Araz Bağırov uzun müddət uşaq futbolunda məşqçi kimi çalışıb. Son illər isə biz onu böyük futbolda görürük. "Difai"də baş məşqçi kimi, "Kəpəz" və "Araz-Naxçıvan"da köməkçi məşqçi kimi çalışıb.
Gənc mütəxəssislə söhbətimizdə də məqsəd məhz bu iki fərqli sferada olan fərqləri tapmaq, xüsusilə uşaq futbolundakı vəziyyəti yaxından tanımaq oldu.
- Məşqçilik karyerasını uşaq futbolundan başlamaq təsadüfi alındı, yoxsa öz seçimindir?
- Birbaşa böyük futbolda məşqçilik karyerasına başlamaq üçün gərək böyük də futbolçu karyeran olsun. Mənim də elə futbolçu karyeram olmadığı üçün uşaq futbolundan başlamışam.
- İşə harada başladınız?
- 6 ay "Rəvan" komandasında praktika keçdim. Ardınca "Qarabağ"dan dəvət gəldi. U-19 komandasında Zaur Həşimovun köməkçisi oldum. 5 il orada fəaliyyət göstərdim. 2020-ci ildən "Sabah" klubunda 3 il çalışdım. Bir sözlə, 10 ilə yaxın uşaq futbolunda olmuşam. Demək olar bütün yaş qruplarında işləmişəm.
- Bu təcrübə məşqçi kimi sizə nə verib?
- Futbolun vacib tərəfidir. Hər məşqçi bu yol keçsə faydası vardı. Biz "Qarabağ"da olanda Niderlanda getmişdik. "Ayaks"ın akademiyasında Van Nisterloy, Van Bomel kimi ulduzlar məşq keçirdi. Məncə, hamının yolu ordan düşsə yalnız qazanar.
- Uşaq futbolunda məşqçi kimi çalışmağın üstünlüyünü qeyd etdiniz. Bəs çətinliyi nədir?
- Beynəlxalq təcrübə azdır. İstər məşqçilərin, istərsə də futbolçuların. Məncə, ən böyük çətinlik budur. Təməl qrupu yaxşı olan Avropa klubları ilə təmaslar qurulmalıdır. Son illər "Qarabağ"da bu problem yoxdur. Bizə yaxın olan Gürcüstandır. Orada uzun illər koordinatorlar ispaniyalı, italiyalı mütəxəssislər olurdu. Bu da xarici əlaqələrdə önəmli yer alır. Bizdə "Qəbələ"də belə şeylər olub. Niderlanddan, Türkiyədən məşqçilər gəlirdi. Çox adam süni örtükdən şikayət edir. Bunun futbola dəxli yoxdur. "Benfika"nın ikinci komandasında süni örtüklü meydançada oyunlarını keçirir.
- Bəs süni örtüklü meydançaların keyfiyyəti qənaətbəxşdirmi?
- Hə,keyfiyyət məsələsi tam başqa söhbətdir. Meydançalara fasilə verilmir, baxım çox aşağıdır. Binədə olan stadionda çox sayda oyunlar keçirilir. Amma nə normal sulanır, nə də normal daranır. Soyuq ölkələr hamısı süni örtükdən istifadə edir. Keyfiyyətli örtük olsa belə, baxım olmasa sıradan çıxacaq. Qısası, süni örtüklü meydançaların uşaqlara mane olması doğru deyil.
- Rəqabət mühiti yetəri qədər var?
