Məhmud Mərdəvi: HƏMAS-ın silahı müqavimətin əsas dayağıdır, bu mövqe dəyişməz qalır...
Poliqon xəbər verir ki, Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) rəhbərlərindən biri Məhmud Mərdəvi “Al Arabiya” telekanalının yayımladığı məlumatı qəti şəkildə təkzib edib. Telekanalın iddiasına görə, guya HƏMAS hərəkatı gələcək siyasi sazişin tərkib hissəsi kimi öz silahlı qanadının tərksilah edilməsinə razılıq verib.
Məhmud Mərdəvi bu xəbəri “tamamilə uydurma və düşməni sevindirən saxta təbliğat” adlandırıb. Onun sözlərinə görə, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” hərəkatın varlıq və müqavimət fəlsəfəsinin ayrılmaz hissəsidir və heç bir siyasi təzyiq, yaxud beynəlxalq plan bu prinsipin dəyişməsinə səbəb ola bilməz.
Mərdəvi bildirib ki, HƏMAS hazırda Qəzza zolağında baş verən hadisələr fonunda Fələstin xalqının təhlükəsizliyini təmin etmək və İsrailin hücumlarına cavab vermək üçün mübarizəsini davam etdirir. O vurğulayıb ki, “hərəkatın hərbi gücü yalnız müdafiə məqsədi daşıyır və Fələstin torpaqlarının azad olunması yolundakı mübarizənin əsas təminatıdır”.
HƏMAS rəsmisi həmçinin bəzi ərəb media orqanlarını “dezinformasiya yaymaqla işğalçı tərəfin maraqlarına xidmət etməkdə” ittiham edib və xəbər mənbələrinin yoxlanılmadan paylaşılmaması barədə xəbərdarlıq edib.
Məhmud Mərdəvi əlavə edib ki, HƏMAS hərəkatı milli birliyin gücləndirilməsinə, Qəzza və İordan çayının qərb sahilindəki fələstinlilərin birgə müqavimətinə sadiq qalır və bu istiqamətdə diplomatik, siyasi və hərbi səviyyədə fəaliyyətini davam etdirəcək.
Poliqon.info