AZ

Rusiya hələ də Suriyadan əl çəkməyib..

Moskva post-Əsəd dövründə Suriyada təsirini necə qoruyub saxladı?..

Müəllif: Xanna Notte - Ceyms Martin adına Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə Tədqiqatlar Mərkəzinin Avrasiya Proqramının direktoru və Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Avropa, Rusiya və Avrasiya Proqramının dəvətli baş elmi əməkdaşı

Foreign Affairs Nəşri

Keçən ilin dekabrında “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi silahlı fraksiyalar Suriya diktatoru Bəşər Əsədi devirdikdə, bir çox müşahidəçilər Rusiyanın Suriyadakı günlərinin sayılı olduğuna inanmışdılar. Onilliklər boyu Moskva Əsəd ailəsi ilə sıx əlaqələr saxlamışdı. Bir il öncə isə Moskva HTŞ-nin nəzarətində olan bölgələri bombalayıb. HTŞ lideri Əhməd əş-Şaranın Dəməşqdə hakimiyyətə gəlməsi ilə “The Economist” xəbərdarlıq etmişdi ki, Rusiyanın Suriyadakı hərbi mövcudluğu “bir tellə asılı vəziyyətdədir”. Rusiyada da narahatlıq hökm sürürdü: Əsədin süqutundan dərhal sonra qəzetlər Yaxın Şərqdə əsas müttəfiqin itirilməsindən yazır, hərbi bloqqerlər isə ölkənin Suriyadakı bazalarının və dayaq məntəqələrinin gələcəyindən təşvişə düşmüşdülər.

Lakin bu müddət ərzində Rusiya gözləntiləri alt-üst edərək Suriyanın Aralıq dənizi sahilindəki əsas bazalarını, Tartusdakı hərbi-dəniz obyektini və Hmeymim aviabazasını qorumaqla yanaşı, ölkənin şimal-şərqində də mövqelərini gücləndirməyə nail oldu. Rusiya diplomatları yeni Dəməşq rəhbərliyi ilə sürətlə əlaqələr quraraq suriyalıların Moskvaya böyük dövlət kimi baxmasından istifadə etdilər. Şara isə bütün xarici oyunçularla münasibətləri yaxşılaşdırmaq niyyətində idi. Cavab olaraq, Suriyanın yeni liderləri Moskvaya qarşı konstruktiv ton tutdular, çünki onlar rus enerjisinə, taxıl tədarükünə, BMT-də lehinə səs verən tərəfdaşlara və bəlkə də silah tədarükünə möhtac idilər. Moskva ilə işləməklə Şara hökuməti həm keçmiş rejim tərəfdarlarının revanş cəhdlərini cilovlamağa, həm də Qərbə göstərməyə çalışır ki, Suriyanın enerji və müdafiə sahəsində alternativ dəstək mənbələri var. Eyni zamanda, İsrailin hərbi fəallığını da müəyyən qədər məhdudlaşdırmaq istəyirlər.

Maraqlıdır ki, digər regional tərəflər də Suriyada Rusiyanın müəyyən səviyyədə mövcudluğunun davam etməsində maraqlıdırlar. Çünki bir çox qüvvələr üçün Moskva balanslaşdırıcı faktor rolunu oynayır. Həm İsrail, həm də Türkiyə Rusiyanın təsirindən bir-birinin həddindən artıq güclənməməsi üçün istifadə etməyə çalışır. Əsasən kürdlərin təşkil etdiyi koalisiya “Suriya Demokratik Qüvvələri” (SDQ) isə ABŞ-nin onları tərk etməsi və ya Dəməşqin onların muxtariyyət cəhdlərini boğması ehtimalına qarşı Rusiyanın dəstəyinə bel bağlayır.

Rusiyanın Suriyada dayaqlarını qoruması Avropa rəsmiləri arasında da narahatlıq yaradıb. Yazda Avropa Parlamenti deputatları Suriyanın yeni hökumətini Rusiyanın hərbi mövcudluğunu qadağan etməyə çağırmışdılar. Lakin Moskva bazalarını saxlayarsa belə, artıq Suriyanın gələcəyini müəyyənləşdirən əsas oyunçular arasında olmayacaq. Ukraynada bataqlığa düşən Rusiyanın nə maliyyə, nə də hərbi resursları buna kifayət edər. Onun rolu Fars körfəzi ölkələri, Türkiyə, eləcə də ABŞAvropa dövlətləri qarşısında kölgədə qalacaq. ABŞAvropa liderləri anlamalıdırlar ki, Rusiyanın Suriyada məhdud mövcudluğu qaçılmazdır. Yeni hökuməti Moskva ilə tam seçim qarşısında qoymaq əvəzinə, Suriyanın idarəçilik və iqtisadi bərpasına ardıcıl və səbirli dəstək göstərmək daha doğru yoldur.

