AZ

Azərbaycanın qlobal siyasi proseslərə təsir imkanları daha da genişlənir

Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında  ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Plenar iclaslarda və ondan sonra keçirilən "dəyirmi masa"larda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunub. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, "Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır.

Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. "Dünyanın nüfuzlu ölkələrinin liderlərinin təmsil olunduğu tədbirdə Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısının tədbirə dəvəti və qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüş beynəlxalq miqyasda Azərbaycanın artan nüfuzunun göstəricisidir. Eyni zamanda bu, Prezident  

İlham Əliyevin dünya liderləri arasında nüfuz, söz sahibi olmasının, ona göstərilən böyük hörmət və etimadın göstəricisidir. Azərbaycan təkcə qitənin enerji təhlükəsizliyində mühüm rol oynamır eyni zamanda Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə mövqeyinə önəm verilən ölkədir", - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın dünyada nüfuzu artmaqla yanaşı, qlobal siyasi proseslərə təsir imkanları da genişlənib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaşa, regionda, dünyada söz sahibi olan dövlətə çevrilib. Bu siyasətin nəticəsində hazırda dünyada elə bir nüfuzlu beynəlxalq tədbir yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri öyrənilməsin.

Azərbaycanın Avropa İttifaqı üçün də böyük əhəmiyyəti olan dövlət olduğunu qeyd edən V.Rəhimzadə bildirib ki, ölkəmiz Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinə mavi yanacaq ixrac edərək, qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verir: "Azərbaycanın Orta dəhlizin əsas dövlətlərindən biri olması ölkəmizin geosiyasi proseslərdə çəkisini daha da artırır. Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirakı Azərbaycanın etibarlı, sözünə güvənilən, qlobal proseslərdə qətiyyətli və ədalətli mövqe nümayiş etdirən dövlət olduğunun təsdiqidir".

Əsmər QARDAŞXANOVA, 

"Azərbaycan"

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr