pusquda dayanıblar. “Neftçi”ni görən kimi nişangahı alnına tuşlayırlar.

“Sabah”la oyunda İnqilab Məmmədov, “Sumqayıt”la qarşılaşmada Elçin Məsiyev, “Zirə”ylə görüşdə Kamal Umudlu.

“Neftçi”nin lehinə verilməyən penaltilər, əleyhinə olan 11 metrlik cərimə zərbəsi. Futbolu yox, bazarı xatırladır.

Ölkə futbol ictimaiyyəti şokdadır. Nə baş verdiyini heç kim anlamır.

Qərəz kimədir? Kökündə nə dayanır? “Neftçi”nin başını qaldırmasına imkan verməmək kim(lər)in tapşırığı əsasında icra olunur? Nə vaxta kimi davam edəcək?

Samir Abasova düşmən kəsiliblər, yoxsa klub rəhbərliyinə?

Dərinə getdikcə, ortaya dəhşətli suallar çıxır.

Və ən maraqlısı, “oyunun içində” olanların heç kimi vecə almamasıdır. Klub epizodları göstərir, azarkeşlər üsyan edir, jurnalistlər yazır, ancaq nə fayda? Hakimlər öz işindədir. Sanki belə də olmalıymış kimi.

Söz yox, itirilən xallarda “Neftçi”nin öz günahı da az olmayıb. Boşa verilən qol epizodları bəzi matçlarda xalların itirilməsi ilə nəticələnib.

“Zirə”ylə qarşılaşmada problem fürsətlərin boşa verilməsi ilə bağlı deyildi axı. Avropasayağı hücumlar sayəsində 2 qol vuraraq geridönüş edən və qələbənin biraddımlığında olan “ağ-qaralar” hakim səhvinin qurbanı oldu.

Kamal Umudlu son saniyələrdə Elvin Bədəlovun rəqib futbolçuya qarşı hərəkətindən əvvəl “Zirə”nin oyunçusunun Alessio Kurçiyə kobudluğunu görmədi və ya görmək istəmədi. Və növbəti hakim biabırçılığına imzasını atdı.

Kimsə mənə hakimlərin səhv etmək imkanından moizə oxumasın. Səhv etmək hakimin də haqqıdırsa, eyni və ya oxşar səhvlər niyə “Kəpəz”in, “Qəbələ”nin, “Araz-Naxçıvan”ın, “Sumqayıt”ın oyunlarında sıralanmır? Niyə hər dəfə “Neftçi”nin başında çatlayır?

AFFA rəhbərliyi çempionatın ayaqlar altına atılmasını istəmirsə, olayın izinə düşməli, sifarişçinin kimliyini müəyyənləşdirməlidir. Çünki bu, sıradan iş deyil, arxasında nə(lər)sə dayanana oxşayır.

4-cü turdan bu yana “fit çalanlar” “Neftçi”ni döyürlər. Məcazi mənada yox ha, lap elə sözün əsl anlamında.

Alın o şanlı klubu hakimlərin əlindən.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
30
sportinfo.az

1Mənbələr