AZ

Diqqətlər tarixi Azərbaycan şəhərində - “XXI əsr türk dövlətlərinin söz sahibinə çevrildiyi bir dövr kimi tarixə yazılır”

Hazırda Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirilir. Tədbir “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub.

Heç şübhəsiz ki, Zirvə Görüşü TDT-nin gələcəyi baxımından tarixi hadisələrdən biridir və bütün dünyaya türk dünyasından yeni birlik mesajları ünvanlacaq.

Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək, bu isə ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi olacaq.

QEBEL

Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb.

Təşkilatın üzvləri dəfələrlə təsdiq ediblər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Prezident İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib.

Bütün bunlardan çıxış etsək, ölkəmizin daha bir mötəbər tədbirə tarixi şəhərində ev sahibliyi etdiyini söyləmək olar. Şübhəsiz ki, dünyanın diqqəti də Qəbələyə yönələcək. Çünki TDT-nin varlığı bir çox dünya güclərini ciddi narahat edir.

“Türk Dövlətləri Təşkilatı regional həmrəylikdən qlobal güc mərkəzinə doğru inamla irəliləyir. Azərbaycan və türk dövlətləri arasında dərin tarixi əlaqələr bu gün də yüksələn xətlə inkişaf edir. Xalqlarımızı birləşdirən ortaq mədəni köklər və çoxəsrlik qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın möhkəm əsasını təşkil edir. Son 30 ildə Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirib. Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi və bu ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsidir. Prezident İlham Əliyev çıxışlarında daim bu birliyin əhəmiyyətinə xüsusi diqqət yönəldir.

“Dövlət başçımızın “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən aydın ifadəsidir. Prezident bu sözləri 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı prinsipial və qəti mövqeyini bütün dünyaya nümayiş etdirmişdi”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

KAMRAN.jpg

O xatırladıb ki, oktyabrın 6-7-də Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunur:

“Bu Zirvə Görüşü yalnız formal protokol tədbiri kimi deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdirildiyi tarixi hadisə kimi dəyərləndirilir. Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirir, əldə olunmuş nailiyyətləri müzakirə edir və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirirlər”.

Deputat diqqətə çatdırıb ki, Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçir və bu, ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqi kimi qiymətləndirilir. Zirvə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra ikitərəfli görüşləri keçirilir, rəsmi proqram çərçivəsində isə TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı baş tutur. Bu görüşlər yalnız protokol xarakteri daşımır, həm də yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyası ilə bağlı strateji müzakirələrin aparılması üçün mühüm platforma rolunu oynayır”.

K.Bayramov əlavə edib ki, gələcəkdə Türk Dövlətləri Təşkilatının (TDT) siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə çevrilməsi onu yalnız türkdilli ölkələr üçün deyil, həm də Avrasiya və Yaxın Şərq regionları üçün alternativ sabitlik mərkəzinə çevirir:

“Türk Dövlətləri Təşkilatı bu gün siyasi həmrəylik platforması, sabah isə qlobal güc mərkəzi kimi formalaşır. Bu yolda liderlik, iradə və strateji baxış artıq mövcuddur, indi isə həmin baxışı ortaq siyasi və iqtisadi reallığa çevirmək mərhələsi yaşanır. Bu proses, eyni zamanda, türk xalqlarının əsrlərlə arzuladığı birlik ideyasının reallaşması deməkdir. Türk Dövlətləri Təşkilatının inkişaf dinamikası göstərir ki, bu birlik yalnız tarixi və mədəni bağlılıqlara əsaslanmır, həm də gələcəyin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında real güc mərkəzi formalaşdırır.

Görünən odur ki, XXI əsr türk dövlətlərinin qlobal miqyasda söz sahibinə çevrildiyi bir dövr kimi tarixə yazılır”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
18
14
musavat.com

10Mənbələr