Düşmənmi, yoxsa dostmu?

Moskvanın Əsəd ailəsi ilə əlaqələri soyuq müharibə dövrünə, Hafiz əl-Əsədin Suriya rejimini SSRİ-nin orbitinə daxil etdiyi illərə gedib çıxır. 2000-ci ildə hakimiyyətə gələn Bəşər əl-Əsəd Moskvaya xüsusi simpatiya bəsləməsə də, münasibətləri qorudu. On il sonra isə dinc etirazlara qəddarlıqla cavab verərək ölkəni vətəndaş müharibəsinə sürüklədi və Rusiya onun rejimini həm BMT Təhlükəsizlik Şurasının sanksiyalarından qorudu, həm də hərbi müdaxiləyə başladı.

Bu müdaxilə Rusiyaya müharibənin gedişinə ciddi təsir etmək imkanı verdi. 2017-ci ildə Rusiya hərbi polisi İran və Türkiyənin dəstəklədiyi “de-eskalasiya zonalarına” yeridildi. Bu müddətdə Moskva müxtəlif silahlı qruplarla işləmək, yerli qarşıdurmaları həll etmək və təhlükəsizlik rejimləri tətbiq etmək təcrübəsi qazandı. Həmçinin Tartus və Hmeymim bazalarını genişləndirərək NATO-nun cənub cinahında öz hərbi izini möhkəmləndirdi. Nəticədə, regiondakı bütün əsas oyunçular, Fars körfəzi monarxiyaları, İran və “Hizbullah”, İsrail, Türkiyə və ABŞ Rusiya ilə qarşıdurmadan qaçmaq üçün koordinasiya mexanizmləri qurmalı oldular.

2022-ci ildə Ukraynaya hücumdan sonra isə Moskvanın diqqəti yayındı, Suriya siyasəti isə inersiyaya əsaslanmağa başladı. Kreml hesab edirdi ki, az qüvvə ilə də status-kvonu qorumaq mümkündür. 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın hücumundan sonra İsrailin reaksiyası sərtləşdikcə, İsrail ordusu Suriyada İrana bağlı obyektlərə zərbələri artırdı. Rusiya buna cavab olaraq Qolan təpələri yaxınlığında patrulları gücləndirdi, İdlibdə müxalifət mövqelərini bombaladı. Lakin bu, Əsəd rejiminin süqutunun qarşısını almağa kifayət etmədi. 2024-cü ilin noyabrında üsyançılar sürətlə irəlilədilə və Rusiya qüvvələri əsasən müdaxilə etmədən kənarda qaldı.

Əbədi düşmən olmur

Əsədin devrilməsindən sonra çoxları Rusiyanın Suriyada sonunun çatdığını düşündü. Lakin bir neçə gün keçməmiş Moskva yeni rəhbərliklə əlaqələr qurmağa başladı. Rusiya KİV-ləri HTŞ-ni “terrorçu təşkilat” kimi təqdim etməyi dayandırdı. 2025-ci ilin yanvarında BMT-də rus diplomatlar keçid hökumətini “bacarıqlı addımlarına” görə təriflədilər. Elə həmin ay Rusiya nümayəndə heyəti Dəməşqə səfər edərək bazaların statusu, qaz yataqları və limanlara investisiyalar barədə danışıqlar apardı. Suriyanın dövlət agentliyi SANA-nın məlumatına görə, Dəməşq tərəfi Moskvadan Əsəd rejiminə dəstəyə görə təzminat və bərpa işlərinə yardım da tələb edib. Yeni hökumət Əsədin ekstradisiyasını istəsə də, prezident Vladimir Putin bunu etmədi. Bununla Putin avtoritar tərəfdaşlarını “yarı yolda qoymayan” lider imicini qorumağa çalışdı.

Rusiya üçün əsas məsələ bazalara çıxışı saxlamaq idi. Tartus və Hmeymim illər ərzində Afrikadakı əməliyyatlar üçün mühüm logistik mərkəzlərə çevrilmişdi. Əsədin devrilməsindən dərhal sonra Moskva bəzi gəmiləri Tartusdan çıxardı, təyyarələri isə digər Suriyadakı meydanlardan Hmeymimə köçürdü. Fevralda Suriyanın yeni müdafiə naziri “Siyasətdə əbədi düşmənlər yoxdur” deyərək Moskvanın bazaları saxlaya biləcəyinə işarə etdi.

