«Neftçi» hazırda klubsuz olan Vensan Abubakarla danışıqlarda irəliləyiş əldə edib.
Azad agent statusu daşıyan 33 yaşlı hücumçu müqavilə şərtlərində qarşı tərəfə xeyli güzəştə gedib. Kamerunlu forvard birdən-birə 300 min dollar aşağı düşüb.
Tanınmış afrikalı əgər 1 illik kontrakt müqabilində 800 min dollar istəyirdisə, indi 500 minlə kifayətlənməyə hazırdır.
Paytaxt təmsilçisi isə görüşmələrin bir neçə də bu axarla davam etməsində maraqlıdır. «Ağ-qaralar» belə qənaətdədir ki, bu, Abubakarın üzərində dayanacağı son rəqəm deyil və arzusunda olduğu pulun məbləğini bir qədər də aşağı salacaq.
“Portu”, “Beşiktaş”, “Loryan” və “Əl-Nəsr”də çıxış etmiş Abubakarın son ünvanı "Hatayspor" (Türkiyə) olub.
O, ötən mövsüm Türkiyə Superliqasında 25 oyunda meydana çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini edib. Kamerun yığmasının üzvünə hazırda da İranın iki klubu da maraq göstərir.
“İstiqlal“ və “Perspolis“ tanınmış hücumçunu Arazın o tayına aparmaqda israrlıdır. Lakin sabiq “Beşiktaş“lı yaxınlarda İsraillə müharibədən çıxmış İrana getməyə həvəslə yanaşmır.
Əslində, “Neftçi“ni onunla danışıqlarda ürəkləndirən məqamlardan biri də budur.
SPORTİNFO.AZ