AZ

Qurban Qurbanov bu vədi də verir - Hamı ŞOK İÇİNDƏ!

“Qarabağ” Azərbaycan futbolunun tarixinin özüdür.

Bunu Ağdam təmsilçisi oktyabrın 1-də bir daha təsdiqlədi.

Çempionlar Liqasının Liqa mərhələsinin ikinci oyunu və ikinci qələbə. Bu, sadəcə, fantastikadır.

Cəmi 24 milyonluq büdcə ilə “Köhlən atlar” yüz, iki yüz milyonluq klublara bu mesajı verir: “Bura Tofiq Bəhramov adına Respublika stadionu” giriş var, amma çıxış yox...”

Bir sözlə, əfsanəvi məşqçimiz Qurban Qurbanov daha bir nəhəng klublardan sayılan Danimarka çempionu “Kopenhagen”i devirdi.

QURBAN

Qürur yerimiz olan “Qarabağ”ın aktivində 6 xal var və yüz faizlik nəticə ilə Liqa mərhələsində çıxış edən 36 klub sırasında 6-cı yerdədir. Bu, futbolu demək olar ki, çox aşağı səviyyədə olan bir ölkə üçün fantastik, möcüzəvi nəticədir. Amma “Qarabağ” bunu bacardı.

İndi növbəti rəqib İspaniya nəhənglərindən sayılan “Atletik Bilbao”dur. Oktyabrın 22-də səfərdə keçiriləcək oyunda yenə də hər kəs qələbəyə köklənib.

Oyundan sonra jurnalistlərin suallarına cavab verən Qurban Qurbanovun dedikləri təbii ki, hər kəsi maraqlandırırdı. Axı bu sirrin kökündə nələr dayanır?

Sitat: “Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdə idilər. Gözəl qələbə oldu. Futbolçular “Kopenhagen”dən çəkinmədilər. Həddindən artıq ciddi mübarizə apardılar. Belə oyunlarda bir an olur ki, buna dözmək lazımdır. İkinci hissədə bunu hiss etdik. Rəqib riskə getdi. Top itkilərimiz oldu. Bu cür mübarizə aparmaq qarşıdakı oyunlarda bizə fayda verəcək. Yaxşı oyun və möhkəm mübarizə oldu. Rəqib komandanın baş məşqçisi ilə də danışdım. İş prinsipləri ilə maraqlandıq. Onlara uğurlar arzu edirəm, pozitiv kollektiv idilər.

Bəlkə hamıda belə inam olmaya bilərdi. Ancaq məndə həmişə inam olub. Ötən il çox yaxşı oyunlarımız olmuşdu, amma qələbə uzaq idi. İnam var idi ki, oyunumuzu qoruyub-saxlasaq, bir az da mübarizəni yaxşılaşdırsaq, nəticələri yaxşılaşdıra bilərik. İşimə həmişə inamla yanaşıram. Meydanda da onlara bunu tövsiyə edirəm. İnam yoxdursa, bu oyunu oynamaq olmaz. Futbol kollektiv oyunudur. Biri çəkinsə, uğur əldə etmək olmaz. Düzdür, hər şeyə real baxmaq lazımdır. Amma meydana inamsız çıxmaq olmaz. Dəfələrlə olub ki, məğlub olsaq da, mübarizə aparmışıq. 6 xalı bəlkə gözləməzdim, amma inanırdım”.

“Futbol ölkəsi olmayan bir ölkədə UEFA-nın nüfuzlu turnirində liderlər qrupunda olmaq necə hissdir” sualına Qurbanovun cavabı belə olub:

“Çox gözəl, çox xoş. Azərbaycanın “Qarabağ”ıyıq. O yerlərdə olmaq möhtəşəmdir. Cənab Prezident də təbrik edib, təşəkkür edirəm. Məsuliyyətimiz daha da artır. Uğur olan yerdə diqqət, təbriklər, xoş sözlər daha çox olacaq. Lakin bunlar bizi yanıltmamalıdır. Uğurun uğursuzluğu da var. Buna hazır olmalıyıq. Hər bir halda, Türkiyədə nümunə göstərilmək, “Qarabağ”a dəstək varsa, sevinirik. Bunlar bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan öncə də “Qalatasaray”ı təbrik etmişəm. Türk komandalarına azarkeşlik edirik, onlara uğurlar arzu edirəm. Çox şeyi arzu edə bilərik. “Qarabağ”ın mənim üçün nə demək olduğunu bilirsiniz. Bu ad mənim üçün ən böyük silah oldu. Başqa komandada ola bilərdim, uğurlu nəticələr olardı. Amma bu dərəcə illər boyu ciddi olmazdım. Bəlkə, sakitləşərdim, yorulardım. Ancaq bu komandada bu ad məni nə yorulmağa, nə inamsız, nə məsuliyyətsiz olmağa qoydu. Hədəfim komandanı stabil saxlamaq idi. Bunlar fonunda uğurun gələcəyini bilirdim. Futbolçularımdan hər zaman əsgər kimi vuruşmağı tapşırmışam.

