AZ

Cabir İmanovun vəhhabiliyi ilə bağlı yeni detallar — Deputatdan mühüm açıqlama

Əməkdar artist Cabir İmanovun vəhhabi dini təriqətinə mənsub olması barədə yayılan xəbərlər uzun müddətdir davam edən müzakirələri yenidən aktuallaşdırdı. Adətən, idman, biznes, siyasət, media və digər sahələrdə bu təriqətin üzvlərinin sayının artdığı bildirilir. Mədəniyyət sahəsində də vəhhabiliyin mövcudluğu diqqətləri yenidən bu məsələyə çəkir. Cəmiyyətin sevimlisi olan idman, mədəniyyət və siyasət adamlarının bu təriqətə könül verməsi vəhhabiliyin təsirini gücləndirir.

Burda bir məqam da diqqətdən qaçmamalıdır: İranın Azərbaycana qarşı mövqeyi və son 3-4 ildə aparılan əməliyyatlar, ölkədə şiə təriqətinin mövqeyini xeyli zəiflətdi. Türkiyədən gətirilən və "nurçuluq" adlanan təriqət də son 10 ildə Azərbaycanda təsirini itirib. Bir çox müşahidəçilər iddia edir ki, bu amillər dini sferada balansı dəyişib.

Bunların fonunda vəhhabiliyin genişlənməsi təhlükəli və arzuolunmaz hesab oluna bilərmi?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Globalinfo.az-a açıqlamasında deyib ki, islam dininə aid olan, ona mənsub bütün şəxslər üçün bir terminologiya var - o da "müsəlmanlıq"dır:

"Termin olaraq bütün insanlar bu anlayış altında birləşir. Hər kəsin hansısa bir təriqət və ya məzhəb seçməsi isə şəxsi seçimidir. Amma islam dininin prinsiplərində belə bir tələb və uyğunluq yoxdur. Çünki Qurani-Kərimdə də yalnız bir ifadə işlədilir o da "müsəlman" ifadəsidir. Buna görə də Qurana istinad edən, peyğəmbərin şəxsiyyətini və yolunu referans alan insanlar üçün "vəhhabi", "sələfi", "şiə", "rafizi", "nurçu" kimi anlayışlar ümumiyyətlə yoxdur. Ancaq müasir dövrdə insanların özlərini bu adlarla tanıtması və təqdim etməsi tendensiyası yarandığına görə, bu, artıq ictimai təhlükəsizlik kontekstində diqqət çəkir. Məsələn, əgər bir qrup şəxs "vəhhabi" adı altında terror təşkilatı qurursa, şəriət dövləti yaratmaq istəyirsə, hüquq-mühafizə orqanları buna reaksiya göstərir. Yaxud da bir neçə şiə İrandan təlimat alaraq terror aktı törədirsə, bu artıq konkret terrorçu qruplaşmadır və din vasitəsilə həyata keçirilən cinayətdir. Dövlət isə bunu təhlükə kimi qəbul edir. Amma mövcud halı bütün sələfilərə, şiələrə və ya digər təriqət üzvlərinə şamil etmək doğru deyil. Çünki kimsə özünü müəyyən adla təqdim edə bilər, amma əgər cəmiyyət üçün təhlükə yaratmırsa, bu anlayış ümumiyyətlə səsləndirilməməlidir".

Cabir İmanovla bağlı məsələyə gəlincə, deputat qeyd edib ki, bu, həm etik, həm də hüquqi baxımdan doğru deyil:

"Əgər bir insan özü hansısa təriqətə mənsub olduğunu elan etməyibsə, başqalarının ona bu ləkəni yapışdırması əxlaqsızlıqdır. Çünki heç kim başqasının iç dünyasını, inancını oxuya bilməz. Bir bloqer çıxıb hansısa məlumatı paylaşırsa, məsələn, "kim onun cənazə namazını qıldırdı?" deyirsə, yanlışdır. Bunun cəmiyyətə nə aidiyyəti var? Bu tip mövzular cəmiyyətdə qütbləşmə yaradır və məqsədli şəkildə həyata keçirilir. Cabir İmanovla bağlı da, ola bilsin, həyatında səhvləri olub, işlədiyi sistemdə atdığı addımlar müəyyən qruplar tərəfindən qəbul edilməyib. Amma cəmiyyətə gətirdiyi dəyər nədən ibarət idi? O, insanlara gülüş bəxş edirdi, insanları güldürürdü. Cəmiyyətə nə mərsiyə, nə özünə qəsd, nə də terrorizm mesajı verməmişdi. Belə absurd yanaşmalar ancaq bizim cəmiyyətdə mümkündür və bunun səbəbi də təhsilsizlik və savadsızlıqdır. Əgər bir insan özü belə bir şey elan etməyibsə, ona bu damğanı vurmaq Allah qatında da böyük günahlardandır. Üstəlik, əgər bu insanlar cəmiyyətə pozitiv enerji bəxş ediblərsə, onların alternativi nə ola bilər? Kədər, ağlamaq, özünü döymək? Hansı daha faydalıdır? Ona görə də bu məsələlərdə daha ayıq-sayıq olmalıyıq. İslam nöqteyi-nəzərindən yanaşsaq, bu, qeybətdir. Qeybət isə insanın haqqına girmək, onun yaxınlarını, övladlarını incitməkdir. Bir insan dünyasını dəyişibsə, onun haqqında əsassız yarlıq yapışdırmaq nə islama, nə insan haqlarına, nə də milli adət-ənənələrimizə uyğundur".

