AZ

Bu Avropa ölkəsi "F-35"dən imtina edib Türk qırıcılarını SEÇDİ

Türkiyə beşinci nəsil döyüş təyyarəsi KAAN üçün ilk Avropa sifarişçisini qazana bilər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bir neçə illik qeyri-müəyyənlikdən sonra İspaniya ABŞ istehsalı olan "F-35" qırıcılarından tamamilə imtina edib.

“El Universo” nəşrinin məlumatına görə, Madrid indi Türkiyənin TAI (Turkish Aerospace Industries) şirkəti tərəfindən hazırlanmış KAAN qırıcılarının alınması imkanını nəzərdən keçirir.

Hələ bu ilin yayında İspaniya hökuməti ölkənin artıq "F-35" almağı planlaşdırmadığını açıqlamışdı. Halbuki bu ideya 2017-ci ildən müzakirə olunurdu. Dörd il əvvəl imtinanın səbəbi kimi maliyyə çatışmazlığı və resursların FCAS (Future Combat Air System) adlı ortaq Avropa layihəsinə yönəldilməsi göstərilmişdi.

Lakin indi FCAS proqramı böhranla üzləşib – Fransanın "Dassault Aviation" şirkəti ilə Almaniya tərəfi arasında yaranmış fikir ayrılıqları layihənin gələcəyini sual altına alıb. Bu şəraitdə dördüncü nəsil qırıcılarla kifayətlənən İspaniya alternativ axtarışındadır.

Mənbələrin məlumatına görə, Avropanın altıncı nəsil qırıcısı hazır olana qədər KAAN məhz belə bir "keçid dövrü" həlli ola bilər.

Qeyd edək ki, Türkiyənin KAAN təyyarələrinin 2030-cu ildə ordunun silahlanmasına daxil edilməsi planlaşdırılır və Madrid layihəyə sifarişçi kimi qoşulmağı nəzərdən keçirir.

Bu addım həm də İspaniya ilə Türkiyə arasında hərbi-aviasiya əməkdaşlığının dərinləşməsi tendensiyasına uyğundur. Xatırladaq ki, İspaniya bundan əvvəl Ankaradan 1 milyard avro dəyərində “Hürjet” təlim-döyüş təyyarələri sifariş edib və bu modelin ilk xarici istifadəçisi olub.

Mümkün KAAN sifarişi Türkiyə aviasiya sənayesinə güclü təkan verə bilər. Ankara dəfələrlə bildirib ki, layihənin maliyyə cəhətdən möhkəmlənməsi və genişmiqyaslı istehsalı üçün xarici kontraktlara ehtiyac duyur.

Türkiyənin “Turkish Aerospace Industries” şirkətinin baş direktoru Mehmet Demiroğlunun sözlərinə görə, KAAN qırıcıları üçün yüzlərlə sifariş gözlənilir.

Bu məlumat Ukraynanın Hərbi Hava Qüvvələrinin gələcək silahlanma planları baxımından da əhəmiyyətlidir. Çünki daha əvvəl Ukrayna da KAAN təyyarəsinə maraq göstərib.

Musavat.com

Seçilən
9
5
musavat.com

10Mənbələr