Hakimlərin bu mövsüm "Neftçi"yə qarşı qərəzi davam edir.
Silsilə səhvlər Zirədə də baş verdi.
Bu dəfə Kamal Umudlu matçın son saniyələrində "ağ qaralar"ın qapısına çox şübhəli penalti verməklə qələbəsini əlindən almış oldu.
Artıq "Neftçi" cəbhəsində referilərdən narazılıq pik həddə çatıb.
Səbri daşanlardan biri də daimi oxucumuz Mənsum Abbaslıdır.
Çılğın "Neftçi" azarkeşi "Sportinfo"nun məktub qutusuna yolladığı yazıda hakimə sərt etirazını bildirib:
"Son dövrlərdə Azərbaycan futbolunda baş verən bəzi hadisələr, xüsusilə də "Neftçi"yə qarşı yönələn hakim səhvləri artıq dözülməz həddə çatıb. Mən, Mənsum Abbaslı olaraq bir futbol azarkeşi, idmansevər və eyni zamanda bu klubun ədalət uğrunda mübarizəsini izləyən biri kimi səsimi ucaltmaq istəyirəm.
"Neftçi" kimi böyük bir klubun hər dəfə meydanda haqsızlığa məruz qalması nəinki bu komandanın azarkeşlərini, ümumilikdə Azərbaycan futbolunun gələcəyini düşünən hər kəsi narahat etməlidir. Hər turda təkrarlanan qərəzli qərarlar, şübhəli penaltilər, verilməyən qollar və kartlarla Neftçinin xalları süni şəkildə əlindən alınır.
Bu, təkcə bir klubun problemi deyil. Bu, ədalətin, şəffaflığın və idmanda dürüst rəqabətin məsələsidir. Hakimlərin oyuna təsir edən qərarları sadəcə bir komandanı deyil, ümumi liqanın səviyyəsini və azarkeşlərin inamını da sarsıdır.
Buradan AFFA-ya, PFL-ə və bütün məsul şəxslərə səslənirəm: Neftçi klubunun haqqını yeyənlərə dur deyin! Hakimlərə nəzarət gücləndirilməli, ciddi şəkildə cəzalandırılmalı və şəffaflıq təmin olunmalıdır.
Futbol xalqın oyunudur. Azarkeşlər ədalət istəyir. Əgər bu haqsızlıqlara göz yumulmağa davam olunarsa, təkcə Neftçi deyil, bütün Azərbaycan futbolu uduzacaq.
Sonda bir daha qeyd edirəm: Mən Mənsum Abbaslı olaraq bu haqsızlıqlara susmayacağam. "Neftçi"nin haqqını tələb edirəm! Ədalət tələb edirəm!".
XANOĞLAN / SPORTİNFO.AZ