Eyni zamanda Rusiya faydalılığını göstərməyə çalışırdı. Yazda Suriyaya neft, dizel və buğda göndərdi. Reuters-in məlumatına görə, “Qosznak” adlı rus şirkəti Suriya üçün yeni əskinaslar çap etməyə hazırlaşır. BMT Təhlükəsizlik Şurasında veto hüququna malik Moskva Şara və onun komandası üzərindən “terrorizm” ittihamlarının və sanksiyaların qaldırılmasına kömək edə bilər. Sovet və rus silah sistemlərində təlim görmüş yeni Suriya ordusu da gələcəkdə rus silahlarına ümid edə bilər.

Suriyalıların çoxu Rusiyanı şəhərləri bombaladığına görə nifrətlə xatırlayır. Lakin Moskva, İrandan fərqli olaraq, məzhəbçi niyyətli qüvvə kimi qəbul edilmir. Onu daha çox soyuqqanlı, praqmatik və qəddar imperiya kimi görürlər. Bu imic və Şaranın qardaşı Məhərin Rusiyadakı əlaqələri Moskvaya qarşı sərt addımların qarşısını alıb.

Yeni rəhbərlik “dünyanın ikinci ən güclü dövləti” ilə münasibətləri bərpa etməyə hazır olduqlarını açıq şəkildə göstərdi. İyulda xarici işlər və müdafiə nazirləri, kəşfiyyat rəhbəri və prezident administrasiyasının baş katibi Məhər əş-Şaranın daxil olduğu 20 nəfərlik nümayəndə heyəti Moskvaya səfər etdi. Tərəflər Əsəd dövrünün sazişlərini yenidən nəzərdən keçirmək və iqtisadi əməkdaşlıq müzakirələrini başlatmaq barədə razılığa gəldilər. SANA Agentliyi bu səfəri “əlaqələrin yeni dövrünün başlanğıcı” adlandırdı.

Şübhəli niyyətlər

Yeni Suriya rəhbərliyi daxili xaosu idarə etmək məcburiyyətindədir. Martda sünni yaraqlılar sahil bölgəsində minlərlə ələvini qətlə yetirdilər. İyulda isə cənub-qərbdə bədəvilərlə druz qrupları arasında toqquşmalarda yüzlərlə insan həlak oldu. İsrail isə Qolan təpələrinin yaxınlığında bufer zona yaradaraq Suriyanın dərinliklərindəki obyektlərə zərbələr endirməyə davam edir. Buna baxmayaraq, tərəflər artıq təhlükəsizlik sazişi barədə ilkin danışıqlara başlayıblar.

Bu şəraitdə Dəməşqin Moskva ilə təmasları həm də praktik xarakter daşıyır. Bu, ABŞAvropaya siqnal göndərir: Suriyanın alternativ tərəfdaşları var. Rusiya ilə diplomatik əlaqələr Əsədin sadiq tərəfdarlarının ümidlərini soyudur və İsrailə qarşı Moskva kanalı ilə balans yaratmaq imkanı verir. Şara hökuməti Putinin İsrail baş naziri Benyamin Netanyahuyla münasibətlərindən istifadə edərək İsrailin Suriyada daha ehtiyatlı davranmasına nail olacağına ümid edir. “Sıfır problem” siyasəti elan edən yeni rəhbərlik Kremlin xoş münasibətini qorumağı faydalı sayır.

İsrailin də Rusiyanın orta səviyyəli mövcudluğunda marağı var. Təl-Əviv Şaranı radikal islamçı kimi görür və Türkiyənin - antisemitizm və siyasi islamın bölgədəki təbliğində ittiham etdiyi ölkənin - Suriyada artan rolundan narahatdır. Ankara kürd muxtariyyətinə son qoymaq üçün mərkəzləşdirilmiş Suriya istəyir. İsrail isə əksinə, parçalanmış Suriyanı daha idarəolunan sayır və rus varlığının bölgə balansını qoruyacağına inanır.

Türkiyə də Rusiyanın varlığını öz maraqları üçün faydalı sayır. Ankara həm İsrailin sərt əməliyyatlarından, həm də Səudiyyə Ərəbistanının artan fəallığından narahatdır. Əvvəllər Ər-Riyad SDQ-ni maliyyələşdirirdi. Türkiyə ümid edir ki, Moskva vasitəsilə həm İsrailin fəallığını cilovlayacaq, həm də Şaranın BMT-də “terrorçu” siyahısından çıxarılmasına nail olacaq. Bu ümidlər əsassız deyil: Rusiya Əsəd dövründə Türkiyənin SDQ-yə qarşı əməliyyatlarına göz yummuş və onunla birlikdə Suriyanın şimalında patrullar aparmışdı.

SDQ isə yəqin ki, hamıdan çox Rusiyanın dəstəyinə bel bağlayır. Şara hakimiyyətini möhkəmləndirdikcə onların muxtariyyəti təhlükə altına düşür. Son aylarda kürdlər həm Türkiyəyə, həm də Dəməşqə qarşı öz mövqelərini qorumaq üçün Moskva ilə təmaslarını artırıblar. ABŞ-nin hərbi varlığını azaltması halında Rusiyanın əlavə müttəfiq kimi çıxış etməsi onların əsas ümididir. Yaz və yay aylarında Moskva Kamışlı hava limanı yaxınlığında yeni hərbi bölmələr yerləşdirib, radioelektron mübarizə sistemləri quraşdırıb və müdafiə perimetri möhkəmləndirib. Rusiya əvvəllər də kürdlərin hüquqlarını müdafiə etmiş və mərkəzi hökumətlə danışıqlarda vasitəçilik təklif etmişdi.

Beləcə, İsrail, Türkiyə və SDQ bir-birinə zidd məqsədlərlə Rusiyanın təsirindən faydalanmağa çalışır. Moskvanın keçmiş manevr qabiliyyətini nəzərə alsaq, hər bir tərəf ümid edir ki, onun maraqları üstün tutulacaq.

Zərbə alsa da, sınmayıb

Yaxın gələcəkdə Suriya zəif və parçalanmış olaraq qalacaq, xarici oyunçular isə Dəməşq üzərində və qeyri-rəsmi təsir zonalarında mübarizə aparacaqlar. Bu dəyişkən mənzərədə Rusiya da oyunçulardan biri olaraq qalacaq, amma bu əsas deyil. Şaranın oktyabrda Moskvaya planlaşdırılan səfəri ərəfəsində görünür ki, Rusiya Suriyadan qovulmaqdan yayınmağı bacarıb. Lakin ölkənin əsas ehtiyacı indi iqtisadi yardım, sərmayə və sanksiyaların qaldırılmasıdır. Bunu isə yalnız Fars körfəzi ölkələri, Türkiyə, ABŞAvropa təmin edə bilər. Ukrayna müharibəsindən öncə belə, Rusiyanın Suriya iqtisadiyyatına real dəstək potensialı az idi; indi isə daha da azalıb.

Əgər Moskva bazalarını saxlaya və müxtəlif güclər üçün faydalı tərəfdaş olaraq qalarsa, bu, özü-özlüyündə böyük uğur sayılacaq. Onun təsiri artıq əvvəlki səviyyəyə qayıtmayacaq, amma Rusiya Aralıq dənizi sahillərində hərbi dayaqlarını qorumaqla gələcəkdə həm Yaxın Şərqdə, həm də Afrikada əməliyyatlar aparmaq üçün platforma saxlamış olacaq. Xüsusilə Ukrayna müharibəsi bitdikdən sonra bu, Kremlin “Afrika Korpusu” adlanan yeni yarıhərbi strukturu üçün əhəmiyyətli olacaq.

Qərb dövlətləri isə Suriyanın yeni rəhbərliyini Moskva ilə təmaslara görə cəzalandırmamalıdır. Əsədin devrilməsindən dərhal sonra Niderlandın xarici işlər naziri Kaspar Veldkamp demişdi: “Biz istəyirik ki, ruslar getsin”. Lakin Şara Suriyanı yenidən Moskvanın orbitinə qaytarmaq niyyətində deyil. Əksinə, o, Rusiya ilə Qərb arasında incə balans qurmağa çalışır. Sentyabrda Suriya Ukrayna ilə diplomatik əlaqələri bərpa etdi. Rusiyanın bazalarının İranın yenidən Suriyaya qayıtması üçün kanal rolunu oynaması da az ehtimal olunur — İsrail ordusu belə cəhdləri əvvəlcədən qarşısını alacaq.

Suriyanın rəhbərliyi indiki böhranlı mərhələdə Moskvanı düşmənə çevirməməlidir. ABŞAvropa da Rusiyanın hərəkətlərindən təşvişə düşmək və ya yardımını Dəməşqin Moskva ilə tam qopmasına bağlamaq əvəzinə, suriyalılara vətəndaş müharibəsi və yarım əsrlik avtoritarizmdən sonra bərpa prosesində dəstək verməyə fokuslanmalıdır. Rusiyanın gələcəkdə Suriyanı öz təsir meydanına çevirməməsinin ən etibarlı yolu bu ölkə ilə bu gündən sağlam münasibətlər qurmaqdır.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr