Şimali Koreya lideri yeni hərbi gəminin təqdimatında ölkənin dəniz gücünün artırılmasının strateji əhəmiyyətini vurğulayıb...
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin suverenliyini və təhlükəsizliyini qorumaq məqsədilə Hərbi Dəniz Qüvvələrinin (HDQ) sürətli inkişafının zəruriliyini bəyan edib.
Poliqon xəbər verir ki, bu barədə məlumatı bazar ertəsi Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.
Kim Çen In bu açıqlamanı yeni "Çve Xyon" esminesinin göyərtəsində edib. Gəmi KXDR-in hərbi texnika sərgisi çərçivəsində nümayiş etdirilib. Dövlət başçısı bildirib ki, ölkənin təhlükəsizliyinin təmin olunması üçün “dənizdə güclü HDQ potensialı nümayiş etdirilməli, düşmənin təxribatlarının qarşısı alınmalı və zəruri hallarda cavab zərbəsi endirilməlidir”.
Şimali Koreya lideri əlavə edib ki, hakim Fəhlə Partiyası “dövlət suverenliyinin əsas dayağı olan Hərbi Dəniz Qüvvələrinin hərtərəfli və sürətli genişlənməsi, həmçinin döyüş qabiliyyətinin artırılması istiqamətində mübarizədə heç bir fasiləyə yol verməyəcək”.
Məlumata görə, "Çve Xyon" esminesi 2025-ci ilin aprelində suya buraxılıb və yapon işğalçılarına qarşı mübarizə aparmış qəhrəmanın adını daşıyır. Gəminin ümumi su tutumu 5 min ton təşkil edir ki, bu da onu KXDR HDQ-nin ən iri döyüş gəmisi edir. Esmines müasir hərbi texnologiyalarla təchiz olunub: onun silah sisteminə hipersəs sürətli strateji qanadlı raketlər və taktiki ballistik raketlər daxildir.
Ekspertlər bildirirlər ki, “Çve Xyon”un donanmaya daxil edilməsi Pxenyanın dənizdəki imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və regionda balansı dəyişə bilər. KXDR-in son illərdə raket və gəmiqayırma proqramlarına ciddi diqqət ayırması ölkənin özünümüdafiə konsepsiyasını yeni mərhələyə keçirdiyini göstərir.
Poliqon.info