AZ

Suriyada Əsəddən sonrakı ilk seçki: bu gün Əhməd əş-Şaranın sınaq günüdür

Oktyabrın 5-də Suriyada parlament – Xalq Məclisi – seçkiləri günüdür. Ötən il dekabrın 8-də Bəşər Əsədin ölkəni tərk etməsindən sonra iqtidara gələn Əhməd əş-Şara liderliyindəki HTŞ koalisiyası tərəfindən təşkil olunan seçkilər keçid dövrü üçün qanunverici orqanın üzvlərini müəyyən edəcək. Əlbəttə, Şərq reallıqları əsasında.

Qeyd edək ki, Suriyada Xalq Məclisinə seçkilər bu ilin avqustunda elan olunub. Kürdlərin nəzarətində olan Raqqa və Hasake vilayətlərində, həmçinin druzların yaşadığı Suveyda vilayəti istisna olmaqla (bu vilayətlər Dəməşqin nəzarətində olmadığı və tam tabe edilmədiyi üçün – K.R.) Suriyanın 11 vilayətində 50 seçki dairəsi üzrə keçirilir.

Suriyanın keçid parlamentinin 210 nəfər üzvü olacaq. Bunların 1/3-ünü, yəni 70 nəfərini prezident Əhməd əş-Şara təyin edəcək, qalan 140 nəfər isə yerlərdəki seçim qurumları tərəfindən seçiləcək. Yəni bu, ümumxalq səsverməsi deyil, yerlərdə formalaşmış seçici orqanlar tərəfindən keçiriləcək seçkilərdir.

210 yer üçün ümumilikdə 1578 namizəd, o cümlədən 221 qadın namizəd seçkidə iştirak edir. Keçid parlamenti 3 il fəaliyyət göstərəcək və Suriyanın yeni konstitusiyası qəbul edildikdən sonra yeni parlament formalaşacaq.

Qeyd edək ki, Suriyadakı yerli və beynəlxalq ekspertlərin seçkilərlə bağlı fikirləri haçalanır. Seçkiləri müdafiə edənlərin əsas arqumenti odur ki, Suriyada dövlət yenidən inşa olunur və hakimiyyət üçün öz nəzarətində olan, müxaliflərin müdaxilə edə bilmədiyi bir məclis formalaşmış olacaq. Lakin istənilən halda bu, bir uğur, necə deyərlər, “irəliyə doğru atılmış bir addımdır”. Məsələ ondadır ki, keçən ay Suriyada keçirilmiş bir sorğunun nəticələrinə əsasən, əhalinin 61 faizi ölkədə demokratiyanın olmasını istəyir. Lakin Şara hakimiyyətinin dəstəkçilərinin arqumenti budur ki, hazırda daxildə separatçı qruplar, keçmiş rejim qalıqları və xarici təhdidlər hələ də davam etdiyi üçün hazırkı seçkilər irəliyə doğru addımdır.

Seçkiləri tənqid edənlər isə kürd və druz azlığının kənarda qalması, namizədlərin, habelə seçim edən şəxslərin mövzuda hakimiyyət tərəfindən müəyyən olunmuş şəxslər olması, namizədlərin xüsusi “filtrdən” keçirildiyi, nəhayət, Yaxın Şərqin digər despotik monarxiyalarında olduğu kimi, parlament üzvlərinin bir hissəsinin dövlət başçısı tərəfindən təyin olunmasını avtoritarizm əlaməti, Bəşər Əsəd rejimindən fərqlənməyən yanaşma adlandırır. Onların fikrincə, bu parlament hakimiyyətin kölgəsində qalacaq, daha çox prezidentin direktivləri əsasında, prezident tərəfindən təklif olunan qanunları təsdiqləyəcək qurum olacaq. Yeri gəlmişkən, Suriya əhalisinin yarıya qədəri qaçqın olduğu halda, seçkilər ölkədən kənarda keçirilməyib.

Suriyada

Ancaq daha pisi budur ki, seçkilərin bu şəkildə məhdud dairədə keçirilməsi Suriyada separatizm çağırışlarını gücləndirməklə yanaşı, hakimiyyətin legitimliyi və ən əsası, xalqın demokratik dəyişikliyə olan ümidinin puç olması, avtoritarizmin güclənməsinə səbəb olacağı ilə bağlı narahatlıqdır. Çevrilişdən sonra daha çox əhali qruplarının, xüsusən də etnik və dini azlıqların dövlət idarəçiliyi və siyasi hakimiyyətdə iştirakı gözlənilirdi, çünki bu, ölkədə pozulmuş milli birliyin bərpası üçün mühüm faktordur. Lakin bu şəkildə hakimiyyətin bir qrupun əlində cəmlənməsi güclü mərkəzi hakimiyyət qurulması istiqamətində faydalı olsa da, daxildə parçalanma meyillərini gücləndirə bilər. Unutmaq olmaz ki, hazırda Suriyada bir çox ölkələrin hərbi və kəşfiyyat gücü var, bu ölkələrin əksəriyyətinin maraqları heç də üst-üstə düşmür. Bu isə ölkənin taleyi ilə bağlı riskləri artırır.

Syria

Nəticə etibarilə, seçkilər Suriyada yeni dövlətin inşası istiqamətində növbəti addım olmaqla yanaşı, ciddi sualları da özü ilə gətirdi. Yeni Suriya güclü mərkəzi hakimiyyətin olduğu avtoritar rejim, yoxsa etnik və dini müxtəlifliyə malik ölkədə çoxluğun iradəsini əks etdirən bir hakimiyyət qurulacaq? Bu sual hələ də aktualdır və görünür ki, qarşıdakı illərdə Suriya ilə bağlı müzakirələrin mərkəzində yer alacaq.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

Seçilən
3
musavat.com

1Mənbələr