Fransanın Baş naziri Sebastyen Lekornu illik gəliri 250 min avrodan yuxarı olan vətəndaşlar üçün yeni vergi tətbiq etməyi planlaşdırır. Bu addım hökumətin 2026-cı il dövlət büdcəsinin qəbulunda sosialist müxalifətinin dəstəyini qazanmaq məqsədi daşıyır.
Bu barədə “Les Echos” qəzeti Reuters-ə istinadən məlumat yayıb.
Baş nazir gələn il əlavə 3 milyard avro vergi yığmaq üçün iki tədbir həyata keçirməyi nəzərdə tutur.
Birinci tədbir onun sələfi Fransua Bayru tərəfindən ötən il tətbiq edilmiş birdəfəlik verginin bərpası olacaq. Məqsəd yüksək gəlirli bütün ailələrin gəlirlərinin ən azı 20 faizini vergi kimi ödəməsini təmin etməkdir.
Həmçinin hökumət ultra-zənginlərin dividend vergisindən yayınmaq üçün holdinq şirkətlərini “pul yığımı vasitəsi” kimi istifadə etməsinin qarşısını almaq istəyir.
Xatırladaq ki, sentyabrda Lekornu prezident Emmanuel Makronun iki il ərzində təyin etdiyi beşinci baş nazir olub. Buna səbəb parlamentin Bayrunu 2026-cı ildə büdcəni 44 milyard avro azaltmaq planına görə vəzifədən kənarlaşdırması idi.