AZ

"Gürcüstanda baş verənlər sadəcə Qərb-Şərq qarşıdurması deyil..."

 

"Gürcüstanda baş verən iğtişaşları yalnız Qərb-Şərq hesablaşması kimi qiymətləndirmək yanlış olardı. Burada həm də dünya miqyasında yaşanan qlobalist-mühafizəkar rəqabəti də öz sözünü deyir".

Bu sözləri Musavat.com-a açıqlmasında siyasi şərhçi Heydər Oğuz deyib.

Siyasi şərhçi qeyd edir ki, təkcə Gürcüstanda deyil, həm də Avropada yaşanan siyasi böhranları yalnız bu konteksdə analiz edilsə, məsələnin əsl mahiyyətini anlamaq olar:

“Məlum olduğu kimi ABŞ-da hakimiyyəti Baydendən təhvil alan Donald Tramp siyasi dünyagörüş etibarilə milliyyətçidir. O, başda ABŞ olmaqla bütün dünyada qlobalistlərin ölkə iqtisadiyyatlarını istismar etdiklərini, hər bir dövləti borclandırıb özlərindən asılı vəziyyətə saldıqlarını düşünür və açıq şəkildə bu tendensiyaya qarşı mübarizə aparmağa çalışır. Məqsədi isə “qlobal mafiya” adlandırdığı güc mərkəzlərini sıradan çıxarmaq və yeni siyasi hakimiyyətlər ittifaqı formalaşdırmaqdır.

Qlobalistlərin yürütdüyü siyasət nəticəsində bir çox dövlətlər o cümlədən ABŞ öz ÜDM-dan daha çox borclanıb. Təsəvvür edin ki, ABŞ-ın ÜDM-u 28 trilyon dollardır. Onun dövlət borcu isə artıq 37 trilyon dollar keçib. Ən maraqlısı isə odur ki, ABŞ hər il hardasa 3 trilyon dollardan çox borclanır. Rəsmi statistic rəqəmlərə görə, ABŞ 1 avqust 2024-cü ilə qədər olan 365 gün ərzində öz milli borcunu maliyyələşdirmək üçün gündə təxminən 2,2 milyard dollar borc götürmüş və həmin il ərzində dövlət borcunu təqribən 790 milyard dollar artaraq, 33,8 trilyon dollara çatdırmışdı. Hazırda isə dövlət borcunun 37 trilyon dollara çatdığından bəhs olunur. Bu da o deməkdir ki, ABŞ-ın börcü hər 100 gündən bir 1 trilyon dollar artır. Tramp hakimiyyəti buna “yox” deməsə, bir müddətdən sonra hətta borcunun faizini belə ödəyə bilməyəcək duruma düşəcək və iflasa gedəcək. Məhz bu səbəbdən də Tramp hakimiyyəti öz ölkəsini və dünyanı borclandıraraq iflasa sürükləyən qlobal sərmayə qruplarını sıradan çıxarmaq niyyətindədir. Bunun üçün isə təkcə ABŞ-la kifayətlənmək mümkün deyil. Eyni şəkildə qlobalistlərin Avropa və Şərqdəki uzantıları ilə mübarizə aparmalıdır. Əks halda onlar qüvvələrini birləşdirib Tramp hakimiyyətinin özünü devirəcəklər.

Dünən Gürcüstanla bərabər Çexiyada da seçkilər keçirilirdi. Birincidə bələdiyyə, digərində isə parlament seçkiləri idi. Çexiyada da ölkənin qlobalist hakimiyyətinə qarşı çıxan Andrey Babişin rəhbərlik etdiyi ANO hərəkatı ən çox səs toplayaraq birinci oldu. Bununla da Avropa İttifaqında Macarıstan lideri Viktor Orban və Slovakiya Baş naziri Robert Ficonun öncüllük etdiyi mühafizəkarların sırasına bir ölkə də qoşuldu. Bənzər hadisəni biz Fransa, Rumıniya, Hollandiya, Polşa və sair ölkələrdə də müşahidə edirik. Ümumiyyətlə, Avropa İttifaqının tamamına nəzər salsaq, görərik ki, “qoca qitə”nin hər tərəfində ultra-sağçılar yüksəlişdə, liberallar isə tənəzzüldədir. Bir çoxları bunu Rusiyanın həmin ölkələrə təsiri ilə izah etməyə çalışırlar. Halbuki, əsas məsələ öz fikirlərini dünyaya yaymağa çalışan və bunun üçün trilyonlarla pul xərcləyən, müharibələri maliyyələşdirən qlobalistlərin liberal siyasətlərinin ictimaiyyət tərəfindən xoş qarşılanmamasıdır. Liberal-demokratlar hazırda Aİ-nin mərkəzi aparatında yer alırlar. Ölkələrdə isə getdikcə hakimiyyətlər sağçıların əlinə keçir. Bu absurd vəziyyətin səbəbi isə Avropa İttifaqı strukturlarının seçkilərlə yox, təyinatlarla formalaşdırılmasıdır. Keçmiş qlobalist qüvvələr öz hakimiyyətlərini əldən buraxmamaq üçün bəzən xalq tərəfindən seçilən liderlərin hökumət qurmasını əngəlləyir və siyasi proseslərin gedişatını ləngitmək yolunu tuturlar. Bu isə Avropa İttifaqını və onun peykinə çevrilən Moldova, Gürcüstan kimi ölkələri vətəndaş müharibəsinə sürükləyir. Çünki, vətəndaş müharibələri baş verməsə, qlobalistlər öz mövqelərini möhkəmləndirə bilməyəcəklər”.

Heydər Oğuz hesab edir ki, Gürcüstan da bu beynəlxalq qlobalist-mühafizəkar rəqabətinin mərkəzi ölkələrindən biridir:

“Çünki Gürcüstan Cənubi Qafqazın Avropaya açılan qapısı, Avropanın isə Mərkəzi Asiya ölkələrinə uzanan yollarının başlanğıc nöqtəsidir. Burada başlayan istənilən hadisənin Azərbaycana və Mərkəzi Asiyaya da müəyyən təsirləri olur".

Bununla belə, Gürcüstanda baş verən siyasi çalxantılarda qlobalistlərin asanlıqla qələbə çalacağına inanmayan Heydər Oğuz fikrini belə yekunlaşdırdı:

“Söhbət ondan getmir ki, Gürcüstandakı İvanişviliyə bağlı hakimiyyət Rusiya tərəfindən dəstəklənir. Söhbət həm də ondan gedir ki, ABŞ da Cənubi Qafqazın və Mərkəzi Asiyanın yüyənini avropalı qlobalistlərə buraxmaq istəmir. Bu sahədə yeri gələndə, ABŞ-la Rusiyanın maraqları üst-üstə düşür və Tramp hakimiyyəti öz hakimiyyətini qorumaq üçün nəinki Kremlə, hətta şeytanla da əməkdaşlığa gedə bilər. Mən bu mənada Gürcüstanda Avropaya bağlı müxaliflərin qələbə çala biləcəyi ehtimalına ehtiyatla yanaşıram”.

Xalidə GƏRAY
Musavat.com

Seçilən
1
2
musavat.com

3Mənbələr