AZ

Mənim müəllim anam

Hər kəsin ilk müəllimi var, elə deyilmi? Hər kəs birini özünə müəllim sayır. Mənim də qürurla “ilk müəllimim” dediyim bir pedaqoq var: o, həm də mənim anamdır.

Budəfəki hekayəmin qəhrəmanı da odur! Sadəcə hekayəminmi? Həyatımın qəhrəmanıdır o. Anam idi, müəllimim oldu, sonra kumirim. Günün birində anladım ki, hədəflərim, xəyallarım, arzularım – hamısının mərkəzində məhz o dayanıb.

Bütün valideynlər kimi, o da özü bacarmadıqlarını mənə etdirdi, özündə reallaşdıra bilmədiklərini məndə görmək istədi. Amma həyatıma, qərarlarıma müdaxilə etmədən bacardı bunları.

O mənim ilk müəllimimdir, çünki hər şeyi ondan öyrəndim. Məsələn, danışmağı öyrəndim ondan. Sonra ayaq açdım, əlindən tutub yeridim, yıxıldım, ətəyindən tutub qalxdım, yəni yıxılanda durmağı öyrəndim ondan. Bağçaya getmədən şeir deyib, hekayə danışdım. Qiraət bacarığımı o inkişaf etdirdi. Dərslərimi fənn müəllimlərindən əvvəl o dinlədi, yazdığım inşaları əvvəlcə o oxudu.

O, öyrənməyi öyrətdi mənə, göstərərək öyrətdi. Mənimlə bərabər o da dəftər-kitab tökdü qabağına. Hər il tədris proqramı hazırladı, hər gün gündəlik tutdu, “Sabah dərsim var!” – cümləsindəki məsuliyyəti öyrətdi. Dərs varsa, hazırlaşmaq lazımdır, bunu öyrəndim anam-müəllimimdən. Eyni mövzunu bir neçə kitabdan oxumağı, bir suala bir neçə mənbədən cavab axtarmağı da ilk dəfə onda gördüm. Onun yönləndirməsi ilə verilən mövzunu həm də başqa kitablardan oxudum, dərs danışarkən dərslikdən kənara çıxmağı öyrəndim. Ondan öyrəndiklərimin sayı-hesabı yoxdur.

Qorxu hissini də onunla tanıdım, sevməyi də o öyrətdi. Ən çox ondan qorxdum, hamıdan çox onu sevdim.

40 ilin müəllimi Səadət müəllimdir hekayəmin budəfəki qəhrəmanı.

Səadət Osmanova 1955-ci il oktyabrın 16-da Qazax rayonunun Daşsalahlı kəndində anadan olub. Əvvəlcə M.Ə.Sabir adına texnikumu (hazırda Azərbaycan Dövlət Pedaqoji Kolleci adı ilə fəaliyyət göstərir), sonra isə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (Bu təhsil müəssisəsi isə Azərbaycan Dövlət Pedaqoji Universitetidir) bitirib. Uzun müddət Qazax rayon Qarapapaq kənd natamam orta məktəbində rəsmxət, əmək təlimi (Texnologiya), təsviri incəsənət fənlərini tədris edib, tədris işləri üzrə direktor müavini olub. Sonra fəaliyyətini Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində davam etdirib, daha sonra 9 nömrəli tam orta məktəbində dərs deyib. Xırdalan şəhərində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecinin müəllimlərindən biri olub.

Qəzetlər oxuyub, kitabxanalardan çıxmayıb. Daim öz üzərində çalışıb. Bu sayədə yalnız mənim, başqa şagirdlərinin yox, həmkarlarının da müəllimi olub. Hər yeniliyi məktəbdə ondan soruşub, ondan öyrəniblər. “Məktəbə yoxlama gəlir” deyiləndə gözlər onu axtarıb, qəfil qonaqları onun sinfinə aparıb, onun “Açıq dərs”lərinə  dəvət ediblər. Fədakar müəllimliyindən söhbət açılıb, adından danışılıb. Diaqnostik qiymətləndirmə imtahanlarında 60 baldan 55 bal toplayıb.

O hələ də müəllimdir

Səadət Osmanova 2020-ci ildən təqaüdə çıxıb. Ancaq o, özünü hələ də müəllim kimi hiss edir. Müəllimlər gününün qeyd edildiyi ay həm də Səadət müəllimin doğulduğu aydır. Bu il 70 yaşını qeyd edir keçmiş təhsil işçisi. Amma bu gün də özünə müəllim məsuliyyəti ilə yanaşır.

Qapıdan çıxanda “Şagirdlərimə rast gələrəm” deyir günü bu gün də.  Müəllim kimi geyinir, müəllim duruşunu itirməməyə çalışır hər gün dərsə girməsə də. İlk dəfə qarşılaşdığımız insanların “müəllimsiniz?” deyib, onu bir baxışdan tanıması isə adi hal alıb. Amma bu hal onun üçün heç adiləşmir. Hər dəfə müəllimliyini üzündən, duruşundan, geyimindən tanımaları çöhrəsinə məmnunluq, gözlərinə sevinc gətirir. Hələ “Müəllim, siz mənə dərs demisiniz”, – deyən biri ilə qarşılaşmaq onun üçün nə deməkdir, təsəvvür edirsiniz yəqin.

Çünki o hələ də müəllimdir, insanların gözündə də, elə öz gözündə də. Adını bilməyənlər müəllim olduğunu bilirlər. Ona görə adı ilə deyil, “müəllim!” deyə çağıranlar daha çoxdur. Elə o özü də hələ də özünü “Mən Səadət müəlliməm” deyə təqdim edir.

Ömrünün 70-ci ili mübarək olsun, Səadət müəllim!

Peşə bayramınız mübarək olsun, təqaüddə də özünü müəllim kimi hiss edənlər.
Gününüz mübarək, müəllim adını uca tutanlar, müəllimliyi ilə qürur duyanlar!

Seçilən
7
3
konkret.az

4Mənbələr