AZ

ABŞ və Azərbaycanın dini konfessiyaları arasındakı dostluq əlaqələri olduqca dəyərlidir – QMİ sədri

Bakı.TurkicWorld

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.

QMİ-nin Mətbuat Xidmətindən TurkicWorld-ə verilən məlumata görə, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə oktyabrın 4-də Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib.

QMİ sədri A.Paşazadənin Konfransa Müraciəti yayılıb. Müraciətdə deyilib:

"Biz bəşəri insan həmrəyliyinə xidmət edən amallar ətrafında birləşməyə təşviq edən bütün beynəlxalq səyləri hər zaman dəstəkləyir, bu istiqamətdə tədbirlərdə fəal iştirak edirik. Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələri bizim üçün olduqca dəyərlidir. Qarşılıqlı səfərlərimiz, birgə tədbirlərimiz, təşəbbüskarı olduğumuz müştərək layihələr mənəvi əhəmiyyət kəsb edir, xalqlarımızın mənafeyinə xidmət edir. Böyük məmnuniyyətlə bəyan etmək istəyirəm ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olub.

Azərbaycan xalqı ABŞ dövlətinin beynəlxalq hüququn dünyada ən güclü dəstəkçisi olaraq uzun onilliklər boyunca ərazi bütövlüyümüzün bərpası yönündə haqq işimizə dəstəyini, habelə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-nin davamlı səylərini yüksək dəyərləndiririk. Bu il 8 avqust Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti Donald Tramp cənablarının sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq olduqca yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə xalqımız, bütün dini konfessiyalarımız adından dərin minnətdarlığımızı bildirmək istərdim.

Azərbaycan Prezidenti İlham Əliyev cənablarının müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair 17 illik tarixə malik Bakı prosesi dünyada insan həmrəyliyinə xidmət edir. Azərbaycan dünyada nadir məkanlardandır ki, müxtəlif din və məzhəb ardıcılları arasında tarixən heç bir qarşıdurma baş verməyib, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

1991-ci ildə müstəqiliyini bərpa etmiş Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli "Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür" təbirinin müəllifi - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi sayəsində qoyulub. Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsində bərqərar etdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində nəcib fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir.

Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Yuta ştatı ilə, Stirlinq fondu, 12 həvarilər kvorumu ilə əlaqələrin yüksək səviyyəli işgüzar, səmərəli münasibətləri ilə fəxarət duyur. Bu əlaqələrimizin birgə təşəbbüslər, müştərək tədbirlərlə davam və inkişaf etməsi ümumi məramımızdır".

Şeyxülislam A.Paşazadə Kilsənin mərhum rəhbəri prezident Rassel Nelsonun vəfatı ilə bağlı kilsə icmasına dərin hüznlə başsağlığı verib, habelə Kilsənin yeni prezidenti Dallin Oksu təbrik edib. Konfransda Kilsənin mərhum Prezidentinin xatirəsinə film nümayiş etdirilib. Filmdə mərhumun QMİ sədri ilə vaxtilə görüşünü əks etdirən video da yer alıb.

Konfransdan sonra Şeyxülislam A.Paşazadə Yuta Ştatının Senat sədri Adam Stüart ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə Azərbaycanın multikultural həyat tərzi barədə xoş fikirlər ifadə edən Senat sədri Azərbaycana rəğbət və dəstəyini ifadə edib.

Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə iştirak ediblər.

Qeyd edilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Seçilən
13
1
turkic.world

4Mənbələr