AZ

Nazim İmanov sükutu pozdu: "Başqalarına pul qazanmağı öyrədirəm" - VİDEO

Keçmiş AMİP-çi, professor Nazim İmanov(Müzəffərli) uzun fasilədən sonra “Real TV”nin efirində qonaq olub.

"Cebheinfo.az" xəbər verir ki, o, "Profil" verilişində özü ilə bağlı bir sıra suallara aydınlıq gətirib.

Soyadını dəyişməsindən danışan professor bildirib ki, “Müzəffərli” soyadını “İmanov”dan daha üstün tutur:

“Elə böyük prinsipial fərq yoxdur, amma mənə “Müzəffərli” daha xoşdur. Çünki “ov” və “yev” sonluqları Azərbaycan mənşəli deyil, ruslardan bizə keçmiş formadır. Rusiyada bu sonluqlar mənsubiyyət bildirir. Məsələn, “İvanov” – “İvanın oğlu”deməkdir. Bunun bizə aidiyyəti yoxdur. Məncə, azərbaycanlılara daha uyğun sonluq “li”dir. Atamın da adı Müzəffər idi, mən də ona görə “Müzəffərli” soyadından istifadə edirəm”.

Atası haqqında sualı cavablayan iqtisadçı deyib ki, o, atasının arzusu ilə bu sahəni seçib:

“Açığı, atam istəyirdi ki, iqtisadçı olum. Mən də elə onun istəyinə görə iqtisadçı oldum. Halbuki uşaqlıq arzum fizik olmaq idi. Düşünürdüm ki, dünyada fizikidan maraqlı heç nə yoxdur. Amma atam mənə göstərirdi ki, dünyada iqtisadiyyatdan maraqlı heç nə yoxdur. İndi baxıram ki, həqiqətən də elədir”.

Nazim Müzəffərli həmçinin qeyd edib ki, iqtisadi biliklərini şəxsi həyatında tətbiq edə bilmir:

“Yaxşı iqtisadçı mütləq çox pul qazanan adam deyil. Yaxşı iqtisadçı başqalarına çox pul qazanmağı öyrədən adamdır. Mən başqalarına öyrədə bilirəm, amma özümə yox”.

Sovet dövründə formalaşmış baxışlarından danışan N.Müzəffərli bildirib ki, əvvəlllər çox dərin əqidəli marksist olub, sonrakı dövrdə isə düşüncəsi dəyişib:

"Leninçi olmamışam, çünki Lenin iqtisadçı deyildi. İqtisadiyyata bir-iki dəfə barmaq bulayıb, onda da işləri korlayıb. İkinci dövr isə 1970-ci illərin sonunda başladı. Aspirant olanda Moskvada İqtisadiyyat və Riyaziyyat İnstitutunda professor Mixail Yakoviç Lemiçev mənim rəhbərim idi. O, dissident idi və hələ 1979-cu ildə mənə demişdi ki, SSRİ-ni dağıtmaq lazımdır. Mən o vaxt bu fikirlərə hazır deyildim. Çünki o bunu deyəndə bizə müstəqillik vermək üçün demirdi. Lemiçev deyirdi ki, Rusiya bu qədər yük daşıyır, siz artıq bizim boynumuzda yükə çevrilmisiniz, azad olmalıyıq.

O deyirdi ki, birlikdə Rusiya, Ukrayna, Belarusiya, bir də ola bilsin Qazaxıstan qala bilər. Qalanlarının hamısını buraxmaq lazımdır. O zamandan əhval-ruhiyyə belə idi və bu, mənə də keçirdi. Hətta mən dissertasiyanı ona təqdim edəndə, geri qaytarıb soruşdu ki, sən elmlə məşğul olmaq istəyirsən, yoxsa təbliğatla? Dedim, elmlə. Dedi, burda elm yoxdur. O, mənim düşüncələrimdə çox dərin iz buraxdı. Bunu mən ikinci dövrə aid edə bilərəm, çünki artıq 1980-ci illərdən SSRİ-dəki iqtisadi sistemin qeyri-effektiv olduğunu və işə yaramadığını başa düşürdüm".

Daha ətraflı videoda:

"Cebheinfo.az" 

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr