AZ

Tramp Venesuelada narkotik kartellərinə qarşı quru əməliyyatları ilə hədələyib

ABŞ prezidenti Donald Tramp zərurət yaranarsa Venesuelanın narkotik kartellərinə qarşı quru əməliyyatlarını istisna etməyib. O, bu barədə oktyabrın 5-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Virciniya ştatının Norfolk şəhərindəki əsas bazasında dəniz xidmətinin 250 illiyi ilə bağlı çıxışı zamanı bildirib.

"Onlar artıq dənizlə gəlmirlər, ona görə də biz quruya baxmalıyıq, çünki onlar qurudan gəlməli olacaqlar. Və sizə deyim ki, bunun onlar üçün sonu yaxşı olmayacaq", - Tramp deyib.

Amerika lideri həmçinin ABŞ ordusunun Venesuela yaxınlığında beynəlxalq sularda narkotik daşıdığı iddia edilən başqa bir gəmiyə zərbə endirdiyini də açıqlayıb.

"Həmin qayıqların hər biri 25 min amerikalının ölümünə və onların ailələrinin məhvinə görə məsuliyyət daşıyır. Əgər bu cür düşünsəniz, biz yaxşı iş görürük", - siyasətçi izah edib.

ABŞ Karib dənizinin cənubunda narkotik qaçaqmalçılığına qarşı əməliyyat keçirir. Sentyabrın 3-də ABŞ dövlət katibi Marko Rubio “narkoterror təşkilatı”na aid olduğu iddia edilən gəminin ilk dəfə batması barədə məlumat verib.

Oktyabrın 3-də ABŞ-ın hərbi naziri Piti Heqset bəyan edib ki, ABŞ qüvvələri prezident Trampın göstərişi ilə Venesuela sahillərində bir gəmini məhv edib. Heqset gəminin narkotik daşıdığını və hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib.

Almaz Həsənli

Seçilən
29
oxumeni.az

1Mənbələr