AZ

Tehran hakimiyyətinin hicab oyunu: Qadınlara sərbəstlik verir, amma qanunu ləğv etmir

İranda qadınlara məcburi hicab tətbiqi ilə bağlı verilən yeni bəyanat ölkə ictimaiyyətində geniş rezonans doğurub.

Musavat.com “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, İran Məsləhət Şurasının üzvü, sabiq parlament spikeri Məhəmmədrza Bahonər hicabın məcburi şəkildə tətbiqinə artıq hüquqi əsas qalmadığını bəyan edib.

Bahonərin sözlərinə görə, hazırda hicabla bağlı qanunun icrası hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu məsələdə qadınlara qarşı heç bir inzibati və ya cinayət tədbiri görülə bilməz:

“Bundan sonra hicab taxmaq qadağasını icra etməyə lüzum yoxdur. Hicabla bağlı heç bir cəza, cərimə və ya digər qanuni tədbir görülməyəcək. Bu, hüquq-mühafizə orqanlarına da açıq şəkildə bəyan edilməlidir”.

Bu açıqlama İran cəmiyyətində “hicab məcburiyyətinin sonu” kimi qiymətləndirilsə də, eyni zamanda Tehran hakimiyyətinin məsələni tam həll etmədiyini, sadəcə olaraq cəmiyyətdə yaranmış gərginliyi yumşaltmağa çalışdığını göstərir.

Xatırladaq ki, son illərdə İranda qadınların zorla hicab taxmağa məcbur edilməsinə qarşı başlayan “Qadın, həyat, azadlıq” hərəkatı ölkədə dərin sosial dəyişikliklərə səbəb olub. Bu hərəkat 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin polis şöbəsində ölməsindən sonra kütləvi etirazlara çevrilmişdi.

İndi isə Bahonərin bəyanatı həmin dalğanın nəticəsi kimi dəyərləndirilir. O, həm də Prezident Məsud Pezeşkianın mövqeyi ilə üst-üstə düşür. Pezeşkian bir müddət öncə bildirmişdi ki, “zorakılıq və məcburiyyətlə heç bir sosial dəyərlər qoruna bilməz”.

Bu, Tehran hakimiyyətinin illərlə müdafiə etdiyi sərt teokratik prinsiplərin yumşaldılmasına işarə kimi qəbul olunur.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan məsələni Musavat.com-a şərh edərək bildirib ki, İran hakimiyyəti hazırda cəmiyyətin təzyiqi ilə hesablaşmaq məcburiyyətində qalıb:


Sədrəddin Soltan

“2022-ci ildə İranda qadınların geyiminə nəzarəti gücləndirən ‘Hicab və İffət’ qanununa qarşı etirazlar başlandı. Bu aksiyalar ‘Qadın, Azadlıq, Ədalət!’ şüarı ilə davam etdi və Tehran hakimiyyətinin dini-ideoloji təməllərini sarsıtdı. Hakimiyyət cəmiyyətin tələblərinə daha diqqətli olmağa məcbur oldu. 2024-cü ildə prezident seçilən Məsud Pezeşkian da seçki kampaniyası dövründə hicab qaydalarının sərbəstləşdiriləcəyini vəd etmişdi”.

Siyasi şərhçi qeyd edir ki, Pezeşkian hakimiyyətə gəldikdən sonra “Hicab və İffət” qanununun icrasını müvəqqəti olaraq dayandırıb:

“Qanun çox sərt idi və onun yenidən işlənməsinə ehtiyac olduğunu dedi. Həmin vaxtdan 6 ay sonra isə İsraillə münaqişə başlandı və bu, Tehranın diqqətini daxili məsələlərdən yayındırdı. Son üç il ərzində qadınların hicabla bağlı sərbəst davranışına artıq cəmiyyət öyrəşib. Hakimiyyət də bunu görür və yeni etiraz dalğasının yaranmaması üçün məsələyə loyal yanaşır”.

Sədrəddin Soltanın fikrincə, bu vəziyyət Tehran rejiminin “iki başlı siyasəti”nin göstəricisidir:

“Hakimiyyət bir tərəfdən cəmiyyətə sərbəstlik verir, digər tərəfdən isə qanunu ləğv etmir. Yəni, ‘Hicab və İffət’ qanunu dondurulmuş vəziyyətdə saxlanılır. Parlament və nəzarət şurası istənilən vaxt onu yenidən aktivləşdirə bilər. Beləliklə, rejim bu qanunu gələcəkdə yenidən ictimai təzyiq aləti kimi istifadə etmək üçün əlində saxlayır”.

Hazırda İranda qadınların böyük bir hissəsi hicabdan imtina edib və bu, artıq gündəlik həyatın bir hissəsinə çevrilib. Bununla belə, qanunun formaca qüvvədə qalması gələcəkdə yeni təzyiq və məhdudiyyətlərin bərpası ehtimalını açıq saxlayır.

Müşahidəçilər hesab edirlər ki, Tehran hakimiyyəti bu yolla həm cəmiyyətin liberal hissəsini sakitləşdirməyə, həm də dindar təbəqəni itirməməyə çalışır. Nəticədə, İran qadınları hələ də qeyri-müəyyənlik içində yaşayır – qanun var, amma icra olunmur; sərbəstlik var, amma hüquqi təminat yoxdur.

Beləliklə, İran rəhbərliyinin son addımı nə tam azadlıq, nə də tam qadağa anlamına gəlir – bu, sadəcə hakimiyyətin siyasi tarazlıq oyunu kimi dəyərləndirilir.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr