AZ

Prezident Qəbələdə qəbullar keçirdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.

Tribunainfo.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlandı.

Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğuladı ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da Türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi, bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı.

Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkür etdi.

Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.

Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Seçilən
16
49
tribunainfo.az

10Mənbələr