AZ

Tramp: Bu həftə sonu HƏMAS və dünya ölkələri ilə çox müsbət danışıqlar aparılıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu həftə sonu Fələstinin HƏMAS hərəkatı və dünyanın müxtəlif ölkələri ilə çox müsbət danışıqlar aparılıb.

“Bu həftə sonu HƏMAS və dünyanın müxtəlif ölkələri (ərəb, müsəlman və digərləri) ilə girovların azad olunması, Qəzzada müharibənin dayandırılması, lakin ən əsası, çoxdan gözlənilən SÜLÜŞümüzü Yaxın Şərqə gətirmək barədə çox müsbət danışıqlar aparıldı”, – Tramp TruthSocial platformasında yazıb.

ABŞ prezidenti danışıqların uğurla keçdiyini və sürətlə davam etdiyini vurğulayıb.

Onun sözlərinə görə, texniki heyətlər bazar ertəsi günü Misirdə yenidən görüşərək danışıqların detalları üzərində işləyəcək və razılaşmanı yekunlaşdıracaqlar. Tramp əlavə edib ki, birinci mərhələnin bu həftə başa çatdırılması planlaşdırılır:

“Mən hamını sürətli hərəkət etməyə çağırıram. Bu əsrlərlə davam edən münaqişəni diqqətlə izləməyə davam edəcəyəm. Vaxt həlledici amildir – əks halda heç kimin görmək istəmədiyi kütləvi qan tökülməsi baş verə bilər.”

Bu arada CNN xəbər verir ki, İsrail, ABŞ və HƏMAS nümayəndə heyətləri artıq danışıqlar üçün Misirə toplaşıblar.

Qeyd edək ki, ABŞ və İsrail daha əvvəl israilli girovların tezliklə azad ediləcəyinə ümid etdiklərini bildirmişdilər.

Seçilən
1
veteninfo.az

1Mənbələr