AZ

Avropa İttifaqı hərbi planını açıqladı Müdafiə gücləndirilir, Ukraynaya dəstək artırılır

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Avropa İttifaqı (Aİ) “Readiness 2030” proqramı çərçivəsində qitənin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş yeni strategiyasını təqdim edib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, sənədin əsas məqsədi Avropanın qarşıdakı illərdə üzləşə biləcəyi təhlükə və təhdidlərə çevik cavab vermək, eləcə də uzunmüddətli müdafiə imkanlarını artırmaqdır.

Aİ-nin açıqlamasında bildirilir ki, müdafiə məsələsi əsasən üzv dövlətlərin məsuliyyətində olsa da, tək-tək fəaliyyət bu sahədə yetərli nəticə vermir. Buna görə Brüssel üzv ölkələrin ordularını gücləndirməyə dəstək göstərəcək, o cümlədən müdafiə avadanlıqlarının kollektiv şəkildə alınmasını təşviq edəcək.

Milli silahlı qüvvələrin inkişafı üçün Aİ resurslarının və maliyyə dəstəyinin səfərbər olunacağı qeyd edilir.

Sənəddə Avropa müdafiə sənayesinin daha güclü, rəqabətədavamlı və innovativ olması əsas prioritetlərdən biri kimi göstərilib. Bunun üçün aşağıdakı istiqamətlər vurğulanır:

-Müdafiə sənayesinə maliyyə yatırımlarının artırılması;

-Üzv dövlətlər arasında birgə fəaliyyətin və əməkdaşlığın dərinləşdirilməsi;

-Qanunvericiliyin sadələşdirilməsi və müdafiə məhsulları üçün vahid bazarın yaradılması.

Aİ vurğulayır ki, Ukraynanın təhlükəsizliyinə edilən sərmayə əslində Avropanın təhlükəsizliyinə edilən sərmayədir. Bu baxımdan iki əsas istiqamət önə çəkilir:

-Ukraynaya təcili hərbi yardımın artırılması;

-Ukrayna müdafiə sənayesinin Avropa müdafiə təşəbbüslərinə daha sıx inteqrasiyası.

“Readiness 2030” proqramı ilə Aİ həm öz müdafiəsini möhkəmləndirməyi, həm də Ukraynanı strateji tərəfdaş kimi Avropaya daha yaxınlaşdırmağı hədəfləyir. Bununla qitənin ümumi təhlükəsizliyi və hərbi dayanıqlığının artırılması planlaşdırılır.

 “AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
azpolitika.info

1Mənbələr