Fazil Mustafa deyib ki, əgər Cabir İmanovun həyatda hansısa konkret səhvləri olubsa - məsələn, vəzifədə ikən kiməsə qarşı zorakılıq edib, səlahiyyətlərini aşıbsa, bu, hüquqi çərçivədə müzakirə edilə bilər:

"Amma bütövlükdə insanı yalnız düşüncəsinə və ya dini kimliyinə görə damğalamaq absurd yanaşmadır. Bu, bütün qütblər üçün keçərlidir. Kiminsə şiə, sələfi, vəhhabi və ya əhli-beyt aşiqi olması fərq etməz. Problem ondan qaynaqlanır ki, bəziləri dini anlayışlardan istifadə edərək islamı təhrif edirlər. Cabir İmanov isə pozitiv xarakterli bir sənət adamı idi. Şəxsi tanışlığım olmayıb, amma üslubundan görünürdü ki, o, cəmiyyətə müsbət enerji, yumor və müəyyən tənqidlər çatdırırdı. Ona görə də bu cür insanlara yanaşarkən daha obyektiv olmalıyıq".

İrana gəlincə isə, Fazil Mustafa vurğulayıb ki, Azərbaycan cəmiyyətində bu ölkəyə qarşı neqativ münasibət təsadüfi yaranmayıb:

"Səbəb odur ki, İran Ermənistanı dəstəklədi. Müharibə dövründə qoşunlarını sərhədimizə yığaraq bizi təhdid etdi. Belə bir dövləti Azərbaycan cəmiyyəti necə müsbət qarşılaya bilər? Azərbaycanda şiəliyə münasibətdə də iki fərqli baxış var: Azərbaycana bağlı şiəlik - sadəcə ibadətlə məşğul olan, dövlətin qanunlarına tabe olan və Azərbaycan xalqına bağlı yüz minlərlə insandır. Onlarla bağlı heç bir problem yoxdur.

İran yönlü şiəlik - Qum, Məşhəd və Kərbəla mərkəzlərində formalaşaraq xüsusi xidmət orqanlarının təsiri altında Azərbaycanda təxribat aparan, sosial şəbəkələrdə İran dəyərlərini təbliğ edən qruplardır. Bu isə artıq dini yox, siyasi və casus şəbəkəsidir.

Bu iki yanaşmanı fərqləndirmək vacibdir. Ona görə də "Azərbaycanda şiəlik zəifləyib" kimi ifadələr doğru deyil. Azərbaycana bağlı şiələr barədə heç bir problem mövcud deyil. Problem yalnız İrandakı rejimi burada qurmaq istəyənlərə aiddir. Azərbaycan üçün əsas meyar nədir? Qanunlara tabe olmaq və Azərbaycanı sevmək. Bir insan hansı inanca mənsub olmasından asılı olmayaraq, vətəni üçün mübarizə aparırsa, şəhid olursa, o, bizim üçün ən əziz azərbaycanlıdır.

Qarabağda şəhid olan yəhudi də, xristian Denis də bizim üçün ən böyük azərbaycanlıdır. Eləcə də digər azsaylı xalqların nümayəndələri Azərbaycan uğrunda canlarını fəda ediblər. Onlara başqa ad vermək olmaz".

Son olaraq deputat əlavə edib ki, kimsə separatçı fəaliyyətlə məşğuldursa, dar düşüncəli çevrəyə xidmət edirsə, bu artıq təhlükədir:

Seçilən
21
9
demokrat.az

10Mənbələr