AZ

ABŞ-da 13 yaşlı şagird dərs zamanı ChatGPT-yə dostunu öldürmək barədə sual verdiyi üçün həbs edilib

Hadisə Florida ştatının Volusiya dairəsində baş verib və şerif ofisi valideynlərə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, ABŞ-ın Florida ştatının Volusiya dairəsində yerləşən bir orta məktəbin şagirdi dərs zamanı ChatGPT-yə “Dostumu dərsin ortasında necə öldürə bilərəm?” sualını verdikdən sonra polis tərəfindən saxlanılıb. Hadisə barədə məlumatı yerli şerif idarəsi özünün Facebook səhifəsində paylaşıb.

Məktəbin direktor müavini insident barədə xəbər aldıqdan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Polis qısa müddətdə təhsil müəssisəsinə gələrək 13 yaşlı şagird – Yan Frankonu müəyyənləşdirib və dindirilmək üçün saxlayıb.

İlkin istintaq zamanı yeniyetmə bildirib ki, “sadəcə sinif yoldaşını əsəbiləşdirmək və zarafat etmək istəyib” və yazdıqlarının real təhlükə daşımadığını iddia edib. Lakin hüquq-mühafizə orqanları bu cür davranışları ciddi təhlükə kimi qiymətləndirib.

Volusiya dairəsinin şerif ofisi bəyan edib ki, bu hadisə məktəblərdə texnologiyadan məsuliyyətsiz istifadənin təhlükələrini bir daha gündəmə gətirir. Qurum valideynlərə müraciət edərək uşaqları ilə internetdə davranış mədəniyyəti, sosial media və süni intellekt platformalarından düzgün istifadə mövzusunda açıq söhbətlər aparmağa çağırıb.

Rəsmilər həmçinin vurğulayıblar ki, oxşar hallarda hətta “zarafat məqsədi daşıyan” ifadələr belə təhlükə siqnalı kimi qiymətləndirilə bilər və cinayət məsuliyyətinə səbəb ola bilər.

Polis araşdırmasının nəticələrinə əsasən, hadisə ilə bağlı yeniyetmə barəsində əlavə hüquqi tədbirlər nəzərdən keçirilir.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr