AZ

Kuba Rusiyaya 20 min muzdlu döyüşçü göndərib ABŞ Dövlət Deprtamentindən sərt ittihamlar

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ diplomatıların açıqlamasına görə, hazırda 1 mindən 5 minədək Kuba vətəndaşı Ukraynada Rusiya tərəfində vuruşur və Havana hakimiyyəti bu prosesə açıq dəstək verir.

Məlumata görə, ABŞ Dövlət Departamenti dünyanın onlarla ölkəsindəki səfirliklərinə göndərdiyi teleqramda Kubanı Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən əsas dövlətlərdən biri kimi təqdim edib.

“Şimali Koreyadan sonra, Kubadan gələn döyüşçülərin sayı ən yüksəkdir. Fərq ondadır ki, Pxenyan rəsmi şəkildə öz hərbçilərini cəbhəyə göndərib, Kuba isə muzdlu döyüşçülərin cəlb edilməsinə göz yumur”, – sənəddə qeyd olunur.

Ukrayna tərəfi də son həftələrdə kubalı muzdlu döyüşçülərin artdığını açıqlayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib ki, Rusiyanın tərəfində vuruşan kubalıların sayı 20 minə qədər ola bilər. Onun sözlərinə görə, artıq 39 kubalının ölüm faktı təsdiqlənib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib: “Kuba rejimi öz vətəndaşlarını qorumaqda aciz qaldı və onlar Rusiya-Ukrayna müharibəsində piyada qüvvəyə çevrildilər”.

Rusiya tərəfi hələlik kubalıların müharibədə iştirakı ilə bağlı yayılan xəbərləri şərh etməyib.

Xatırladaq ki, BMT Baş Assambleyasında Kuba əleyhinə sanksiyaların ləğvi ilə bağlı qətnamə layihəsi bu həftə müzakirəyə çıxarılacaq. Belə qətnamələr 1992-ci ildən etibarən hər il qəbul edilir, lakin onlar icbari xarakter daşımır. Ötən il sənədin lehinə 187 ölkə səs verib, yalnız ABŞ və İsrail əleyhinə çıxıb.

ABŞ-nin Kubaya münasibəti xüsusilə Donald Trampın hakimiyyətə gəlməsindən sonra daha da sərtləşib. Kuba yenidən terrorçuluğu dəstəkləyən dövlətlərin siyahısına salınıb.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr