AZ

Qardaşının oğurlandığı şəhərə yenə rəhbər seçildi Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Tbilisi meri seçkilərində hakim “Gürcü Arzusu– Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze qalib gəlib.

“Qafqazinfo”nun məlumatına görə, o bu vəzifəyə 3-cü dəfə seçilib.

Kaxa Kaladze təkcə Gürcüstan siyasətində deyil, həm də post-sovet məkanında idmandan siyasətə keçidin ən uğurlu nümunələrindən biri hesab olunur.

Bir vaxtlar “Milan”ın və Gürcüstan millisinin kapitanı olan Kaladze, bu gün Gürcüstan paytaxtının idarəçiliyində mühüm fiqura çevrilib.

Kaxa Kaladze 1978-ci ildə Gürcüstanın Samtredia şəhərində anadan olub. Futbol karyerasına “Dinamo Tbilisi”də başlayıb, daha sonra Ukraynanın “Dinamo Kiyev” klubuna keçib.

Qeyd etmək lazımdır ki, hazırda Gürcüstan Prezidenti olan Giorgi Kavelaşvilinin də Kaladze kimi futbol keçmişi var.

O da bir vaxtlar “Manchester City” və “Dinamo Tbilisi” klublarında çıxış edib, sonradan siyasətə gələrək parlamentdə deputat, daha sonra isə prezident olub.

Bu fakt ölkə siyasətində “futbol diplomatiyası” anlayışını yenidən gündəmə gətirib.

Üçüncü dəfə Cənubi Qafqazın ikinci ən böyük şəhərinə rəhbər seçilən Kaladadzenin yaşıl meydanlardakı ən parlaq dönəmi İtaliyanın “AC Milan” klubunda olub.

O, “Milan”ın heyətində Çempionlar Liqasının ikiqat qalibi (2003, 2007) və İtaliya çempionu titulunu qazanıb.

Futbol meydanında sərt müdafiəçi kimi tanınan Kaladze, həm də liderlik xüsusiyyətləri ilə seçilib.

Özünün də dediyi kimi, onun sərt xarakterinin arxasında bir zamanlar ailəsində yaşadığı böyük itkinin də payı olub.

Belə ki, 2001-ci ildə kiçik qardaşı Levan Kaladze Tbilisidə oğurlanıb və illərlə itkin kimi axtarışda olub.

Hadisədən düz 5 il sonra, yəni, 2006-cı ildə cəsədi tapılıb.

Kaladze məhz həmin sarsıdıcı hadisədən sonra ictimaiyyət qarşısında ədalət və dəyişiklik uğrunda mübarizə aparacağına söz verib.

Daha sonra o, ailəsinin xatirəsinə hörmət olaraq Gürcüstanda itkin düşən şəxslərlə bağlı qanun layihəsinə təşəbbüs etmişdi:

“Levanın itkisi mənim həyatımı dəyişdi. Amma onun xatirəsi güc mənbəyim oldu.”

2012-ci ildə o, Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” hərəkatına qoşuldu və həmin il Gürcüstan parlamentinə deputat seçildi.

Qısa müddət sonra energetika naziri postuna təyinat aldı.

2017-ci ildən isə Tbilisinin meri kimi fəaliyyət göstərir.

Kaladze şəhər infrastrukturunun modernləşdirilməsi, ekoloji nəqliyyat və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələrlə çıxış edib.

Onun merliyi dövründə paytaxtda elektrikli avtobuslar, velosiped yolları və yaşıl enerji proqramları həyata keçirilib.

Tənqidçilər onu “şoumen siyasətçi” adlandırsa da,  çoxları deyir ki, o, Tbilisini Avropayönümlü şəhərə çevirib.

Elə bu üstünlüklərinə görə, bəzi yerli analitiklər hesab edir ki, Kaladze gələcəkdə Gürcüstanda Baş nazir postuna da namizəd ola bilər.

Telli Minbir

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
qafqazinfo.az

1Mənbələr