ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Kremlin ən idbar təbliğatçılarından olan Sergey Mardan yenidən Azərbaycanı hədəf alıb. Öz sosial şəbəkə səhifəsində paylaşım edən Mardan Qazaxıstanda və Azərbaycanda “SVO” (xüsusi hərbi əməliyyat) keçirilməli olduğunu yazıb. Buna səbəb Qazaxıstanın öz suveren hüquqlarından istifadə etməklə, öz ərazisindən Rusiyaya keçən yük avtomobillərini yoxlamasıdır.
Məsələ ondadır ki, bu zaman beynəlxalq sanksiyalar altında olan Rusiyaya “ikili təyinatlı” məhsulların, yəni, Rusiya hərbi sənayesinin başqa adlarla ölkəyə idxal etdiyi texnikanın, çiplərin və s. ötürülməsinin qarşısı alınır. Bu tamamilə beynəlxalq hüquqa uyğun olan qanuni addımlar isə, əlbəttə ki, Kremlin xoşuna gəlmir...
Mardan məsələ ilə bağlı hansısa mücərrəd “iş adamlarına” istinad edərək yazıb ki, “mikrosxemlər və dəzgahlar sərhəddən geri qaytarılır”. Daha sonra Qazaxıstanı və eyni zamanda, konkret bu məsələyə heç bir aidiyyatı olmayan Azərbaycanı “SVO” ilə təhdid edib: “Heç cür seçə bilmirəm ki, “SVO” birinci hardan başlamalıdır - əvvəl Azərbaycan, sonra Qazaxıstan, yoxsa əksinə?”
Bizimlə əlaqəsi olmayan bir mövzuda ölkəmizin adının çəkilməsi ondan xəbər verir ki, Azərbaycan mövzusu Kreml təbliğatının üfunət saçan gündəmindən düşmür. Bu tulalara Azərbaycanı daim gündəmdə saxlamaq və yeri gəldi-gəlmədi ölkəmizi hədəfə almaq tapşırılıb. Günahsız insanların qətlinə, suveren ölkənin işğalına, Rusiyanın isə həm hərbi, həm iqtisadi, həm də mənəvi cəhətdən bataqlığa saplanmasına gətirib çıxaran işğalçılıq müharibəsi ilə fəxr etmək və bununla digər qonşularını da təhdid etmək isə Putin Rusiyasının və onun təbliğatının nə qədər miskin, rəzil və insanlıq sifətini itirmiş durumda olduğunun növbəti göstəricisidir...
Sonrakı paylaşımında həmin bu nəcabətsiz təbliğat tulası Azərbaycan və Ukrayna başçılarının Danimarkadakı görüşünə və bu görüşdə ingilis dilində danışmalarına “sataşıb”. Vaxtilə Qafqazın işğalına rəhbərlik etmiş ən qəddar və şərəfsiz rus imperiya generallarından olan Sisianovu xatırladan Mardan əvvəl-axır Azərbaycanın rus dilinə qayıdacağına eyham vurub.
Əlbəttə, solovyovlar, mardanlar, simonyanlar və Kremlin digər tör-töküntüləri təkcə həyasızlığı və idbarlığı ilə deyil, həm də kütbeyinliyi ilə seçilirlər. Mardan kütbeyin olmasaydı, Azərbaycan barədə danışanda bu cür uğursuz müqayisə aparmazdı və Sisianov kimi həyatını şərəfsiz, miskin ölümlə bitirən birini xatırlatmazdı. Çünki Azərbaycanı işğal etməyə gələn Sisianovun başını Bakı qalasının yanında haqlı olaraq kəsmişdilər. Odur ki, bu müqayisə ilk növbədə elə Rusiya imperiyaçılığının, şovinizminin özü və gələcək taleyi üçün uğursuz müqayisədir...
Cənubi Qafaz və xüsusilə Azərbaycan üçün sisianovların, şaumyanların və s. yeri çoxdan tarixin çürümüş zibilliyindədir. Necə ki, Mardan və onun sahiblərinin də yeri həmin zibillik olacaq...
C.Məmmədli
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.