Nadir hallarda olur ki, komanda yorğun görünür. Mənim hədəfim bu olub ki, sağlamlığı, mübarizəni qoruyub-saxlayım. Futbol elə oyundur ki, hər il eyni nəticə olsun. Böyük klubların çempionluqdan sonra ardını gətirə bilmədiyini görmüşük. Hamı inkişaf edir, yenilik axtarır. Transferlərdə belə bəzən az oyunçu cəlb edirik. Bizim üçün kollektivə gələn futbolçunun komandadakı əhvalı pozmamasına çalışmışıq. Qarşılığını Allah verəcək”.

“Qarabağ”ı yanvardan sonra da Çempionlar Liqasında görəcəyikmi” sualının cavabı heç şübhəsiz ki, hər kəsi maraqlandırır.

– Mütləq (gülür). Ötən il “Dinamo” (Zaqreb) 11 xal topladı, pley-offlara düşə bilmədi. Bizdən asılı olmayan nüanslar var. Hər şeyə hazır olmalıyıq. Rəqiblərimiz getdikcə daha məsuliyyətli olacaq. “Benfika”dan sonra bizə 70-80 faiz ciddi hazırlaşacaqlarsa, bundan sonra artıq 100 faiz olacaq. Daha yaxşı olmaq üçün bunların faydası olacaq.

GUZEL.jpg

“Qarabağ”ın prezidenti Tahir Gözəl:

“İki oyunda qazanılan 6 xal möcüzədir. Hazırda “Liverpul”dan öndəyik, bu, tarixi andır. Düşünürəm ki, bir qələbə və bir-iki heç-heçə ilə ilk 24-lüyə düşə bilərik. Artıq əsas hədəf budur. Növbəti turda Bilbaoda “Atletik”lə qarşılaşacağıq. Daha əvvəl də İspaniyada oynamışıq. Xüsusən də “Atletik” ilə matçlarımız yaddaqalan olub. Hər iki görüşdə son 20 dəqiqəni azlıqda keçirməyimizə baxmayaraq, heç-heçə edə bilmişdik. İndi də böyük həvəslə İspaniyaya yollanacağıq. Özümüzə inanırıq və xalqımıza növbəti sevinci yaşatmaq istəyirik.”

MUXTAR.jpg

Tanınmış idman yazarı Natiq Muxtarlı “Yeni Müsavat”a bildirib ki, “Qarabağ” “Kopenhagen”ə parlaq oyunla qalib gəldi:

“Düzü, oyundan əvvəl yaşananları nəzərə alaraq “Qarabağ”ın uğur qazanacağına o qədər də inanmırdım. Çünki “Benfika” ilə oyundan sonra iki həftə ərzində bütün Avropa “Qarabağ”ı müzakirə etdi, bunun üzərinə Azərbaycanda yaranan təzyiqi də gəlin. Avropada “ardı gələcəkmi” deyilirdisə, Azərbaycanda “Benfika”ya qalib gəlibsə, “Kopenhagen”i də məğlub etməlidir” tələbi vardı.

Böyük təzyiq idi. Bu təzyiqin öhdəsindən gəlmək üçün komanda psixoloji cəhətdən tam sərbəst olmalı idi. Bunun öhdəsindən bəzən nəhəng komandalar da gələ bilmir. Deməli, “Qarabağ” biz düşündüyümüzdən də çox böyüyüb. Bizim içimizdə olan qorxu hissi “Qarabağ”ın futbolçularında yox idi. Heç nə olmamış kimi çıxdılar meydana, öz oyunlarını oynadılar.

İndi “Qarabağ”ın böyüdüyü aşkar hiss olunur. Əvvəllər ehtiyatdan meydana çıxanlar komandanın oyununu gücləndirməyə qadir deyildilər. Hazırda bu problem də böyük ölçüdə həll olunub. Əvəzetmədən meydana çıxanlar “Qarabağ”ın oyun ritminə xələl gətirmirlər. Bu, önəmli faktdır.

Bundan sonra necə olacaq? “Qarabağ” hər oyunda qalib gəlməyəcək, bu birmənalıdır. Çünki burası Çempionlar Liqasıdır. Burada hamı məğlub ola bilər. Ancaq bir məsələ aydındır: “Qarabağ” hər oyunda mübarizə aparacaq və oyundan-oyuna da “Qarabağ”a daha ciddi yanaşacaqlar. Deməli, qələbə qazanmaq daha da çətin olacaq.

Biz “Qarabağ”ın üzərindən hər cür təzyiqi götürməliyik. Azərbaycan futbolunun reallığını nəzərə almalıyıq. “Qarabağ”dan nəticə tələb etmək haqsızlıq olar. Sadəcə onlara dəstək verməliyik, etdiklərinə görə təşəkkürümüzü çatdırmalıyıq. “Kayrat” “Real”a 0:5 hesabı ilə məğlub olandan sonra bütün stadion ayağa qalxıb komandanı alqışlayırdı. Bu, minnətdarlıq alqışı idi. Qazaxıstan komandasını ÇL-in əsas mərhələsində olmasının özü böyük uğurdur. Bunu qazax azarkeşlər qəbul edirlər. Eynisi Azərbaycana da aiddir. “Kopenhagen” qələbəsinin eyforiyasından ayılaq və dönüb Azərbaycan çempionatına baxaq. Ondan “Qarabağ”ın nə boyda nəhəng bir iş gördüyü daha aydın nəzərə çarpır”.

Seçilən
11
sportinfo.az

1Mənbələr