AZ

16 il parlamentin döşəməsini yuyan qadının sirri ifşa olundu – işdən qovuldu

Böyük Britaniyada inanılmaz hadisə üzə çıxıb – 16 il ərzində gecələr parlamentdə, gündüzlər isə “Deutsche Bank”da çalışan nigeriyalı qadın Mulikat Oqumodede işdən azad edilib.

Musavat.com-un xəbərinə görə, məlum olub ki, qadın 2008-ci ildən 2024-cü ilə qədər ardıcıl olaraq iki tam ştat işdə çalışıb: səhərlər saat 08:00-dan 17:00-dək bankda, gecələr isə 22:00-dan 06:00-dək parlamentin binasında döşəmə yuyub.

Oqumodede yalnız həftəsonları dincələ bilirmiş, amma buna baxmayaraq, 20 ilə yaxın fiziki iş rejimində heç vaxt işə gecikməyib, xəstəlik vərəqəsi götürməyib.

2004-cü ildən “Churchill Contract Services” təmizlik şirkətinin işçisi olan qadının sirri 2024-cü ilin mayında şirkət parlamentlə yeni müqavilə bağlayanda “aşkar olunub”. Məlum olub ki, o, əmək qanunlarına zidd olaraq iki yerdə tam ştat işləyirmiş.

Qaydalara görə, işçilər növbələr arasında ən azı 11 saat fasilə götürməlidirlər. Şirkət rəhbərliyi bunun pozulmasının “əmək qəzası və sağlamlıq risklərinə” səbəb ola biləcəyini əsas gətirərək qadını işdən çıxarıb.

Lakin Oqumodede qərarla razılaşmayıb və məhkəməyə müraciət edib. O bildirib ki, “həftəsonları kifayət qədər dincəlir və özünü çox yaxşı hiss edir.”

Bu hadisə Britaniya ictimaiyyətində böyük rezonans doğurub – bir çoxları qadının bu qədər səssiz, fədakar əməyinin “cəzalandırılmasını” ədalətsiz hesab edir. Digərləri isə qaydaların pozulmasının təhlükəli olduğunu vurğulayır.

London sosial şəbəkələrində isə onu artıq “Westminsterin görünməz qəhrəmanı” adlandırırlar.

Musavat.com

Seçilən
8
1
musavat.com

2Mənbələr