AZ

TDT Zirvəsi Qəbələdə: yeni strateji dövr başlayırmı?- ÖZƏL

Oktyabrın 6-7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti keçirilir. Zirvəyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti, Türkmənistan Prezidenti, Macarıstan Prezidenti və Şimali Kipr Türk Cümhuriyyətinin lideri qatılıb. Sammitin əsas mövzusu "Regional sülh və təhlükəsizlik" olsa da, ekspertlər bunu Türk dünyasında yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.
Bu sammit Türk dünyasının birliyinə və regional güc balansına necə təsir edə bilər? Sammitdən sonra TDT-nin strateji istiqamətində hansı prioritetlər gözlənilir?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Türk Dövlətləri Təşkilatının inkişaf dinamikası hazırda əslində arzu olunan səviyyədə deyil. Çünki Türk Dövlətləri Təşkilatının daxilində bəlkə də Azərbaycan və Türkiyə ortaq xətdən çıxış edir, amma digər dövlətlər arasında kifayət qədər fikir fərqlilikləri var. Yəni, əslində, daha detallı desək, Türkiyə məsələlərə daha çox milliyyətçi, ümumiyyətçi yanaşır.
Azərbaycan daha praqmatik və daha çox etnik əsaslı yanaşır bu təşkilatın inkişaf xətinə. Mərkəzi Asiya ölkələrinə gəldikdə isə Özbəkistan daha çox Azərbaycan xətini tutub. Yəni Çin və Rusiya balansını saxlayır, amma onların çəkinmədiyini də göstərir. Azərbaycan kimi praqmatik davranmağa doğru gedir.
Qazaxıstana gəldikdə isə Qazaxıstan faktik olaraq Rusiyayla balansı qoruyur və Rusiyadan uzaqlaşmır. Qırğızistan isə ümumiyyətlə Rusiyaya yaxınlaşıb və Rusiyadan kifayət qədər asılıdır. Türk Dövlətləri Təşkilatında buna dair müraciətlər olmuşdu, amma təşkilatın o dərəcədə maliyyə imkanları olmadığı və bu dövlətlərin özündə kifayət qədər problemlər olduğu üçün Qırğızistana, məsələn, o səviyyədə yardım edilməyib. Bu baxımdan hələ Rusiyanın bağları tam qopmayıb. Türkmənistandakı mövcud rejim, yəni totalitar mütləqiyyətçi rejim faktiki olaraq Türk Dövlətləri Təşkilatının inkişafına və Rusiya orbitindən çıxmaq məsələlərinə maksimum dərəcədə ehtiyatlı yanaşır. Ümumiyyətlə, rejim qapalı olduğu üçün özünü qorumağa çalışır və proseslərdə neytral mövqedə qalır. Bu qədər fərqliliklər var və faktiki olaraq Türk Dövlətləri Təşkilatının inkişafına mane olan faktorlar mövcuddur. Amma paralel olaraq ortada bir təşkilat var və onun yaradılması başlı başına bir uğurdur. Türk dövlətlərinin bir təşkilat ətrafında birləşməsi tarixi bir uğurdur. Çətin təşkilatı yaratmaqdır və inkişafı böyük ölçüdə geosiyasi maraqlardan asılıdır.
Türkiyə hazırda təşkilatın inkişafında ən maraqlı ölkələrdəndir. Səbəb odur ki, Türkiyə bu təşkilatı həm Avropa İttifaqı, həm NATO alternativi kimi də qiymətləndirir. Təşkilatın inkişafı baxımından bu yanaşmaların təsiri olacaq. Türkiyə prosesə belə baxır.
Eyni zamanda yaxın şərqdə İsrailin artan təhdidi və bu təhdidin gələcəkdə Türkiyənin fokuslanma ehtimalları Ankaranı daha sürətli təşkilatın inkişafına yönəldir. ABŞ ilə mövcud problemlər, ABŞ-Rusiya proseslərində qalma məsələləri də sürətləndirir.
Digər dövlətlərin də təşkilatın inkişafında maraqları var, amma bəzi ölkələr təbii istiqamətini düşünür. Tezləşdirilmə tələskənliklə nəticələnə bilər. Fəaliyyətçi, radikal qərarlar istənilmir. Xüsusən Azərbaycan tərəfi təşkilatın daha loyal və sabit xəttdə olmasını, reallığa uyğunlaşan qərarlar qəbul etməsini istəyir. Məsələn, Türkiyə və təşkilat sabah deyə bilər ki, biz hərbi alyans qurmaq istəyirik. Bu isə Rusiyada, Çində, Avropa İttifaqında, Amerikada və İran tərəfindən təhdid kimi qiymətləndiriləcək. Azərbaycan tərəfi və Özbəkistan isə daha praqmatik, ehtiyatlı və realist yanaşmanı dəstəkləyir. Dövrün şərtləri nəzərə alınmalıdır. Bütün bu fərqli yanaşmalara baxmayaraq, təşkilatın inkişaf dinamikası davam edir. Məsələn, müşahidəçi ölkələr də var, Macaristan kimi Avropa İttifaqı və NATO üzvü olan ölkələr təşkilata müşahidəçi statusundadır. Türkmənistan  da müşahidəçidir, amma müəyyən hallarda tanıq hüququ əldə etməlidir. Şimali Kipir məsələsi var. Hazırda Türkiyə burada öz mövqeyini gücləndirmək istəyir. Digər Türk dövlətləri də bu məsələyə ehtiyatla yanaşır. Azərbaycan isə Şimali Kipirlə münasibətlərdə daha yaxşı mövqedədir. Hörmətli Ərsin Tatar Azərbaycanda səfərlər edir, Cənab Prezidentlə görüşür. Bu tip məsələlər müsbət tendensiyalardır. 
Təşkilata yeni üzvlərin qatılması mövzusu gündəmdədir. Kimlər üzv ola bilər və kimlərə bu status verilə bilər mövzuları müzakirə olunur. Dəyişən geosiyasi reallıqlar fonunda Türk Dövlətləri Təşkilatının inkişafı, yenilənməsi və yeni baxışların tətbiqi vacibdir. Radikal formada sürətlimi, yoxsa praqmatik və ehtiyatlı şəkildəmi inkişaf edəcəyi mövzusu gündəmdədir. Bu problemlər həll ediləcəyi təqdirdə təşkilatın gələcəyi parlaqdır. Hazırda isə fikir ayrılıqları mövcuddur və Azərbaycandakı görüşlərdə bu fikir ayrılıqlarının bir çoxu həllini taparsa,  həll olunarsa, bu yeni strateji mərhələnin başlanğıcı olacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr