Kartelə daxil olan səkkiz ölkə hasilatı gündəlik 137 min barrel artırmaq qərarı verib...
Poliqon xəbər verir ki, OPEK+ təşkilatına üzv səkkiz ölkə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman 5 oktyabr tarixində keçirilən virtual iclasın nəticələrinə əsasən, 2025-ci ilin noyabr ayından etibarən neft hasilatını artırmaq barədə razılığa gəlib. Qərara görə, ümumi hasilat gündəlik 137 min barrel artırılacaq.
Bu addım 2023-cü ildə tətbiq olunan könüllü hasilat məhdudiyyətlərinin mərhələli şəkildə yumşaldılması ilə əlaqələndirilir. Təşkilatın bəyanatında qeyd olunur ki, hasilatın artırılması qərarı bazardakı vəziyyətdən və tələb-təklif balansından asılı olaraq gələcəkdə yenidən nəzərdən keçirilə bilər.
Məlumata görə, OPEK+ üzvləri bu qərarı qlobal enerji bazarında sabitliyi qorumaq və artan enerji tələbatına uyğunlaşmaq məqsədilə qəbul ediblər. Ekspertlər bildirirlər ki, hasilatın tədricən artırılması həm neft qiymətlərində kəskin dəyişikliklərin qarşısını almağa, həm də üzv ölkələrin büdcə gəlirlərini sabit saxlamağa xidmət edəcək.
Hazırda OPEK+ ölkələri dünya neft hasilatının təxminən 40 faizinə nəzarət edir və təşkilatın qərarları beynəlxalq enerji bazarlarında mühüm istiqamətverici rol oynayır.
Poliqon.info