AZ

Şeyxülislam Allahşükür Paşazadə ABŞ-da səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə oktyabrın 4-də Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak etdi.
QMİ sədri A. Paşazadənin Konfransa Müraciəti yayıldı. Müraciətdə deyilirdi: “ABŞ-ın Yuta ştatının ictimaiyyəti və din xadimləri! Multikultural dəyərlər ölkəsi Azərbaycanın, dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyevin vəxalqımızın salamlarını sizlərə yetirməkdən şərəf duyuram. Qonaqpərvər Yuta torpağında İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin illik ümumdünya qurultayında sizlərlə görüşməkdən məmnunluq duyur, möhtərəm insanlarla görüş və ünsiyyət imkanına görə Bir Olan Yaradanımıza şükr-sənalar edirəm.
Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulur ki: «Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlar və qəbilələr olaraq qərar verdik. Allahın nəzərində ən üstün olanınız Onun buyurduqlarına əməl edəninizdir» (Hucurat, 13). Uca Yaradanımızın Lütfü olan müxtəlifliyimiz bizim daha yaxın olmağımıza, bir-birimizi daha yaxşı tanımağımıza xidmət edir.
Biz bəşəri insan həmrəyliyinə xidmət edən amallar ətrafında birləşməyə təşviq edən bütün beynəlxalq səyləri hər zaman dəstəkləyir, bu istiqamətdə tədbirlərdə fəal iştirak edirik. Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələri bizim üçün olduqca dəyərlidir. Qarşılıqlı səfərlərimiz, birgə tədbirlərimiz, təşəbbüskarı olduğumuz müştərək layihələr mənəvi əhəmiyyət kəsb edir, xalqlarımızın mənafeyinə xidmət edir. Böyük məmnuniyyətlə bəyan etmək istəyirəm ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olmuşdur. Bu kilsənin mənsublarını, ardıcıllarını Azərbaycanın dinlərarası harmoniya mühitində salamlayır, xeyirlərə vəsilə olmasını diləyirəm.
Azərbaycan xalqı ABŞ dövlətinin beynəlxalq hüququn dünyada ən güclü dəstəkçisi olaraq uzun onilliklər boyunca ərazi bütövlüyümüzün bərpası yönündə haqq işimizə dəstəyini, habelə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-ın davamlı səylərini yüksək dəyərləndiririk. Bu il 8 avqust Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti Tramp cənablarının sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq olduqca yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə xalqımız, bütün dini konfessiyalarımız adından dərin minnətdarlığımızı bildirmək istərdim.
Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair 17 illik tarixə malik Bakı prosesi dünyada insan həmrəyliyinə xidmət edir. Azərbaycanda 2010-cu ildə Dünya dini liderlərinin I və 2019-cu ildə II Sammiti keçirilmişdir, 2024-cü ildə COP29 Bakı çərçivəsində Dini lidelərin zirvə görüşü təşkil olunmuşdur. Azərbaycan dünyada nadir məkanlardandır ki, müxtəlif din və məzhəb ardıclıları arasında tarixən heç bir qarşıdurma baş verməmişdir, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
1991-ci ildə müstəqiliyini bərpa etmiş Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» təbirinin müəllifi - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi sayəsində qoyulmuşdur. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev cənabları Multikulturalizmi dövlət siyasəti səviyyəsində bərqərar etdi. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində nəcib fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir.
Bəşərin xoşbəxt gələcəyi sülh və dinc yanaşı yaşamaq təməlləri üzərində mümkündür ki, bunun üçün Uca Yaradanımızın buyurduğu, bizlərə təlqin etdiyi mənəvi dəyərlərə istinad zəruridir. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Yuta ştatı ilə, Stirlinq fondu, 12 həvarilər kvorumu ilə əlaqələrin yüksək səviyyəli işgüzar, səmərəli münasibətləri ilə fəxarət duyur. Bu əlaqələrimizin birgə təşəbbüslər, müştərək tədbirlərlə davam və inkişaf etməsi ümumi məramımızdır. Çox şadam ki, təşrif buyurduğumuz Yuta torpağında məhz belə bir dini icma, tərifə və təqdirə layiq həyat tərzi mövcuddur. Bugünkü Qurultaya dəvətə görə dərin minnətdarlığımı bildirir, hər birinizə nəcib fəaliyyətlərinizdə uğurlar diləyirəm. Qoy Uca Yaradan bugünkü xoşməramlı tədbirin işinə rəvac versin! AMİN!”
Şeyxülislam A. Paşazadə Kilsənin mərhum rəhbəri prezident Rassel Nelsonun vəfatı ilə bağlı kilsə icmasına dərin hüznlə başsağlığı verdi, habelə Kilsənin yeni prezidenti Dallin Oksu təbrik etdi. Konfransda Kilsənin mərhum Prezidentinin xatirəsinə film nümayiş etdirildi. Filmdə mərhumun QMİ sədri ilə vaxtilə görüşünü əks etdirən video da yer alırdı.
Konfransdan sonra Şeyxülislam A. Paşazadə Yuta Ştatının Senat sədri Adam Stüart ilə görüşdü. Səmimi şəraitdə keçən görüşdə Azərbaycanın multikultural həyat tərzi barədə xoş fikirlər ifadə edən Senat sədri Azərbaycanarəğbət və dəstəyini ifadə etdi.
Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə iştirak etdilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Seçilən
41
2
teleqraf.com

4Mənbələr