AZ

Xocalı canisi sabah təslim olacaq, yoxsa meydan oxuyacaq?..

Ermənistanın ikinci prezidenti Robert Köçəryan sabah, 7 oktyabrda mətbuat konfransı keçirəcək. Erməni mediası yazır ki, Konqres mehmanxanasında keçiriləcək mətbuat konfransının təfərrüatları hələlik məlum deyil. Eyni zamanda Köçəryanın ölkədəki vəziyyət, qarşıdakı parlament seçkiləri mövzusunda danışacağı şübhə doğurmur. O da istisna deyil ki, eks-prezident baş nazir Nikol Paşinyana meydan oxusun.

Xankəndi ermənisi, Xocalı canisi bir neçə gün öncə Moskvadan qayıdıb. Medianın məlumatına görə, Köçəryan budəfəki səfərində Kreml administrasiyasının rəhbər müavini, Ermənistan üzrə kurator sayılan Sergey Kiriyenko ilə görüşüb. “Hraparak” görüş zamanı Ermənistanın daxili siyasi vəziyyəti və növbəti seçkilərlə bağlı məsələlər müzakirə olunduğunu yazıb. İddialara görə, Köçəryan Kremldə “seçkilərdə uğur formulu”nu - müxalifətin birləşməsi, iqtidara qarşı geniş cəbhədə mübarizə və bu məqsədlə maliyyə vəsaitlərinin artırılması barədə təkliflərini Kremlə təqdim edib. Ancaq yazılanlara inansaq, kurator Kiriyenko Köçəryana heç bir konkret vəd verməyib, əksinə, “Kreml artıq Ermənistandan əlini üzüb” mesajını çatdırıb. Ancaq bu, reallığı nə qədər əks etdirir, demək çətindir. Ola bilər ki, kremldəkilər Köçəryanın səfərindən öncə prezident Putinlə görüşmüş Paşinyanı duyuq salmaq istəməyiblər. Həm də axı, Paşinyan məhz bu səfərin ardınca Nyu-Yorka uçmuşdu, BMT Baş Assambleyasındakı çıxışında Zəngəzur dəhlizi ifadəsinə görə narahatlığını ifadə etmişdi. Daha sonra da AŞ PA-dakı çıxışında Vaşinqtondakı razılaşmaya xələl gətirə biləcək mövqe sərgiləmişdi. Təbii ki, bu, həm də seçkilər ərəfəsində Putini neytrallaşdırmağa yönəlik jestlər sayıla bilərdi. Həmçinin son bir ayda Ukraynada döyüşən və Rusiyanın axtarışa verdiyi iki gürcünün Ermənistanda saxlanması da Kremlin xoşuna gəlməyə hesablanmış addımlara daha çox bənzəyir. Təsadüfi deyil ki, Ermənistandakı 102 saylı Rusiya hərbi bazasının çıxarılması mövzusunun müzakirəsinə belə lüzum görmür Paşinyanın komandası. XİN rəsmiləri tərəfindən bu məsələyə ehtiyatlı yanaşma təsadüf sayıla bilməz. Eyni yanaşma Ermənistanın KTMT-dən çıxmasına münasibətdə də sərgilənməkdədir. Paşinyan 2026-cı il seçkiləri ərəfəsində Rusiyanı qıcıqlandıracaq bütün məsələləri “dondurub”. Şübhəsiz ki, qarşılıqlı anlaşma öz sözünü deyib. Əks təqdirdə Rusiya rəhbərliyi niyə Ermənistanla ticarət dövriyyəsinin artmasını başqalarına nümunə kimi tez-tez təkrarlayır? Paşinyan Rusiya üçün doğrudan da pis idisə, onda necə olur iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard dolların üstündə qərar tutur? Məntiqlə əksi olmalı idi axı. Hətta kilsənin və faktiki olaraq qarşıdakı mübarizənin donoru funksiyasını həyata keçirən Rusiya vətəndaşı, erməni milyarder Samvel Karapetyanın həbs edilməsi də Rusiyanın “tükünü tərpətmədi”. Yeri gəlmişkən, məşhur “Forbes” nəşrinin siyahısına əsasən hazırda Samvel Karapetyanın 4 milyard dollar sərvəti var və o, digər Rusiya vətəndaşı, həmçinin soydaşı Albert Avdolyandan sonra bütün dünyada ən zəngin erməni əsilli şəxsdir. Paşinyan belə böyük imkan sahibini dəmir barmaqlıqlar arasında saxlayır, amma Kreml sadəcə müşahidə edir.

Səbəblər barədə müxtəlif fikirlər söyləmək mümkündür. Təxmin etmək olar ki, belələri Kreml üçün sadəcə “qurbanlıq”lardır. Necə ki, vaxtilə Rusiya rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil tanıdığını bəyan edəndən sonra erməni milyarder Ruben Vardanyanı “xüsusi təlimat əsasında” Qarabağa göndərdi, özü də onu vətəndaşlıqdan “könüllü şəkildə” məhrum etməklə. Amma aydın görünürdü ki, Kreml Ruben Vardanyanı Paşinyanı əvəzləməkdən ötrü Qarabağa yollayıb. Necə ki, Robert Köçəryanı, Serj Sərkisyanı Qarabağdan Ermənistan rəhbərliyinə aparmışdılar, bu dəfə də eyni ssenarini həyata keçirmək istəyirdilər. Arzu qursaqda qaldı, Azərbaycan dövlətinin qətiyyəti nəticəsində. Vardanyan bu gün Ədalət Məhkəməsi qarşısında cavab verir.  

İstisna deyil ki, Samvel Karapetyan üzərində qurulmuş ssenarinin də icrasının mümkünsüzlüyünü Rusiyada anladıqları üçün məsələni çox qabartmırlar. Təkcə ona görə yox ki, Paşinyan komandası ilə vaxtaşırı dil tapa bilirlər və Qərbdən də maliyyə dəstəyi almaq hesabına Rusiyanı əlavə xərclərdən azad etmiş Ermənistanın “qərbyönümlü” sifətini qoruyub-saxlamasına şans tanımağın qarşılığında İrəvanla ticarət dövriyyəsini bir neçə dəfə artırıblar. Əsas odur qazanc olsun, nə fərqi var, Paşinyan, yoxsa başqa yan...

Kremlin Karapetyan ssenarisini bir kənara qoymasında Azərbaycan faktoru unudulmamalıdır. Xatırladaq: Azərbaycan Prokurorluğu 2021 ci ildə S.Karapetyan barəsində Cinayət Məcəlləsinin 5 maddəsi (100.1,  218.1,  228.3,  279.1 və 206.4-cü) ilə cinayət işi açıb və o, beynəlxalq axtarışa verilib. Digər tərəfdən o, Rusiya prezidenti Vladimir Putinə yaxın olan iş adamı kimi ABŞ-nin sanksiya siyahısına salınıb. Bütün məsələləri “0”-dan başlamaq lazım gələcək.

Robert Köçəryana gəldikdə, Xocalı canisi Azərbaycan onun və digər qatillərin mühakimə olunmasında təkidlidir və bir gün ədalətin bərqərar olunacağına şübhəmiz yoxdur. 80-ci illərin sonlarından Azərbaycana qarşı saysız cinayətlərə yol vermiş Köçəryanın hakimiyyətə qayıdışı bölgədə hansı vəziyyət yaradacaq? Heç şübhəsiz, Kremldə bu barədə də müzakirələr aparılıb. Təsadüfi deyil ki, “Ermənistan” blokunun deputatı Aqnesa Xamoyandan Köçəryanın Moskvada olub-olmaması və Kiriyenko ilə görüşüb-görüşməməsi barədə şərh verməkdən belə imtina edib. Unutmamışıq, Putin hətta həbsdə olduğu zaman Köçəryana ad günü təbriki yollayırdı. Ermənistana səfər edərkən də “dostu”nun arvadı ilə İrəvan hava limanında görüşmüşdü. Bu, Paşinyan hakimiyyətinə açıq təzyiq idi. İndi isə görünür Paşinyan Kreml üçün də daha sərfəli fiqurdur, üstəlik Qərbə doğru “bir addım irəli, iki addım geri atır”.

Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və bir sıra sabiq yüksək vəzifəli şəxslərə qarşı sonuncu dəfə avqust ayında iddia qaldırıb. İddiaya əsasən, 2008-ci il prezident seçkilərindən sonra 1 mart hadisələri zamanı zorakılıq qurbanlarına və onların ailələrinə ayrılmış 670 milyon dram məbləğində kompensasiyanın dövlətə geri qaytarılması tələb olunur. Prokurorluğun iddiasında Köçəryanla yanaşı, həmin dövrdə Təhlükəsizlik Şurasının katibi olmuş Armen Gevorqyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyran Ohanyan və müdafiə nazirinin müavini Yuri Xaçaturovun da adı yer alır. Köçəryan daim pressinq altında saxlanılır. Yəqin sabahkı brifinqdə Robertin nə deməsinə uyğun onunla bağlı addımlar atılacaq.

Diqqətçəkən bir məqam da var: Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bir müddət öncə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşərək Rusiya ilə ittifaqın dərinləşdirilməsi, yeni siyasi hərəkatın yaradılması və Paşinyana qarşı əməkdaşlıq məsələlərini müzakirə etmişdi. Ondan sonra Köçəryan Moskvaya uçdu... Ter-Petrosyan paralel olaraq Rusiya səfiri ilə də görüşmüşdü.

Nikol Paşinyana qarşı parlamentdə impiçment elan etmək gücündə olmayan Köçəryan vurnuxur, nələrsə etməyə çalışır. Amma hətta Paşinyanı müdafiə etməyən ermənilər belə, Qarabağ klanının cani liderlərinin ardınca getmək istəmirlər. Belə birisini Rusiya hansı ağılla hakimiyyətə qaytarmaq istəyər?..Beləsi sadəcə qəzəbli halında quyruğunu gəmirməyə çalışan məlum canlını xatırladır... Köçəryan mundar ömrünün qalan hissəsini həbsxanada çürütməməkdən və oğlu Levonu mandatsız qoymamaqdan ötrü siyasi mübarizədən çəkildiyini də elan edə bilər...

Seçilən
9
musavat.com

1Mənbələr