AZ

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə FIFA-nın İcraiyyə Komitəsinin toplantısında qərar qəbul edilib. Mundiala Azərbaycanla yanaşı, Özbəkistan da ev sahibliyi edəcək.

AFFA-nın texniki direktoru Cahangir Həsənzadə “Futbolpress.az“a açıqlamasında FIFA-nın təşkilatçılığı Azərbaycana verməsinin ölkəmizə olan etimadı göstərdiyini bildirdi:

“Azərbaycanın ev sahibliyi etməsi ölkəmiz üçün uğurdur. Bu, Azərbaycan futbolu üçün önəmli hadisədir. FIFA belə turnirlərdə nüfuzlu ölkələrə həvalə edir. Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb. Turnirin keçirilməsi ilə birlikdə Azərbaycanda futbolun inkişafı, təbliğatı daha artacaq. İnanıram ki, futbolumuz üçün yaxşı təkan olacaq”.

Mütəxəssis turnirin Azərbaycanda keçirilməsinin ölkə futboluna faydalarına toxundu:

“Bu cür mötəbər turnirin ancaq faydası olacaq. Düzdür, daha əvvəl ölkəmizdə beynəlxalq oyunlar olub, ancaq bu turnirin yeri başqadır. Mundiala yaxşı hazırlaşmaq lazımdır. Burda dünyanın nəhəng komandaları iştirak edəcək. Tədbirlər planı olacaq və federasiya da bunlarla bağlı da işlər görəcək.

Belə turnirlər Azərbaycanın beynəlxalq arenada tanınması, ölkəmizdə futbolun təbliğatını artıracaq, uşaqlar üçün əlavə motivasiya olacaq. Yeniyetmə oyunçular da artıq bu turnirdə olmaq üçün daha çox çalışacaqlar. Azərbaycanda olan hər bir tədbir yüksək səviyyədə keçirilir. Bu dəfə də daha üst səviyyədə təşkilatçılıq olmalıdır”.

Həsənzadə təşkilatı məsələlər və komandanın mundiala hazırlığı üçün görüləcək işlərdən söz açdı. O, infrastrukturun yaxşılaşdırılmasının, klublarla əlaqələrin daha sıxlaşmasının labüdlüyünü qeyd etdi:

“Sözsüz ki, klublarla əlaqələr daha sıxlaşacaq. Düzdür, indi də daim münasibətlər var. Ancaq mundiala hazırlıq üçün tədbirlər planı olacaq və bu fonda əməkdaşlıqlar daha yaxın olacaq.

Azərbaycanda meydança problemləri var və bu da öz fəsadlarını göstərir. Təbii örtüklü meydançalar artdıqca, keyfiyyət də olacaq. Düzdür, Avropada süni örtüklü meydançalar var, amma orda keyfiyyət başqadır. FIFA belə mundialı bizə həvalə edibsə, infrastruktur işləri də olacaq. İşçi qrupu təyin ediləcək və planlar istiqamətində işlər görüləcək”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
futbolpress.az

1Mənbələr