- Rayonlarda iqtisadi vəziyyət inkişafa mane olur. Bakıda şərait yaxşıdır, əhali çoxdur. Belədə seçim çoxalır. Zaqatala, Qusar kimi yerlərdə Premyer Liqa klubları olsa, əminəm ki, rəqabətdə yaxşı uşaqlar da çox çıxar. Qusardan, Tovuzdan hər zaman keyfiyyətli uşaqlar çıxıb. Adını çəkdiyim bölgələrdə böyük futbol və şərait olsa yaxşı olardı. Bakı klubları bəzən bir idman dəstinə rayon uşaqlarını heyətinə qata bilir. Şərait olandan sonra öz rayonunda qalar. Əslində az yaşda evini, doğmalarını qoyub Bakıya gəlməsi düzgün deyil. Avropada da bunun əleyhinədirlər. Maksimum öz yaşadığı ünvana yaxın olsalar yaxşı olar. Hə, 15-16 yaşdan sonra belə şeylər normaldır. 12-13 yaşda isə ortaya ciddi problemlər çıxır.
- Zaman-zaman məşqçilərimiz deyir ki, 12-13 yaşında çox yaxşı istedadlarımız var. Beynəlxalq turnirlərdə də seçilirlər. Bəs o uşaqlar sonra niyə üzə çıxmır?
- Mən o fikirlə razı deyiləm. Özümüzü aldatmayaq. 15-16 yaşda istedadlarımız var deyib, özümüzü təmizə çıxarmayaq. Bugünkü gündə özbəklər o yaşda bizi udur. Problem daha dərindədir. Bəlkə, 10 yaşlılar arasından düzgün seçim etsək, təməl düzgün qurulsa 15-16 yaşa daha yaxşı çıxara bilərik. Belədə sonra o uşaqları itirmərik. 13 yaşdan sonra uşaqların ümumi koordinasiyası dəyişir.
- O zaman nə etmək lazımdır?
- Onda daha intensiv məşqlər lazımdır. Niderlandda akademiyanın cüdo müəllimi vardı. Gündəlik 1 saatlıq məşqlə uşağı düzəldə bilmərsən. Əlavə məşq saatları olmalıdır. Xüsusilə 13 yaşdan sonra bu şeylər tələb olunur. Pandemiya zamanı Tiflis "Dinamo"suna 15 yaşlı 1 uşaq göndərmişdim. Deyirdi ki, həftədə 2 dəfə məşqdən öncə fitnes zalında olurduq. Bizdə indi-indi 19 yaşlı uşaqlar bunu görür. Premyer Liqa klublarında olan yerli uşaqlarda saydığınız boşluqlar aydın sezilir. Kitab oxumaq intellektual səviyyə deyil. Uşağın hazırcavablığı başqa şeydir. Gürcü uşaqlar bəlkə 1 dəfə kitab üzü açmayıb, amma 12-13 yaşlı uşaqla söhbət edəndə sanki düşünürsən bunun 15-16 yaşı var.
- Boşluğu necə doldurmaq olar?
- Bizim uşaqların kitab oxumaqdan çox sərbəst olması, öz-özünü daha tez idarə etməsi vacibdir. Öz qərarlarını verməyi bacaran insanlar lazımdır. Kitab oxumaq zərərli deyil, amma yaxşı oynamağın yolu ondan keçmir. Dünya futbolundakı ulduzların əksəriyyəti kasib ailələrdən çıxıb, təhsil almaq imkanları olmayıb. İbrahimoviç bəlkə də məktəb görməyib. Özü deyir ki, mən ya bandit olacaqdım, ya da futbolçu. Bu gün "Milan" kimi klubu idarə edir.
- Həm uşaq futbolunda, həm də böyük futbolda çalışan biri kimi hansı daha cəlbedicidir?
- Öz fəlsəfəni qurmaq üçün 15-16 yaş qrupları daha uyğundur. Orada daha rahat olur. Premyer Liqada 3-5 aya nəsə etmək çətindir. Planlarını həyata keçirməyə ən azı 2 il lazımdır. "Araz-Naxçıvan", "Kəpəz"də bu işləri görmək istəyirdik. Proses başlamışdı. Amma məlum səbəblərdən yarımçıq qaldı. Burada da maliyyə rol oynayır. Akademiyalarda da qazanc çox aşağıdır.
XANOĞLAN İMANOV