AZ

Azərbaycan cüdoçuları qarışıq komanda yarışlarında mübarizəyə başlayırlar

Göygöl, 5 oktyabr, AZƏRTAC

III MDB Oyunları çərçivəsində keçiriləcək cüdo üzrə qarışıq komanda yarışlarına bu gün start veriləcək.

AZƏRTAC xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan döyüşlərdə Azərbaycanın 30 idmançısı qızıl medal uğrunda tatamiyə çıxacaq.

Daha əvvəl yığmamız III MDB Oyunları çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlarda 5 qızıl, 7 gümüş və 9 bürünc olmaqla 21 medal qazanıb.

Gülşən Hüseynova (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Nərmin Ağamirzəzadə (52 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram) və Fəxri Sahibzadə (66 kiloqram) çempion olublar.

Sunay Salamova (40 kiloqram), Nəzakət Vəliyeva (57 kiloqram), Məhəmmədəli Hüsüyev (55 kiloqram), Röyal Qayıbov (60 kiloqram), Hüseyn Hüseynov (60 kiloqram), Məhəmməd Ağakişiyev (81 kiloqram) və Sübhan Axundov (+90 kiloqram) gümüş medallara sahib çıxıblar.

Bürünc medalları isə komandamızın aktivinə Xədicə Abdullayeva (44 kiloqram), Aysun Məmmədova (52 kiloqram), Fidan Cəlilli (70 kiloqram), Zemfira Əliyeva (+70 kiloqram), Anar Quliyev (50 kiloqram), İbrahim Talıbov (55 kiloqram), Sadiq Məmmədov (73 kiloqram), Nurəddin Əliyev (90 kiloqram) və Tunar Fərzəliyev (+90 kiloqram) yazdırıblar.

Millimiz bu nəticə ilə fərdi yarışları ümumi komanda hesabında ikinci, qızların mübarizəsində isə birinci pillədə tamamlayıb.

Oyunlarda 6 ölkəni təmsil edən 91 cüdoçu (50 oğlan, 41 qız) mübarizə aparıb.

Seçilən
14
5
azertag.az

6Mənbələr