AZ

Anar Quliyevdən memarlara MÜRACİƏT KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Memarlıq Günü ilə əlaqədar memarlara təbrik müraciəti ünvanlayıb.

KONKRET.az müraciətin mətnini təqdim edir:

Əziz və dəyərli memarlar!

Hər il oktyabr ayında qeyd olunan Ümumdünya Memarlıq Günü dünya memarlarının həmrəyliyini simvolizə etməklə yanaşı, memarlığın insan həyatında, mədəniyyətlərin inkişafında və şəhər mühitinin formalaşmasında oynadığı əvəzsiz rola bir daha diqqətimizi cəlb edir.

Memarlıq insanın ətraf mühitlə harmoniyasını təmin edən, mədəni dəyərlərin məkanla vəhdətini yaradan və dövrün sosial, iqtisadi və texnoloji mənzərəsini əks etdirən strateji sahədir.

Azərbaycanın memarlıq irsi – Şuşa, Gəncə, Naxçıvan, Bakı və digər şəhərlərimizdə qorunub saxlanılan qədim abidələr, milli üslubda inşa edilmiş məscidlər, karvansaralar, saraylar və yaşayış binaları bu sənətin əsrlər boyu formalaşmış və daim inkişaf edən zəngin ənənələrini nümayiş etdirir.

Bugün Azərbaycan memarlığı öz inkişafının yeni və dinamik mərhələsini yaşayır. Müasir memarlıq anlayışı “yaşıl” texnologiyalar, “ağıllı” infrastruktur və dayanıqlı şəhərsalma prinsipləri ilə sıx bağlıdır. Azərbaycan memarları zəngin ənənələri yaşatmaqla yanaşı aparıcı beynəlxalq trendləri mənimsəyərək, layihələri ilə sənətə ekoloji və texnoloji baxımdan yeni nəfəs gətirir, estetik gözəllik və funksionallığı birləşdirərək insan-mərkəzli müasir şəhərsalma yanaşmalarına üstünlük verirlər.

Sirr deyil ki, hazırda ölkəmizdə vüsət alan abadlıq və yenidənqurma işləri memarların bilik və bacarıqlarına ciddi ehtiyac yaradır, peşəkar memarlıq fəaliyyəti bu proseslərdə həlledici rol oynayır. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri – texnoloji yeniliklərin tətbiqi, milli memarlıq ənənələrinin müasirliklə sintezi və şəhər infrastrukturunun ilk növbədə insanın həyat keyfiyyəti tələbləri nəzərə alınmaqla planlaşdırılması memarlığın strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Bu gün memarlarımız Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin, ayrı-ayrı bina və komplekslərin layihələndirilməsi, tarixi irsin müasirliklə uzlaşdırılması, eləcə də ekoloji və innovativ həllərin tətbiqində fəal iştirak edirlər.

Məhz bu amilləri nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz növbəsində memarlıq sahəsinin davamlı inkişafını təmin etmək məqsədilə bir sıra ardıcıl təşəbbüslər irəli sürür. Bu təşəbbüslər beynəlxalq təcrübəyə çıxış imkanlarının genişləndirilməsi, peşəkarların dəstəklənməsi və potensialının artırılması, xüsusilə gənc memarların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilir. Bu çərçivədə təşkil olunan və artıq ənənə halını almış “Təməl” memarlıq müsabiqəsi sahə üzrə irəli sürülən innovativ ideyaların geniş ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu platforma bir tərəfdən gənc memarların yaradıcılıq potensialının üzə çıxarılmasına, digər tərəfdən isə təcrübəli mütəxəssislərin bilik və təcrübələrini daha böyük auditoriya ilə paylaşmasına, bununla da ölkəmizdə memarlığın daha da inkişafına və təbliğinə imkan yaradır.

Hörmətli memarlar!

Böyük məmnunluqla bir daha vurğulamaq istəyirəm ki, yüksək peşəkarlığa əsaslanan ciddi səyləriniz sayəsində şəhər və kəndlərimiz daha gözəl, rahat, təhlükəsiz və müasir məkanlara çevrilməkdədir. Bu qarşısıalınmaz prosesin aparıcı qüvvəsi olduğunuz üçün hər birinizin yaradıcılığı ilə qürur duyur, memarlıq sənətinin dayanıqlı inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirirəm.

Peşə bayramınız münasibətilə hamınızı ürəkdən təbrik edir, qədim memarlıq ənənələrini yaşadan və zənginləşdirən şərəfli fəaliyyətinizdə yeni zirvələr və nailiyyətlər diləyirəm!

Hörmətlə,

Anar Quliyev

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
konkret.az

3Mənbələr